NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Jalə Mirzəyeva: “Prezidentimizin milli-mənəvi dəyərlərimizə həssas münasibəti”

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2025-ci il  tarixli “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında”  Sərəncamı Naxçıvan Muxtar Respublikası “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi  kollektivinin, eləcə də mədəniyyət işçilərinin sevincinə səbəb oldu. Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Muxtar Respublikası “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyeva deyib. 

Jalə Mirzəyeva qeyd edib ki, şəhərimizin ən gözəl guşələrindən birində - Əcəmi seyrəngahında yerləşən əsrlərə, qərinələrə meydan oxuyan əzəmətli Möminə xatın abidəsi bu gün hər bir naxçıvanlının, qədim yurdumuza gələn qonaqların ən çox üz tutduqları ünvandır. Möhtəşəmliyin, zərifliyin, itirilməyən mənəvi dəyərlərin simvoluna çevrilmiş bu abidə bu gün daha qürurla başını qaldırıb tarixə, uzun illərin keşməkeşlərinə meydan oxuyur.

Qeyd edim ki, Əcəminin bu gün Şərqin ən nadir klassik memarlıq nümunələri sırasında duran Möminə xatın türbəsi 1186-cı ildə inşa olunub. Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə ucaldılan bu nadir tikilini fərqləndirən cəhət, ilk növbədə, onun yeraltı və yerüstü hissədən ibarət olmasıdır. Onu da qeyd edək ki, bu memarlıq üslubu ilk dəfə Əcəmi tərəfindən işlədilmişdir. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirləri çərçivəsində Möminə xatın türbəsini ziyarət edərkən demişdir: “Düzdür, bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması üçün qərar qəbul edə bilərdilərmi?”

Fürsətdən istifadə edib Naxçıvan Muxtar Respublikası “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin  kollektivi adından Prezidentimiz cənab ­İlham Əliyevə, dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Bu sərəncam qədim diyarımızın tarixinə və mədəniyyətinə göstərilən qayğının davamıdır. Bu da Prezidentimizin milli-mənəvi dəyərlərimizə həssas münasibətindən xəbər verir.

Jalə MİRZƏYEVA

Naxçıvan Muxtar Respublikası “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi

Nəşr edilib : 22.05.2025 16:30