Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həla...
23:12 23.05.2026
0
0
0
NAXÇIVAN :
24 May 2026, Bazar
İnsanı öz kökünə, torpağına və millətinə bağlayan tellər bəzən, sadəcə, bir cümlə ilə daha da möhkəmlənir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu kəlmələr Azərbaycanın müasir tarixinə yalnız bir sitat kimi deyil, bir millətin özünüdərk andı kimi həkk olunub. Çoxumuz üçün bu sözlər eşidiləndə qulaqlarımızda tanış və əzəmətli bir səs duyulur. Mənim üçün isə bu sətirlər uşaqlıq illərinin mavi ekranlarından süzülüb gələn bir heyranlığın, böyük şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyevə duyulan sarsılmaz rəğbətin və sonsuz bir doğmalığın ifadəsidir.
Bu kəlmələrin hansı sınaqlardan keçərək deyildiyini, o fəxarət hissini Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olanda daha dərindən dərk edirik. Burada bizi sadəcə, tarix deyil, sanki canlanmağa hazır olan bir xatirə seli qarşılayır.
Muzeyin hər guşəsində zamanın nəbzi bir nöqtədə donub qalıb. Burada bütün saatların əqrəbləri 2003-cü ilin 12 dekabrına, Bakı vaxtı ilə saat yeddiyə səkkiz dəqiqə qalmışa köklənib. Bu sadəcə, təqvimin bir günü, saatın adi bir dəqiqəsi deyil; bu, bir millətin atasını cismən itirdiyi, böyük bir ömrün əbədiyyətə qovuşduğu andır. Muzeydəki saatların məhz həmin anı dondurması Ulu Öndərin fiziki yoxluğunun gətirdiyi sükutu və Ona olan sonsuz ehtiramı hər addımda bizə hiss etdirir.
Zalları dolaşarkən Heydər Əliyevin böyük bir incəliklə çəkdiyi o kiçik rəsm əsəri diqqətimi cəlb etdi. Qardaşının qonşu qızı olan Zərifə xanımın doğum gününə həsr etdiyi bu portret, Onun təkcə polad iradəli bir lider deyil, həm də gəncliyində rəssam olmaq arzusu ilə yaşayan incə ruhlu bir sənətkar olduğunu göstərir. İş otağında çalışarkən istifadə etdiyi əşyalar olan guşəyə gəldikdə isə hər bir imzanın arxasındakı o böyük məsuliyyətdən bəhs edən qələmdanlığını, masasının üzərini nuru ilə aydınladan və indi gənclərin yolunda sönməyən məşələ çevrilən tarixi neft çırağını görürəm. Lakin bir küncdə dayanan o telefonun sükutu digərlərindən daha dərin eşidilir. O sanki şüşə arxasından bizə pıçıldayır: “Məni görürsünüzmü? İndi burada, bu şüşə arxasında nə qədər sakit, nə qədər hərəkətsiz durmuşam... Amma bir vaxtlar mən bu millətin nəfəsini, həyəcanını və ümidini daşıyırdım. Mən heç susmazdım. 1991-1993-cü illərin o şaxtalı, qaranlıq Naxçıvan gecələrində o böyük insanın əli mənə toxunanda sanki canlanırdım. Mənim simlərimdən keçən hər kəlmə xalqın taleyini təyin edirdi. O, dəstəyi qaldıranda otağa bir inam yayılardı. İndi isə bu muzeydə Onun səsinin, əlinin izini saxlayıram. Zənglərim kəsilib, amma yaddaşım doludur. Mən sadəcə, rabitə vasitəsi deyildim, mən o çətin illərdə xalqla Lider arasındakı ən yaxın sirdaş idim. İndi bu sükutumla sizə o günlərin vüqarını danışıram”.
Muzeyin ən təsirli eksponatlarından biri də Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvanın ən ağır sınaqlarla üz-üzə qaldığı vaxtlarda geyindiyi kostyum dəstidir. Lakin bu geyimi sıradan bir libasdan çıxarıb mənəvi bir zirvəyə ucaldan detal onun cibində gizlənib. Heydər Əliyevin daim qəlbinin üstündə, kostyumun cibində gəzdirdiyi o balaca ölçülü “Qurani-Kərim” sanki onun ən sadiq sirdaşı və sarsılmaz dayağı olub. O, taleyüklü qərarlar verərkən, millətin gələcəyi üçün ağır məsuliyyət daşıyarkən bu müqəddəs kitabı özü ilə daşımaqla sanki mənəvi gücünü və inancını hər şeydən üstün tutduğunu göstərirdi. Bu sadəcə, bir dinə bağlılıq deyil, həm də xalqın mənəvi dəyərlərinə, köklərinə və inancına olan dərin ehtiramın ifadəsi idi.
Burada olan hər guşə bir xatirə, hər eksponat bir dastan olsa da, bir nümunə var ki, onun qarşısında insanın nəfəsi kəsilir, ürəyi qürurla döyünməyə başlayır. Bu, 1990-cı ildə keçirilən o tarixi sessiyada dahi rəhbərin əllərində ucalan üçrəngli bayrağımızdır. Muzeydə həmin bayrağın qarşısında dayananda sanki o sessiya zalındakı coşqunu, insanların gözlərindəki ümidi və rəhbərin sarsılmaz səsini eşidirsən.
Muzeyin qarşısında Ulu Öndərin əzəmətlə ucalan abidəsinin yanında qədim Naxçıvanın aydın səmasında dalğalanan zəfər bayrağımız ekspozisiyada gördüyümüz o tarixi bayrağın sarsılmaz və qüdrətli davamıdır. O gün həmin zalda bir ümid kimi doğan o üç rəng bu gün daha böyük bir vüqarla dalğalanır. Bu mənzərə ruhumuzdakı vətənpərvərlik alovunu daha da coşdurur və bizə bir daha xatırladır: içəridə tarixinə şahidlik etdiyimiz o nur və o bayraq bu gün gələcəyə doğru əmin addımlarla addımlayan yolumuzun əbədi qürur mənbəyidir. Ötən əsrin əvvəlində dahi rəhbərin əllərində göylərə yüksələn bayrağımızı Onun layiqli davamçısı, Müzəffər Sərkərdə İlham Əliyev Şuşada, Laçında dalğalandırdı.
Səmayə RƏSULOVA
Digər xəbərlər