NAXÇIVAN :

09 Noyabr 2026, Bazar ertəsi

Keçmişdə bir yerdə olmuşuq, bu gün bir yerdəyik və sabah da bir yerdə olacağıq

...

Elə sözlər var ki, onları dərsdə öyrənmirik, kitablardan oxumuruq. Həmin sözləri ana südü ilə, beşik başında nənənin şirin laylası ilə mənimsəyirik. “Qardaş” məhz belə sözlərdəndir. Onu heç kim bizə izah etməyib. Çünki ən təmiz həqiqətlərin izaha ehtiyacı olmur.
Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq da məhz belə uca bir gerçəklikdir. Bu bağ diplomatik lüğətlərdən əvvəl yaranıb, rəsmi bəyannamələrdən öncə qəlblərdə yaşayıb, dövlət sərhədləri çəkilməmişdən çox-çox əvvəl bu torpaqların əzəli ruhunda mövcud olub.
Çünki bu iki xalqın kökləri birdir. Eyni dilin damarlarında eyni qan axır, eyni ağı, eyni türkü, eyni sevinc yaşayır. Xəzərdən Qara dənizə qədər uzanan o geniş coğrafiyanın övladları nə qədər uzaq düşsələr də, bir-birinin səsini yadırğamayıblar. Nəsiminin qəzəlləri Anadoluda da başa düşülüb, Yunus Əmrənin hikmətli sözləri bizdə də. Füzulinin həsrəti hər iki yurdun ana-bacıları tərəfindən öz dərdləri kimi oxunub. Dilimiz bir-birinə o qədər yaxındır ki, tərcüməçiyə yalnız rəsmi protokol üçün ehtiyac duyulur. “Qardaş” sözünü isə heç bir dilə çevirmək lazım deyil. Onu ilk dəfə eşidən körpə də bilir ki, bu söz sığınacaq, güvən və qorunmaq deməkdir.
Sərhədlər sonralar çəkildi. Tarixin soyuq əlləri xəritələrin üzərindən qılınc kimi xətlər keçirdi. Uzun on illiklər boyu bu qardaşlıq açıq şəkildə yaşana bilmədi, amma heç vaxt ölmədi.
O, evlərdə pıçıltı ilə deyilən sözdə, gizli oxunan şeirdə, ürəyin dərinliyində közərən həsrətdə yaşadı. Qardaşlıq basdırılmış köz kimidir. Üstünü illərin külü örtsə də, tək bir isti nəfəs kifayətdir ki, yenidən alovlansın.
Həmin nəfəs 1918-ci ildə gəldi. Azərbaycan Şərqdə ilk demokratik respublika kimi müstəqilliyini yenicə elan etmişdi. Lakin gənc dövlət ağır təhlükələrlə üz-üzə qalmış, Bakı taleyüklü günlər yaşayırdı. Elə bu çətin sınaq anında qardaş köməyə yetişdi.
Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun igidləri bu torpağa ayaq basdılar və 1918-ci il sentyabrın 15-də Bakı azad olundu. Həmin döyüşlərdə canından keçən türk əsgərləri bu gün də Bakı torpağında uyuyurlar. Onların məzarları qardaşlığın, sadəcə, sözlə ifadə olunmuş sənədi deyil, qanla yazılmış əbədi andıdır.
Azərbaycanın üçrəngli bayrağı da bu qardaşlığın izlərini əzəmətlə üzərində daşıyır. Əli bəy Hüseynzadənin “türkləşmək, müasirləşmək, İslamlaşmaq” düsturu bayrağımızın rənglərində öz əksini tapdı. Bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edildi. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı isə onun taleyinə həkk olundu.
Yetmiş ilə yaxın fasilədən sonra tarix yenidən öz sözünü dedi. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə onu dünyada ilk tanıyan dövlət Türkiyə oldu. Bu tarixi hadisə də 1991-ci il noyabrın 9-da baş verdi. Bayrağımızın qəbul edildiyi günlə qardaş dövlətin müstəqilliyimizi tanıdığı gün eyni təqvim yarpağında dayanır. Tarix bəzən hadisələri elə düzür ki, onlara təsadüf demək olmur. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” formulu isə bu qardaşlığa siyasi müstəvidə də özünəməxsus ad verdi. Bir daha təsdiqləndi ki, dövlətlər iki ola bilər, amma ürək, yaddaş və tale birdir.
Çətin illərdə bu birlik özünü daha aydın göstərdi. Qarabağ yarası bizim yaramız olanda onun ağrısı Anadoluda da hiss edildi. Xocalının göz yaşları Türkiyənin evlərində də axdı. Azərbaycan ağlayanda Türkiyə susmadı, Türkiyə sevinəndə Azərbaycan kənarda qalmadı. Çünki qardaşlığı təmtəraqlı bayram süfrələri deyil, məhz dərd günü sınağa çəkir. Bu iki xalq isə həmin ağır imtahanlardan hər dəfə alnıaçıq, başıdik çıxdı.
Hətta təqvimin özü də bu qardaşlığa şahidlik edir. Zəfər Gününün əvvəlcə noyabrın 10-da qeyd olunması nəzərdə tutulsa da, həmin tarix Mustafa Kamal Atatürkün anım günüdür. Atatürkün xatirəsinə olan ehtiram və qardaş ölkənin həssaslığı nəzərə alınaraq Zəfər Gününün noyabrın 8-də qeyd edilməsi qərara alındı. Beləliklə, noyabrın 8-i Qələbənin, 9-u Dövlət Bayrağı Gününün, 10-u isə Atatürkün əziz xatirəsinin günü oldu. Üç gün, üç müqəddəs hiss, bir ailənin təqvimi… Bu, rəsmi dövlət protokolundan daha çox, uca könül ədəbinin təcəssümüdür.
2020-ci ilin payızında bu qardaşlıq yenidən böyük sınaqdan keçdi. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını azad edərkən Türkiyənin göstərdiyi sarsılmaz siyasi və mənəvi dəstək xalqımızın yaddaşına əbədi həkk olundu. Şuşa azad olunanda Anadoluda da bayram coşqusu yaşandı. Çünki Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət yaddaşının mühüm parçasıdır. Onun uca qayalarında muğamın, aşıq havasının, tarın və sazın doğmalığı hələ də əks-səda verir.
2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu qardaşlığa rəsmi-hüquqi müstəvidə yeni məzmun və təminatlar qazandırdı. Amma bu bəyannamə olmasaydı belə, iki xalq bir-birinin qapısını hər zaman açıq saxlayacaqdı. Çünki o qapı kağızla deyil, qanla və qədim duz-çörək ənənəsi ilə möhürlənib.
2023-cü ilin fevralında Türkiyənin cənubunu sarsıdan dəhşətli zəlzələ zamanı bu qardaşlıq sədaqətini bir daha sübut etdi. Azərbaycan xilasedicilərinin fəlakət bölgəsinə göndərilməsi və xilasetmə işlərində iştirakı göstərdi ki, bu mənəvi körpü heç vaxt birtərəfli olmayıb. Dünən Azərbaycanın sevincini öz sevinci bilən qardaş bu gün onun dərdinə ortaq olur, sabah isə hər iki yurdun işıqlı gələcəyini birlikdə qarşılayır.
Prezident İlham Əliyevin bu fikri bütün bu uzun tarixi bir nəfəsə sığdırır: “Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq".
Fikir verin, zamanlar bir-birinin ardınca dəyişir: keçmiş, müharibə, bu gün, gələcək… Amma bu söz yerindən bir addım da tərpənmir. Feillər zamana görə dəyişir, qardaşlıq dəyişmir.
Üstəlik, ana dilimizdəki “bir yerdə” ifadəsində xüsusi bir hikmət var. Bu ifadə həm “birlikdə” deməkdir, həm də, sözün əsl mənasında, “eyni məkanda olmaq”. Qardaşlıq da elə budur: həm birgə addımlamaq, həm də ayrı-ayrı paytaxtlarda yaşasaq belə, eyni cəbhədə, eyni mövqedə dayanmaq.
Zəfər Günündə qardaşın yenə yanımızda olması bu həqiqətin ən canlı təsdiqinə çevrildi. Çünki 1918-ci ildə də, 1991-ci ildə də, 2020-ci ildə də, bu gün də bu yolda hər dəfə eyni sarsılmaz səs ucalıb: “Biz buradayıq!”
Zaman axar, qayalar dəyişməz, tarix isə yazılmağa davam edər. Nə qədər əsrlər keçsə də, gələcəkdə hansısa şair o günlərə nəzər salıb yazacaq:

“İki xalq vardı, tək bir ürək döyünürdü…”

Biz bunu təkcə şüar kimi demirik, taleyin əbədi yolu kimi yaşayırıq: keçmişdə bir yerdə olmuşuq, bu gün bir yerdəyik və sabah da bir yerdə olacağıq!

Elnurə CƏFƏROVA

Nəşr edilib : 09.11.2026 17:03