NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

İllər sonra ilk dəfə “Son zəng”, bir məzun

...

İllər öncə, 1992-ci ildə Kəlbəcər şəhər tam orta məktəbinin məzunları 10 illik yolun sonuna çatacaqları, “Son zəng”in səsi ilə gənclik həyatlarına qədəm qoyacaqları günü həvəslə gözləsələr də, düşmənin fitnəsi onlara bu sevinci yaşamağa imkan vermədi. Həmin il Kəlbəcərin məktəblərində “Son zəng”in səsi yox, silah səsləri eşidildi. Neçə arzuları, neçə istəkləri yarımçıq qoydu müharibələr...
17 yaşlı Vəsilə Cəfərova da onlardan biri idi. İllər sonra yenə eyni yerdə, həmin məktəbdə keçmiş günləri yada salır Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəsilə xanım: “Mənfur düşmən çox insanların arzularını yarımçıq qoydu. 1992-ci ilin məzunları idik biz. Həmin illərdə Laçın, Şuşa işğal edilmişdi, Kəlbəcər güclü hücuma məruz qalırdı. Qarabağda həmin il hələ məktəbli olan onlarla gənc səngərdə Vətənin müdafiəsində idi. Onların qismətinə Vətəni dardan qurtarmaq yazılmışdı. Aylarla gedən döyüşlərdə, çox təəssüf ki, Kəlbəcər xainlərin əli ilə peşkəş oldu düşmənə. 27 il dağı-daşı haray qopardı Kəlbəcərin. Pərən-pərən oldu kəlbəcərlilər. Kimisi yataqxanalarda, kimisi çadır şəhərciklərində 27 il yaşadı. Biz xəyallarımızdan əl çəkmədik, təhsilimizi davam etdirdik. Mən illərlə Bakı şəhərində, Bərdə, Yevlax rayonlarında müəllim, direktor işlədim. 27 il sonra ilk dəfə partada əyləşib “ana”, “Vətən” sözlərini yazdığım məktəbə qayıtdım. Bu il may ayının 31-də, 1992-ci ildə bu məktəbdə “Son zəng”i səsləndirə bilməyən məzunlar azad olunmuş Kəlbəcərdə öz doğma məktəbinin qapılarını açdı və həmin “Son zəng”i səsləndirdi. Onların arasında mən də var idim. Bu gün fəxrlə dilə gətirirəm ki, məktəbin 114 şagirdindən birini, illər sonra ilk və tək məzunumuz Nəzrini müstəqil həyata yola salırıq. Dövlətimizə minnətdarlıq hissi ilə, şəhidlərimizin ruhu qarşısında baş əyərək”.
Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin illər sonrakı ilk məzunu Nəzrin Atakişiyevanın anası Gülnar xanım məktəbin ingilis dili müəllimi, atası isə Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır. O, Gəncə şəhərində dünyaya gəlib. Kəlbəcərsiz kəlbəcərli olaraq böyüyüb. Deyir ki, onun üçün Kəlbəcər bir nağıl, bir əfsanə olub. Orta məktəbə ilk addımını Gəncə şəhərində atanda, əli qələm tutub Vətən yazanda, Kəlbəcərin uca dağları, sıx meşələri, zəngin yataqları haqqında məlumat alanda bir gün buraya gələcəyinin xəyalı ilə böyüyüb. Nəhayət, vaxt gəlib, vədə yetişəndə, Kəlbəcər şəhərinə köçəndə, yurda qayıdanda buranın xəyallarında yaratdığı yerdən də gözəl olduğunu görüb: “İllər öncə susan zəng yenidən səslənir. Və mən 11-ci sinfi burada – doğma torpağımda, Kəlbəcərdə bitirirəm. Bu mənim ən böyük sevincim və unudulmaz anımdır. Vətəndən pay verməyib ömrünü torpağa qurban verən oğulların sayəsində bu gün yurdumuz dirçəlir. Mən də alitəhsilli xanım olaraq arzuma çatmaq yolunda çalışıb, doğma Kəlbəcərimə qayıdıb dövlətimizə xidmət edəcəm”. 
Bu gün azad edilmiş torpaqlarda fəaliyyətə başlayan 8 məktəb ilk məzunlarını yola salır. “Son zəng” Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin, Cəbrayıl rayon Horovlu kənd tam orta məktəbinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin, Ağdam rayon Kəngərli və Sarıcalı kənd tam orta məktəblərinin (Sarıcalı məktəbi Kəngərli məktəbinin sinif komplekti kimi), eləcə də Ağdərə rayon  Həsənriz və Vəngli kənd tam orta məktəblərinin (Vəngli məktəbi Həsənriz məktəbinin sinif komplekti kimi) məzunları üçün çalınır. 
İllərlə həsrətdə qalan bu torpaqlarda bu gün səslənən “Son zəng” yeni yolların başlanğıcı, yeni üfüqlərin, yeni zirvələrin fəthi, dövlətimizin Vətənin bütövlüyü uğrunda apardığı mübarizə yolunda qazandığı qələbələrin təntənəsidir. 


Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 13.06.2026 16:24