NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

IX Fizika və lirika ədəbi-bədii tədbiri Xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr edilib

...

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evində AMEA alimlərinin “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı ədəbi-bədii tədbiri keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

AMEA, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), AYB və Akademiyanın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbir Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilib.

Əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.

Ədəbi-bədii tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev çıxış edərək Səməd Vurğun irsinin bu gün aktuallığını qoruduğunu və yeni nəsillər üçün mənəvi məktəb rolu oynadığını söyləyib. O, çıxışında Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq yubiley tədbirlərinin geniş şəkildə qeyd olunduğunu deyib. Bildirib ki, AYB-nin Səməd Vurğun adına Yaradıcılıq Evi də müasir infrastrukturu ilə alimlərin, yazıçıların və yaradıcı ziyalıların görüşləri, elmi-mədəni tədbirləri və yaradıcılıq mühitinin inkişafı üçün əlverişli şərait yaradır. Mərkəzin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idarəçiliyinə verilməsi dövlətin AHİK-ə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış rəqəmsal məlumat bazasının təqdimatı keçirilib.

Daha sonra AYB-nin sədri, Xalq yazıçısı Anar “Səməd Vurğunun yaradıcılığında və fəaliyyətində sosial mədəni həyat” mövzusunda çıxış edib. O vurğulayıb ki, Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həm də humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün də aktuallığını qoruyub saxlayır.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Elm və ədəbiyyat: Xalq şairi və akademiklik missiyası” mövzusunda məruzə ilə çıxış edib. O, Səməd Vurğunun yaradıcılığının Azərbaycan poeziyasının, dramaturgiyasının və ədəbi fikrinin inkişafında mühüm mərhələni təşkil etdiyini bildirib. Akademik vurğulayıb ki, Səməd Vurğun təkcə böyük şair deyil, həm də görkəmli alim və ictimai xadim olub, ölkənin elmi-mədəni həyatına mühüm töhfələr verib.

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında Səməd Vurğun adına Yaradıcılıq Evinin Azərbaycan ədəbi mühitində xüsusi yeri olduğunu söyləyib. Bu məkanın yaddaşlarda xoş xatirələrlə qaldığını qeyd edərək, burada müxtəlif illərdə gənc yazıçıların seminarlarının, ədəbi müzakirələr və yaradıcı görüşlərin keçirildiyini xatırladıb.

Daha sonra Türkiyənin Erzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Pakistanın Lahor Dövlət Kollec Universitetinin Dil, İslam və Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrasının dosenti Almas Xanım çıxış ediblər. Səməd Vurğunun yaradıcılığının təkcə Azərbaycanda deyil, bütün türk və Şərq ədəbi-mədəni məkanında mühüm yer tutduğunu vurğulayan qonaqlar görkəmli şairin zəngin ədəbi irsinin müxtəlif ölkələrdə də tədqiq olunduğunu və xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Nəşr edilib : 31.07.2026 21:00