NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Kəlbəcər: Qədim tarixin, ağır sınaqların və Böyük Qayıdışın zəfər salnaməsi

...

Zəngin tarixi-mədəni irsi, strateji coğrafi mövqeyi və təbii ehtiyatları ilə seçilən Kəlbəcər rayonu bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Əsrlər boyu müxtəlif mədəni irs nümunələrini özündə birləşdirən bu bölgə Azərbaycan xalqının tarixi yaddaşında və dövlətçilik ənənələrində mühüm yer tutur. 

Bölgənin tarixi keçmişi minilliklərin dərinliyinə gedib çıxır. Rayon ərazisində aparılmış arxeoloji tədqiqatlar burada 30 min ildən artıq tarixə malik qədim insan düşərgələrinin mövcudluğunu sübuta yetirib. Xüsusilə Zar kəndi ərazisindəki Paleolit dövrü düşərgəsi və Tərtər çayı vadisi boyunca yerləşən süni mağaralar bu ərazilərin ilkin məskunlaşma arealına daxil olduğunu təsdiqləyir. Bununla yanaşı, yüksək dağlıq ərazilərdə aşkar edilmiş 6 min il yaşı olan qayaüstü təsvirlər və qədim türk əlifbası nümunələri qədim əhalinin təsərrüfat həyatını, dünyagörüşünü və mədəni inkişaf səviyyəsini əks etdirən dəyərli tarixi mənbələrdir. 

Müasir inzibati bölgü tarixinə nəzər saldıqda görürük ki, Kəlbəcərə 1930-cu il avqustun 8-də rayon statusu verilib. 1993-cü ilin əvvəlinə olan rəsmi statistikaya əsasən rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. İnzibati ərazi vahidinə 1 şəhər, 1 qəsəbə (İstisu) və 145 kənd olmaqla, ümumilikdə, 147 yaşayış məntəqəsi, eləcə də 55 inzibati ərazi dairəsi daxil idi. Bu göstəricilər Kəlbəcərin geniş coğrafi əraziyə və formalaşmış sosial-iqtisadi infrastruktura malik olduğunu göstərirdi. 

İşğal dövrü, beynəlxalq hüquq və Vətən müharibəsinin nəticələri

Rayonun dinamik inkişafı 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində dayandırıldı. Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən Kəlbəcərin işğalı təcavüzkar siyasətin miqyasını açıq şəkildə nümayiş etdirirdi. Hərbi təcavüz nəticəsində 511 dinc sakin qətlə yetirildi, 321 nəfər isə əsir götürüldü və ya itkin düşdü. Rayonun on minlərlə sakini məcburi köçkün vəziyyətinə düşərək respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmaq məcburiyyətində qaldı. 

İşğal illərində rayonun sosial-iqtisadi və mədəni infrastrukturu tamamilə dağıdıldı. Belə ki, onlarla tarixi mədəniyyət abidəsi, 97 ümumtəhsil məktəbi, 9 məktəbəqədər təhsil müəssisəsi, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya və 9 aptek talan edilərək yararsız hala salındı. Eyni zamanda yüzlərlə inzibati bina, minlərlə fərdi yaşayış evi və təsərrüfat obyekti məhv edildi. 

Kəlbəcərin işğalından dərhal sonra – 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Sənəddə hərbi əməliyyatların dərhal dayandırılması və işğalçı qüvvələrin Kəlbəcərdən, eləcə də Azərbaycanın işğal altındakı digər rayonlarından çıxarılması tələb olunurdu. Qətnamədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri bir daha təsdiqlənsə də, beynəlxalq hüququn bu tələbləri 27 il ərzində kağız üzərində qaldı. Üstəlik, işğal dövründə rayonun tarixi-mədəni irsinin saxtalaşdırılmasına cəhdlər göstərildi, bir sıra abidələrin memarlıq quruluşu dəyişdirildi. 2020-ci ilin noyabrında rayonun təhvil verilməsi ərəfəsində isə mülki obyektlərin yandırılması və meşə fonduna zərər vurulması beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması kimi tarixə düşdü. 

Uzun illər davam edən bu ədalətsizliyə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi son qoydu. Müharibənin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin şimal hissəsindəki strateji yüksəklikləri nəzarətə götürməsi Ermənistan silahlı qüvvələrinin manevr imkanlarını məhdudlaşdırdı və onların Basarkeçər Kəlbəcər yolundan istifadəsini faktiki olaraq dayandırdı. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bu amilin hərbi əməliyyatların ümumi gedişində mühüm strateji rol oynadığını xüsusi vurğulamışdır. 

44 günlük Vətən müharibəsində əldə olunan parlaq hərbi Qələbənin məntiqi nəticəsi olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanat Kəlbəcərin azad edilməsinin siyasi-hüquqi əsasını təmin etdi. Sənədin 6-cı bəndinə uyğun olaraq (tərəflərin razılığı ilə müddət noyabrın 15-dən 25-dək uzadılmaqla), 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. 

Tarixi Qələbənin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Prezidentin müvafiq sərəncamları ilə 9455 hərbi qulluqçu bu medalla təltif olundu. 2023-cü il iyulun 31-də imzalanmış Sərəncama əsasən isə noyabrın 25-i “Kəlbəcər Şəhəri Günü” kimi rəsmiləşdirildi. 

Böyük Qayıdış və genişmiqyaslı quruculuq layihələri

Tarixi ədalətin bərpasından dərhal sonra Kəlbəcər rayonunda müasir şəhərsalma standartlarına uyğun bərpa və yenidənqurma işlərinə start verildi. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafını əhatə edən Baş Plana əsasən təbii landşaft və dağlıq relyef nəzərə alınmaqla yeni yaşayış məhəllələri, inzibati binalar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, eləcə də istirahət parkları inşa olunur. 

Artıq bu istiqamətdə real nəticələr əldə edilib. Şəhərdə 524 ailə üçün nəzərdə tutulan birinci yaşayış kompleksində çoxmənzilli binalar, fərdi evlər və zəruri sosial infrastruktur yaradılıb. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksə köçən ilk sakinlərə mənzillərin açarları təqdim olunub. 2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcər şəhərində 162 ailə (681 nəfər) daimi məskunlaşıb. Bununla yanaşı, rayonun Yanşaq, Zallar və Zar kəndlərində də yeni fərdi yaşayış evlərinin, məktəblərin və uşaq bağçalarının tikintisi mərhələli şəkildə davam etdirilir. 

Yaşayış məntəqələrinin bərpası ilə paralel olaraq bölgənin iqtisadi inteqrasiyasında həlledici rol oynayan yol-nəqliyyat infrastrukturu da yenilənir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və bu marşrut üzərində yerləşən Murovdağ tunelinin inşası mürəkkəb dağlıq relyefdə ilin bütün fəsillərində təhlükəsiz və fasiləsiz nəqliyyat əlaqəsini təmin etməyə yönəlib. 

Eyni zamanda Kəlbəcərin zəngin hidroenerji potensialından səmərəli istifadə edilməsi Dövlət Proqramının əsas prioritetlərindəndir. Rayon ərazisində “Meydan”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib, Aşağı Vəng, “Nadirxanlı” və “Çaykənd” Su Elektrik stansiyalarının yaradılması isə bölgənin enerji təminatını və “yaşıl enerji” potensialını daha da gücləndirib. 

İqtisadi dirçəlişin digər mühüm istiqaməti olan turizm və kurort-sanatoriya sektorunun bərpasında İstisu qəsəbəsi xüsusi əhəmiyyət daşıyır. Burada mineral su zavodunun tikintisi, müalicə-sağlamlıq və istirahət kompleksinin yaradılması regionun turizm potensialının reallaşdırılmasına və yeni iş yerlərinin açılmasına xidmət edir. 

Görülən bütün bu işlər sübut edir ki, Kəlbəcərdə həyata keçirilən bərpa və quruculuq strategiyası təkcə dağıdılmış infrastrukturun yenidən qurulması deyil, həm də bölgənin müasir inkişaf modelinin formalaşdırılmasıdır. Dövlətin ardıcıl siyasəti və xalqın quruculuq əzmi sayəsində Kəlbəcər rayonu ölkə iqtisadiyyatına tam reinteqrasiya olunaraq respublikanın dayanıqlı inkişaf edən abad və strateji əhəmiyyətli bölgələrindən birinə çevrilir. Bu gün Kəlbəcərdə canlanan həyat Azərbaycanın suverenliyinin, iqtisadi gücünün və “Böyük Qayıdış” proqramının uğurla icra olunduğunun bariz göstəricisidir. 

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 25.11.2026 13:24