NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

İordaniya mediasında Ümummilli Liderin vəfatının 22-ci ildönümü ilə əlaqədar məqalələr dərc edilib

...

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi səhifəsində, ölkənin aparıcı “Əl-Rəy”, “Əl-Dustur”, “Əl-Ənbat” və “The Jordan Times” hökumət qəzetlərinin elektron səhifələrində, eləcə də geniş oxucu kütləsinə malik “johinanews.com”, “nbnjo.com”, “nayrouz.com”, “jordanzad.com”, “albaladnews.net”, “jordandaily.net” və “maqar.com” xəbər portallarında Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar məqalələr dərc edilib.
“Şərq qapısı” xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin məlumatına istinadla yayımlanan məqalələrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, siyasi və iqtisadi islahatların həyata keçirilməsi və ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması istiqamətində misilsiz xidmətlər göstərdiyi vurğulanıb. Onun zəngin irsinin bu gün də Azərbaycan xalqı üçün milli dəyər olaraq qaldığı qeyd olunub.
Məqalələrdə, həmçinin Ümummilli Liderin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və nəticədə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandığı bildirilib. Heydər Əliyevin təhsil, elm və energetika strategiyası ölkənin inkişafının dayaqları kimi xüsusilə önə çəkilib.
Eyni zamanda məqalələrdə Heydər Əliyevin uzaqgörən xarici siyasətinin Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb. Xüsusilə 1994-cü ildə mərhum Kral Hüseyn ibn Talal ilə keçirilmiş görüşün ikitərəfli münasibətlərin təməl daşlarından biri olduğu bildirilib. Əmman şəhərinin küçələrinin birinə Heydər Əliyevin adının verilməsi, Bakıda isə Kral Hüseyn ibn Talalın adının əbədiləşdirilməsi dostluq münasibətlərinin bariz rəmzi kimi qiymətləndirilib.
Yazılarda 2025-ci ilin noyabr ayında Bakıda keçirilmiş Azərbaycan-İordaniya Hökumətlərarası Birgə Komissiyasının 4-cü iclası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirən sənədlərin imzalanmasının iki ölkə arasında tərəfdaşlığın inkişafında mühüm mərhələ təşkil etdiyi qeyd olunub.
Məqalələrdə Heydər Əliyevin həyat yolu və siyasi irsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşadığı və ölkənin inkişaf strategiyasına istiqamət verən mühüm ideya mənbəyi olaraq qaldığı barədə məlumat da öz əksini tapıb.

Nəşr edilib : 11.12.2025 20:13