NAXÇIVAN :

25 Noyabr 2026, Çərşənbə

Kəlbəcər – tarixi Zəfərin və Böyük Qayıdışın ünvanı

...

Azərbaycanın qədim tarixə, zəngin təbii sərvətlərə və misilsiz gözəlliyə malik guşələrindən biri olan Kəlbəcər xalqımızın yaddaşında həm ağır işğal illərinin ağrısı, həm də böyük Zəfərin rəmzi kimi xüsusi yer tutur. Hər il noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhəri Günü tarixi ədalətin bərpasını, milli iradənin və dövlətimizin qüdrətinin təntənəsini ifadə edən əlamətdar günlərdəndir.

Qədim türk dilində “çay üstündə qala” mənasını verdiyi bildirilən Kəlbəcər toponimi bu diyarın tarixi köklərindən xəbər verir. Ərazidə aşkar edilmiş 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər, qədim türk əlifbasına aid nümunələr bölgənin zəngin mədəni irsə sahib olduğunu təsdiqləyir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, daş abidələr və müxtəlif tarixi-memarlıq nümunələri Kəlbəcərin Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olduğunu göstərir.

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər özünəməxsus təbiəti, sıx meşələri, mineral su ehtiyatları və füsunkar mənzərələri ilə seçilir. Camışdağ və Dəlidağ kimi uca zirvələri, Tərtər çayının yaratdığı təbii gözəlliklər, İstisu mineral bulaqları bu diyarın həm ekoloji, həm də iqtisadi baxımdan böyük potensiala malik olduğunu nümayiş etdirir. Lakin təbiətin səxavətlə bəxş etdiyi bu gözəl diyar uzun illər işğalın ağır nəticələri ilə üzləşdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində yüzlərlə dinc sakin öldürüldü, yüzlərlə insan əsir və itkin düşdü, on minlərlə sakin doğma yurd-yuvasından didərgin salındı. Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və tarixi abidələr dağıdıldı, təbii sərvətlər talan edildi. Bir vaxtlar həyatın qaynadığı kəndlər və şəhər xarabalığa çevrildi.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnaməsində də öz əksini tapmış, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilmişdi. Lakin uzun illər ərzində qətnamənin icrası təmin olunmadı. Beləliklə, Kəlbəcər sakinləri doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşamağa məcbur oldular.

2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan tarixi Qələbə işğal altındakı torpaqlarımızın azad olunmasına yol açdı. Vətən müharibəsinin gedişində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi də rayonun azad edilməsində mühüm hərbi-strateji əhəmiyyət daşıdı.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu həmin il noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu, Kəlbəcər yenidən öz sahibinə qovuşdu. Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabr tarixinin “Kəlbəcər Şəhəri Günü” kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə bu torpaqlarda həyatın yenidən canlandırılması, dağıdılmış infrastrukturun bərpası və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin bariz göstəricisidir.

Kəlbəcərin gələcək inkişafı 2040-cı ilədək nəzərdə tutulan Baş Plan əsasında həyata keçirilir. Plana uyğun olaraq şəhərin ərazisinin genişləndirilməsi, yeni yaşayış sahələrinin salınması, müasir sosial infrastrukturun yaradılması, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət obyektlərinin tikintisi nəzərdə tutulur. Şəhərdə məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, idman meydançalarının və yaşıllıq zolaqlarının yaradılması planlaşdırılır. Bütün bunlar Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına, sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

“Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərdə yaşayış məhəllələrinin salınması və kəndlərin yenidən qurulması istiqamətində də mühüm işlər görülür. Şəhərdə 524 ailəlik yaşayış kompleksinin inşası, Yanşaq, Zallar və Zar kəndlərinin bərpası bu prosesin əsas istiqamətlərindəndir. Yaşayış məntəqələrində fərdi evlərlə yanaşı, məktəb və uşaq bağçalarının, sosial-məişət obyektlərinin yaradılması sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə hesablanıb. 2026-cı il noyabrın 6-dək Kəlbəcər rayonunda 162 ailənin, ümumilikdə, 681 nəfərin məskunlaşması doğma yurda qayıdışın artıq real nəticələr verdiyini göstərir.

Rayonun iqtisadi potensialının bərpası da xüsusi diqqət mərkəzindədir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, turizm və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Uzunluğu 82 kilometr olan yol üzərində inşa edilən tunellər, xüsusilə Murovdağ tuneli Azərbaycanın mühəndislik və infrastruktur imkanlarının göstəricisidir. Layihənin reallaşdırılması Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini daha da asanlaşdıracaq, rayonun iqtisadi və turizm potensialının hərəkətə gətirilməsinə təkan verəcək.

Kəlbəcərin enerji potensialından səmərəli istifadə olunması istiqamətində də mühüm layihələr həyata keçirilir. Rayonda bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub, yeniləri isə inşa edilib. Bu stansiyalar bölgənin enerji təminatına töhfə verməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” potensialının reallaşdırılmasına xidmət edir.

Diyarın təbii sərvətlərindən biri olan “İstisu” mineral suyunun istehsalının bərpası, müalicə və turizm imkanlarının inkişafı da diqqətəlayiqdir. “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması yerli iqtisadiyyatın canlanmasına, yeni iş yerlərinin yaradılmasına və Kəlbəcər məhsullarının daha geniş bazarlara çıxarılmasına şərait yaradır. Eyni zamanda “İstisu” Müalicə-İstirahət Kompleksinin tikintisi bölgənin gələcəkdə mühüm sağlamlıq və turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş perspektivlər açır.

Kəlbəcərin yenidən qurulması yalnız dağıdılmış binaların və yolların bərpası ilə məhdudlaşmır. Bu proses həm də tarixi yaddaşın, milli mədəni irsin və doğma torpağa bağlılığın yenidən dirçəldilməsini ehtiva edir. Burada salınan hər bir yaşayış məhəlləsi, çəkilən hər bir yol, tikilən hər bir məktəb və istifadəyə verilən hər bir müəssisə Böyük Qayıdışın mühüm tərkib hissəsidir.

Bu gün Kəlbəcər işğalın izlərini geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bir zamanlar doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması, uşaqların bu torpaqlarda böyüməsi, yeni iş yerlərinin açılması və müasir infrastrukturun qurulması gələcəyə olan inamı daha da gücləndirir. Artıq Kəlbəcərdə yalnız quruculuq işləri aparılmır, həm də yeni həyatın təməli qoyulur.

25 noyabr – Kəlbəcər Şəhəri Günü təkcə bir şəhərin azadlıq tarixinin qeyd edilməsi deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin quruculuq əzminin təcəssümüdür. Kəlbəcər bu gün Zəfərin bəxş etdiyi qürurla yenidən qurulur, dirçəlir və gələcəyə inamla addımlayır. Doğma sakinlərinin qayıdışı ilə bu qədim diyarın küçələrində həyat yenidən canlanır, tarixlə gələcək qovuşur.

Aysel DÜNYAMALIYEVA

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 25.11.2026 12:01