NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

İndoneziya səfirliyi Bakıda biznes-forum təşkil edib

...

Noyabrın 24-də İndoneziyanın Bakıdakı səfirliyi “İndoneziya ilə biznes quraq” (“Let’s Do Business with Indonesia”) mövzusunda biznes-forum təşkil edib.

"Şərq qapısı" xəbər verir ki, tədbirin əsas məqsədi İndoneziyanın iqtisadi potensialını nümayiş etdirmək, eləcə də Cənubi Qafqaz regionunda İndoneziyanın aparıcı məhsul və xidmətlərinin bazara çıxış imkanlarını genişləndirmək olub. Forumda iştirak edən Azərbaycan işgüzar dairələrinin nümayəndələri və digər maraqlı tərəflər ticarət sahəsində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinə əsaslanan iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

“İndoneziya və Azərbaycan əhəmiyyətli iqtisadi potensiala malikdir. Lakin bu potensial hələ ki, ikitərəfli ticarət və investisiyaların mövcud səviyyəsində tam əksini tapmayıb. Biz forum vasitəsilə ənənəvi olaraq əməkdaşlığımızın əsas istiqamətlərindən biri olan enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı, qida və içki sənayesi, turizm, istehsalat və yaradıcı iqtisadiyyat da daxil olmaqla, qeyri-neft-qaz sektorlarında da konkret tərəfdaşlıqların qurulmasına nail olmağı ümid edirik”, – deyə səfir qeyd edib.

Tədbir çərçivəsində səfir Berlian Helmi İndoneziyanın iqtisadi potensialı və qabaqcıl məhsulları haqqında təqdimatla çıxış edib, həmçinin hər il keçirilən “Trade Expo Indonesia” (TEI) beynəlxalq ticarət sərgisi barədə məlumat verib.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin sektor müdiri Urfan Nəbiyev iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, həmçinin İndoneziya sahibkarlarını ölkənin qabaqcıl məhsullarını Azərbaycan bazarında tanıtmağa və birgə müəssisələrin yaradılması da daxil olmaqla, potensial biznes əməkdaşlığı imkanlarını araşdırmağa dəvət edib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) beynəlxalq əlaqələr və dayanıqlı inkişaf departamentinin rəhbəri Aytac Talıblı iki ölkə arasında ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib.

Nəşr edilib : 24.11.2026 15:46