NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Həsən bəy Zərdabi “Əkinçi” ilə bir qığılcım yandırıbsa, biz həmin qığılcımı alova çevirməyə borcluyuq…

...

Bir gənc jurnalist kimi sevinirəm ki,  Azərbaycanda jurnalistikanın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Hərtərəfli dövlət dəstəyi, qanunvericilik təşəbbüsləri, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımlar, Media haqqında qanun, Medianın İnkişafı Agentliyinin fəaliyyəti mətbuatın daha sistemli və keyfiyyətli inkişafına zəmin yaradır. Əlbəttə, bütün bu imkanlarla yanaşı, jurnalistin şəxsi məsuliyyəti, peşəsinə olan münasibəti də önəmlidir. Peşəkarlıq yalnız texniki biliklərlə ölçülmür, vicdanla, prinsipial mövqe ilə tamamlanır.   
Bu gün Jurnalistika ixtisasında təhsil alan, eyni zamanda fəaliyyət göstərən bir tələbə olaraq bu 150 illik tarixin məsuliyyətini dərindən hiss edirəm. Jurnalistika mənim üçün təkcə xəbər yazmaq yox, həm də cəmiyyətə xidmət etmək, insanlara səs olmaq vasitəsidir. Yazdığım hər yazıda kimsə öz problemlərini, kimsə öz uğurlarını görə bilər. Qələmimin gücünə, sözümün təsirinə inanıram. Çünki bu inam məhz 150 il əvvəl başlayan mətbuat tarixindən gəlir. Həsən bəy Zərdabinin “Əkinçi” ilə başlatdığı bu yolun davamçısı olmaq həm qürurverici, həm də məsuliyyətlidir.
Elə mətbuatın 150 illiyi çərçivəsində keçirilən tədbirlərdən biri olan “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” jurnalistika tələbələri üçün unudulmaz təcrübə oldu. Bu festival mənim kimi gənc və gələcək jurnalistlər üçün yalnız hər hansı bir tədbir yox, həm də öyrənmək, ilham almaq və peşəkarlarla bir araya gəlmək fürsəti idi.
Festivalda ölkənin tanınmış jurnalistləri, qəzet və jurnal redaktorları və televiziya simaları ilə bir araya gəldik. Onlarla ünsiyyət, mətbuat cəfakeşi olan belə insanların təcrübələrini dinləmək mənə bu sahənin nə qədər məsuliyyətli və eyni zamanda nə qədər ilhamverici olduğunu bir daha göstərdi. Bu görüşlər mənə göstərdi ki, jurnalist olmaq təkcə məlumat ötürmək deyil, həm də ictimai vicdanı təmsil etməkdir.
“MEDİAFEST” zamanı keçirilən görüşlərdə bizə müasir jurnalistikada faktların yoxlanması, mənbə etibarlılığı, etik davranış qaydaları, sosial medianın imkanları və təhlükələri kimi vacib mövzulardan danışıldı. Həm nəzəri biliklərimizi təzələdik, həm də real praktik nümunələrlə tanış olduq. 
Festival həm də bizim, jurnalistika tələbələrinin bir araya gəlib fikir mübadiləsi apardığı, gələcəyə dair arzuları bölüşdüyü bir məkan idi. Bəzilərimiz qəzet jurnalistikasında işləmək istəyir, bəzilərimiz televiziyada, bəzilərimiz isə yeni medianın imkanlarını araşdırırıq. Amma hamımızı birləşdirən bir məqsəd var: sözün gücünə inanırıq və bu gücdən düzgün istifadə etmək istəyirik.
Məhz bu tədbirdə bir daha əmin oldum ki, 150 illik zəngin mətbuat tarixinin davamçısı olmaq bizim üçün yalnız şərəf deyil, həm də borcdur. Bu borc  doğru informasiya yaymaq, insanlara həqiqəti çatdırmaq və cəmiyyətə vicdanlı xidmət göstərmək borcudur.
“MEDİAFEST”in sonunda düşündüm: Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” ilə bir qığılcım yandırdısa, biz bu gün həmin qığılcımı alova çevirməyə borcluyuq. Mən də bu məşəlin daşıyıcısı olmalıyam: dürüst, vicdanlı və prinsiplərinə sadiq bir jurnalist kimi.
Mətbuatın 150 illiyi təkcə yubiley deyil, həm də hesabatdır. 150 illik tarix təkcə keçmişə baxmaq üçün deyil, həm də gələcəyi planlamaq üçündür. Nə qədər ki cəmiyyətdə sözə ehtiyac var, nə qədər ki haqsızlığa qarşı susmayanlar var, mətbuat yaşayacaq. Azərbaycan mətbuatı da bu yaşını bu ruhla qeyd edir: şərəfli, mübariz və qürurlu.

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 22.07.2025 14:21