NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək

...

Həftəsonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı proqnozlaşdırılır. Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal edilir. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək.

“Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - deyə xidmətin rəis müavini bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.

Nəşr edilib : 25.06.2026 17:30