NAXÇIVAN :

27 Oktyabr 2026, Çərşənbə axşamı

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir

...

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində təcrübəsi multikultural dəyərlərin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal qarşıdurmaların dərinləşdiyi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır.

"Şərq qapısı" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumda bildirib.

Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfələr verir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq forumlar yalnız fikir mübadiləsi platforması deyil, həm də ölkəmizin təcrübəsinin dünya ictimaiyyətinə təqdim olunması baxımından əhəmiyyətlidir.

İsa Həbibbəyli vurğulayıb ki, müasir dünyada müharibələrin, qarşıdurmaların və qütbləşmənin artdığı bir şəraitdə dialoq, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafı, multikultural dəyərlərin qorunması və təşviqi istiqamətində öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür.

AMEA prezidentinin fikrincə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrin nümayəndələri, alimlər, mədəniyyət xadimləri və ədəbiyyat təmsilçiləri arasında fikir mübadiləsi aparmaq, dünya təcrübəsini öyrənmək və qlobal problemlərə ortaq yanaşmalar formalaşdırmaq üçün mühüm imkan yaradır. Akademik bildirib ki, forum çərçivəsində aparılan müzakirələr müasir dünyada dialoqun əhəmiyyətinin daha dərindən dərk edilməsinə, xalqlar arasında həmrəyliyin gücləndirilməsinə və ortaq gələcək naminə əməkdaşlığın inkişafına töhfə verəcək.

İsa Həbibbəyli əminliklə bildirib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün, inkişafın, tərəqqinin və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli nəticələrə yol açacaq.

Nəşr edilib : 27.10.2026 15:45