Nazir: Rus bölməsində təhsilin daha üstün olması i...
14:10 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
"Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyin məntiqi nəticəsi olaraq bu gün Naxçıvanda özəl sektor sürətlə inkişaf edir, yeni iş yerləri yaradılır, sahibkarlıq mühiti isə davamlı şəkildə daha da yaxşılaşdırılır.
Bu gün Naxçıvan şəhərində yeni tekstil müəssisəsinin açılışında iştirak etdik. Bu, cari ay ərzində açılışını etdiyimiz artıq ikinci tekstil müəssisəsidir. Bu fakt bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikasında yüngül sənayenin əsas istiqamətlərindən biri olan tekstil sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev deyib.
O qeyd edib ki, bu uğurların əsasında Prezidentin verdiyi mühüm qərar, fərman və sərəncamlar, sahibkarlığa göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də muxtar respublikada yaradılmış əlverişli biznes mühitinin daha da təkmilləşdirilməsi dayanır: "Bildiyiniz kimi, bu ilin 1 yanvar tarixindən etibarən Prezidentin təsdiqlədiyi qanuna əsasən vergi, gömrük və sosial sığorta sahələrində güzəştlər tətbiq olunmağa başlanılıb. Sahibkarlar artıq bu imkanlardan fəal şəkildə istifadə edirlər.
Bununla yanaşı, bu ay dövlət başçısının imzaladığı Fərmana əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycanın digər bölgələrinə daşınması zamanı nəqliyyat xərclərinə subsidiya veriləcək. Bu mexanizm bu il sentyabrın 1-dən qüvvəyə minəcək. Bu gün açılışını etdiyimiz müəssisə, eləcə də Naxçıvanda fəaliyyət göstərən və gələcəkdə yaradılacaq digər istehsal müəssisələri də həmin imkanlardan faydalanacaqlar".
Nazir vurğulayıb ki, bütün bunlar muxtar respublikada sahibkarlığa göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda bu dəstək yerli şirkətlərin və istehsalçıların rəqabət qabiliyyətinin daha da artmasına geniş imkan yaradır. Yeni müəssisədə istehsal olunacaq məhsullar təkcə daxili bazarın tələbatını ödəməklə kifayətlənməyəcək, eyni zamanda xarici ölkələrə də ixrac ediləcək. Bununla yanaşı, yerli istehsal hesabına idxaldan asılılığın azaldılmasına da mühüm töhfə veriləcək. Sevindirici haldır ki, bu layihədə qardaş Türkiyə Respublikasından olan investor da iştirak edir. Bu isə Naxçıvanın xarici investisiyalar üçün cəlbedici məkana çevrildiyini bir daha təsdiqləyir. Müəssisənin fəaliyyəti ilə tanışlıq zamanı aydın olur ki, burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu isə Naxçıvan Muxtar Respublikasında qadın məşğulluğunun və qadınların iqtisadi fəallığının artırılmasına göstərilən dəstəyin daha bir nümunəsidir.
"Bir məqamı da qeyd etmək istəyirəm ki, bu gün açılışını etdiyimiz tekstil müəssisəsi 2025-ci ilin dekabr ayında dövlət tərəfindən İnvestisiya Təşviqi Sənədi almışdır. Bu sənəd sahibkara mühüm güzəştlər təqdim edir. Belə ki, müəssisənin idxal etdiyi avadanlıqlar və xammallar gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunur. Bu güzəştlər sahibkarın istehsal xərclərinin azalmasına, məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsinə və fəaliyyətinin daha da genişlənməsinə əlverişli şərait yaradır. Eyni zamanda bu, dövlətin sahibkarlığın inkişafına göstərdiyi davamlı dəstəyin və həyata keçirdiyi təşviq siyasətinin bariz nümunəsidir", – deyə Kazım Hüseynəliyev əlavə edib.
Digər xəbərlər