Bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti da...
17:29 25.11.2026
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2026, Çərşənbə
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə əlamətdar günlər var ki, onlar yalnız təqvimdəki tarixi deyil, bütöv bir xalqın milli iradəsini, mübarizə əzmini və tarixi ədalətə qovuşmaq istəyini ifadə edir. 25 noyabr – Kəlbəcər Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqı üçün ədalətin təntənəsinin, ərazi bütövlüyümüzün bərpasının, doğma torpaqlara qayıdışın və yeni quruculuq mərhələsinin rəmzidir. Kəlbəcərin azadlığı ilə başlanan yeni tarix bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və Böyük Qayıdış prosesi ilə davam edir.
Zəngin tarixi, özünəməxsus təbiəti, strateji coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kiçik Qafqazın əzəmətli dağ silsilələri, meşələri, çayları, mineral su mənbələri və əlverişli təbii landşaftı bu diyarın özünəməxsus simasını formalaşdırır. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” mənası ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin yerləşdiyi qayalıqda Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Rayonun ərazisindəki 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, tarixi-memarlıq abidələri onun zəngin mədəni irsinin mühüm nümunələridir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövrlərdə türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən etibarən isə İslamın yayıldığı tarixi mərhələlərdə yaradılıb. Xudavəng monastır kompleksi, qədim qalalar, türbələr və digər tarixi abidələr Kəlbəcərin yalnız təbii gözəllikləri ilə deyil, həm də çoxəsrlik mədəniyyət tarixi ilə seçildiyini təsdiqləyir.
Kəlbəcərin inzibati rayon kimi formalaşması 1930-cu ilə təsadüf edir. İşğala qədər burada 53 478 nəfər yaşayıb, rayonun 145 kəndində, 55 inzibati ərazi dairəsində, bir qəsəbəsində və şəhər mərkəzində zəngin sosial-iqtisadi həyat mövcud olub. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğal edilməsi bu inkişafı dayandırdı. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Kəlbəcər əhalisi doğma yurd-yuvasından didərgin salınaraq respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur.
İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə avtomobil və texnika talan edilmiş, dağıdılmış, rayonun milyardlarla manat dəyərində sərvəti Ermənistana daşınmışdır. Bununla da işğal Kəlbəcərin yalnız sosial-iqtisadi infrastrukturuna deyil, həm də tarixi-mədəni irsinə ağır zərbə vurmuşdur. Otuz ilə yaxın davam edən işğal dövründə rayonun tarixi simasının dəyişdirilməsi, Azərbaycan xalqına məxsus mədəni irsin mənimsənilməsi və onun milli kimliyinə aid izlərin silinməsi istiqamətində məqsədyönlü cəhdlər göstərilmişdir.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə də öz əksini tapmışdı. Həmin sənəddə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilirdi. Lakin qətnamənin icrasına nail olunmaması beynəlxalq hüququn təmin edilməsi mexanizmlərinin nə dərəcədə təsirsiz qala bildiyini bir daha göstərdi. Kəlbəcərin işğalı təkcə ərazi itkisi deyil, həm də minlərlə insanın fundamental hüquqlarının pozulması, tarixi-mədəni irsin dağıdılması və bütöv bir bölgənin inkişaf imkanlarının məhdudlaşdırılması demək idi.
Azərbaycan xalqı bütün bu illər ərzində öz tarixi torpaqlarına qayıdacağına inamını itirmədi. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət, güclü iqtisadi potensialın formalaşdırılması, ordu quruculuğunun davamlı inkişafı və beynəlxalq müstəvidə milli maraqlarımızın qətiyyətlə müdafiəsi bu tarixi məqsədə çatmağın əsasını yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı.
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin azad olunması Zəfərin mühüm siyasi və strateji nəticələrindən biri oldu. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 25-də xalqa müraciətində Kəlbəcərin azad olunmasını Azərbaycan xalqı üçün böyük tarixi hadisə kimi dəyərləndirməsi həmin günün milli yaddaşımızdakı yerini bir daha təsdiqlədi.
Beləliklə, uzun illər doğma yurdlarından ayrı düşmüş kəlbəcərlilərin qayıdış arzusu gerçəkləşməyə başladı. Lakin üçtərəfli Bəyanatın şərtlərinə əsasən ermənilərin Kəlbəcəri tərk etməsi zamanı işğalçıların əsl siması bir daha üzə çıxdı. Rayonu tərk edən ermənilər evləri, bağları yandıraraq, əmlakı məhv edərək öz barbar davranışlarını nümayiş etdirdilər. Azərbaycanlılara qalmaması üçün yaşayış evlərinə və ağaclara od vurulması erməni vandalizminin mahiyyətini bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu hadisələr işğal dövründə törədilmiş dağıntıların miqyasını da nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ətraf mühitə qəsdən ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 25 noyabrın “Kəlbəcər Şəhəri Günü” kimi müəyyənləşdirilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Bu tarix hər il Kəlbəcərin azadlığını, xalqımızın birliyini və dövlətimizin gücünü təcəssüm etdirir. Lakin Kəlbəcərin azad olunması ilə qarşıda duran vəzifələr başa çatmadı. Əksinə, bundan sonra rayonun yenidən qurulması, iqtisadi potensialının bərpası, sosial infrastrukturunun yaradılması və əhalinin doğma torpaqlara təhlükəsiz qayıdışının təmin edilməsi kimi genişmiqyaslı işlərə başlanıldı. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Kəlbəcərdə həyata keçirilən layihələr təkcə dağıdılmış obyektlərin bərpasını deyil, həm də müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış və iqtisadi inkişaf mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Bu baxımdan, Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiq edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Plana əsasən şəhərin ərazisinin, təxminən, 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada yaşayış binaları, fərdi evlər, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və istirahət obyektləri ilə yanaşı, müasir mühəndis-kommunikasiya və nəqliyyat infrastrukturu yaradılacaq. Şəhərin mərkəzində ortamərtəbəli çoxmənzilli yaşayış və inzibati binalar, ətraf ərazilərdə isə fərdi yaşayış evləri inşa ediləcək.
Şəhərin ümumi yaşayış fondunun 488 min kvadratmetr təşkil etməsi nəzərdə tutulur. Bunun 421 min kvadratmetri fərdi yaşayış evlərinin, 46 min kvadratmetri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumilikdə, 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması, adambaşına 25 kvadratmetr yaşayış sahəsinin nəzərdə tutulması planlaşdırılır. Şəhərdə, həmçinin 960 şagird yerlik 4 məktəbin, 520 yerlik 4 uşaq bağçasının, 160 çarpayılıq 2 xəstəxananın, 150 çarpayılıq 1 reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Bütün bunlar şəhərin sosial və ictimai həyatının hərtərəfli inkişafına xidmət edəcək.
Baş Planın diqqətçəkən xüsusiyyətlərindən biri də ekoloji tarazlığın qorunmasına və “yaşıl şəhər” mühitinin formalaşdırılmasına xüsusi önəm verilməsidir. Plana əsasən şəhər ərazisinin 22 faizi, yəni 60 hektarı yaşıllıqlardan ibarət olacaq. Burada müxtəlif yaş və sosial qrupların istifadəsi üçün yaşıllıq zolaqları və istirahət məkanları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kvadratmetr nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 kvadratmetr təşkil edəcək. Baş Plana uyğun olaraq şəhərin yol infrastrukturu da müasir standartlar əsasında qurulacaq. Eyni zamanda 27 kilometrdən artıq avtomobil və 22 kilometrlik velosiped yollarının salınması şəhərdə rahat, təhlükəsiz və ekoloji baxımdan əlverişli nəqliyyat sisteminin formalaşmasına imkan yaradacaq.
Kəlbəcərdə quruculuq prosesinin ən mühüm istiqamətlərindən biri yaşayış məntəqələrinin yenidən salınması və doğma yurda qayıdan insanların məskunlaşmasının təmin edilməsidir. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin inşası bu istiqamətdə atılan mühüm addımlardandır. Kompleksin birinci mərhələsində 201 ailənin yerləşdirilməsi üçün çoxmənzilli binalar və fərdi tipli evlər inşa edilib. İkinci mərhələdə daha 323 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Yaşayış məhəlləsində parkların, istirahət guşələrinin, uşaq oyun və idman meydançalarının, sosial-məişət obyektlərinin yaradılması sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir.
2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı 20 ailəyə yeni mənzillərin açarlarını təqdim etməsi Böyük Qayıdışın mühüm mərhələsi kimi yadda qaldı. 2026-cı il noyabrın 6-na olan məlumata əsasən şəhərdə 162 ailə olmaqla, 681 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, ata-baba torpaqlarına qayıdış sevinci dayanır. Böyük Qayıdışın əsas mahiyyəti də məhz insanların yalnız yaşayış yeri ilə təmin olunması deyil, onların doğma yurdda təhlükəsiz, layiqli və davamlı həyat şəraitinə qovuşmasıdır.
Kəndlərin yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Yanşaq, Zallar və Zar kəndlərində genişmiqyaslı layihələrin həyata keçirilməsi, yeni fərdi yaşayış evlərinin, məktəblərin və uşaq bağçalarının inşası rayonun kənd yaşayış sisteminin bərpasına xidmət edir. Bu layihələr Kəlbəcərin yalnız şəhər mərkəzində deyil, bütün ərazisində sosial-iqtisadi həyatın yenidən canlandırılmasına yönəlib. Beləliklə, qayıdış prosesi ayrı-ayrı yaşayış məntəqələrinin məskunlaşdırılması ilə məhdudlaşmır, bütöv bir rayonun inkişafına hesablanmış kompleks proqram xarakteri daşıyır.
Kəlbəcərin gələcək inkişafında nəqliyyat infrastrukturunun xüsusi yeri var. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun ölkənin digər bölgələri ilə əlaqələrinin yaxşılaşdırılması, turizm və kənd təsərrüfatı potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yolun üzərində beş tunelin inşası nəzərdə tutulub. Onlardan uzunluğu 11,7 kilometr olan Murovdağ tuneli layihənin ən mürəkkəb və mühüm mühəndis qurğularından biridir. Yolun 13,5-ci kilometrliyində yerləşən bu tunelin texniki açılışı həyata keçirilib. Uzunluğuna görə Murovdağ tuneli dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Ümumilikdə, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 89 faizi tamamlanıb. Yolun tam istifadəyə verilməsi Kəlbəcərə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, rayonun iqtisadi və turizm əlaqələrinin genişlənməsinə də mühüm töhfə verəcək.
Kəlbəcərin zəngin təbii potensialından səmərəli istifadə, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin “yaşıl enerji” strategiyasının mühüm istiqamətlərindəndir. Rayonun çayları üzərində kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması enerji təminatının gücləndirilməsinə, yerli resurslardan səmərəli istifadəyə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu stansiyalarda istehsal olunan enerji rayonun sənaye və xidmət obyektlərinin, o cümlədən “İstisu” mineral su zavodunun enerji təminatında mühüm rol oynayır. Belə layihələr Kəlbəcərin gələcəkdə “yaşıl enerji” istehsalı və tətbiqi baxımından əhəmiyyətli mərkəzlərdən birinə çevrilməsi üçün real imkanlar yaradır.
Rayonun iqtisadi inkişaf perspektivlərindən danışarkən, şübhəsiz ki, “İstisu” mineral suyunun xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Təbii müalicəvi xüsusiyyətləri ilə tanınan bu mineral su Kəlbəcərin uzun illər ərzində formalaşmış iqtisadi və turizm potensialının mühüm hissəsidir. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq ərazisində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60 dərəcədən yüksək temperaturda çıxan “İstisu” mineral suyu minerallarla, zənginliyi ilə seçilir. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda tikinti işləri 2024-cü ildə başa çatdırılıb. Müəssisənin illik istehsal gücü 100 milyon şüşədən artıqdır. Burada, təxminən, 100 nəfərin işlə təmin edilməsi, işçilərin əksəriyyətinin Kəlbəcər və Laçın rayonlarının sakinləri olması layihənin sosial əhəmiyyətini də artırır.
Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması rayonun turizm imkanlarının genişləndirilməsi baxımından mühüm layihədir. Hazırda kompleksin ərazisində 145 nömrədən ibarət hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikintisi aparılır. Kompleksin SPA Mərkəzində mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Mineral suların müalicəvi xüsusiyyətləri, dağ iqlimi, zəngin təbiət və əlverişli landşaft Kəlbəcərdə sağlamlıq və ekoturizmin inkişafı üçün geniş imkanlar açır. Bu potensialın düzgün qiymətləndirilməsi və müasir xidmət infrastrukturu ilə uzlaşdırılması gələcəkdə turizm sektorunun rayon iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilməsinə şərait yaradacaq.
Bütün bu layihələrin əhəmiyyəti yalnız tikilən binaların, yolların, elektrik stansiyalarının və istehsal müəssisələrinin sayı ilə ölçülmür. Əsas məqsəd Kəlbəcərdə insanların yaşaması, işləməsi, təhsil alması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və gələcək planlarını doğma yurdda qurması üçün davamlı iqtisadi və sosial mühit yaratmaqdır. Bu baxımdan, məşğulluğun artırılması, yerli sahibkarlığın təşviqi, kənd təsərrüfatının, arıçılığın, turizmin və emal sənayesinin inkişafı quruculuq siyasətinin ayrılmaz hissəsidir. Dövlətin yaratdığı infrastruktur və imkanlar gələcəkdə yerli iqtisadi təşəbbüslərin genişlənməsi üçün də əlverişli zəmin formalaşdırır.
Kəlbəcərin dirçəlişi həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yeni inkişaf strategiyasının mühüm təzahürüdür. Bu strategiyanın əsas xüsusiyyəti dağıdılmış yaşayış məntəqələrini əvvəlki vəziyyətinə qaytarmaqla kifayətlənməmək, onları müasir texnologiyalar, ekoloji yanaşma, dayanıqlı iqtisadiyyat və innovativ idarəetmə prinsipləri əsasında yenidən qurmaqdır. Kəlbəcər nümunəsində bu yanaşma şəhərsalma, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və sosial infrastruktur sahələrində həyata keçirilən layihələrdə aydın görünür.
25 noyabr – Kəlbəcər Şəhəri Günü bu baxımdan həm tarixi Zəfərin təntənəsi, həm də gələcəyə istiqamətlənmiş quruculuq əzminin ifadəsidir. Vaxtilə işğalın ağır nəticələrinə məruz qalmış bu diyar bu gün yenidən dirçəlir, küçələri, yaşayış məhəllələri, istehsal müəssisələri və sosial obyektləri ilə yeni inkişaf mərhələsinə qədəm qoyur. Kəlbəcərə qayıdan hər bir ailə, istifadəyə verilən hər bir obyekt, salınan hər bir yol və yaradılan hər bir iş yeri tarixi qayıdışın real nəticələrini nümayiş etdirir.
Bu gün Kəlbəcər yalnız azad edilmiş bir rayon deyil, həm də Azərbaycanın güclü dövlət iradəsinin, milli birliyinin və gələcəyə hesablanmış inkişaf siyasətinin canlı nümunəsidir. Onun dirçəlişi tarixi ədalətin bərpası ilə müasir inkişafın vəhdətini nümayiş etdirir. Əminliklə demək olar ki, dövlətin ardıcıl siyasəti, həyata keçirilən genişmiqyaslı layihələr və doğma torpaqlara qayıdan insanların qurub-yaratmaq əzmi sayəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın mühüm sosial-iqtisadi və turizm mərkəzlərindən birinə çevriləcək. Kəlbəcərdə yenidən canlanan həyat isə Böyük Qayıdışın uğurunu və Azərbaycanın quruculuq potensialını bütün aydınlığı ilə əks etdirir.
Bəhruz MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər