İyulun 13-nə olan hava proqnozu açıqlanıb
13:13 12.07.2026
0
0
0
NAXÇIVAN :
12 Iyul 2026, Bazar
Nüsnüsün özünəməxsus ruhu, keçmişi var
Kəndə ayaq basar-basmaz bizi uca və sərt qayalıqların tam zirvəsində, buludlara toxunacaq qədər yüksəklikdə bitən tənha bir ağac qarşılayır. Ətrafında nə başqa ağac, nə də kölgəsində dincələn bir canlı var. Dağın başında təkbaşına dayanan bu ağaca sanki digərləri rəhm edir: yanında söykənəcəyi, qışın şaxtasında birgə qorunacağı kimsəsi yoxdur. Bəziləri onu, hətta bədbəxt taleyin simvolu da hesab edir. Lakin tənha ağacın hekayəsi çarəsizlik yox, illərin sınağından çıxmış sevgi, gözəllik, dözümlülük rəmzidir. Günəşin doğuşunu ilk qarşılayan, qürubunu ən son yola salan, gecələr ulduzları sanki budaqlarına qonduran bu ağacı külək hər dəfə qəzəblə əsəndə yerindən qoparmaqla hədələyir. Lakin Leyli və Məcnun, Əsli və Kərəm, Xosrov və Şirin kimi əsrlərdən gələn sevgi dastanları bu ağaca hər fırtınada əyilməməyi, sınmamağı öyrədib.
Tənha ağacın hekayəsini danışan Nüsnüs kənd sakini Oruc Əliyev deyir ki, bir vaxtlar varlı ailənin qızı kasıb bir oğlanı sevirmiş. Lakin qızı atası nimdaş paltarda gəzən oğlana verməyincə qız evdən qaçır və dağlara sığınır. Qız Allaha yalvarır ki, onu ya ağaca, ya da daşa çevirsin. O, ağaca çevrilir – elə bir ağaca ki ilin dörd fəslində zirvədə belə öz yaşıl budaqlarını heç nəyə təslim etmir. Deyilənə görə, bu ağacın hər budağı qırıldığında oradan hətta qan gəlir...
Hər kəndin özünəməxsus bir ruhu, keçmişi var. Nüsnüs kəndinin dar, daş döşənmiş küçələri ilə yuxarıya doğru irəlilədikcə hər həyətdən bir həyat nişanəsi boylanır. Sanki bu həyatlar ən dürüst, ən toxunulmaz kəndin küçələrini bürüyən, həyətləri bir-birindən ayıran köhnə daş divarlarda gizlənib. Bu divarlar, sadəcə, torpaq və daşdan tikili deyil, onlar həm də zamanın sınağından keçmiş bütöv bir yaddaşın, mədəniyyətin, insan talelərinin canlı şahidləridir. Bu divarlar həm də tarixin dramatik anlarına susqun halda baxanlardır. Kim bilir, neçə-neçə nəsil bu divarların kölgəsində böyüyüb, uşaqlar onun daşları üzərində oynayıb, yaşlılar kürəklərini bura söykəyib kəndin keçmişindən söhbət açıb. Bəzən belə kəndlərdə müharibələr, təbii fəlakətlər tez-tez baş verib, amma bu daş divarlar sanki kəndin kökünü yerdə saxlamaq üçün inadla ayaqda qalıb. Divarların üzərindəki kiçik çatlar, qırıqlar, sadəcə, zamanın aşınması deyil, həm də kəndin çəkdiyi acıların, çətinliklərin izləridir. Rəvayətlərə görə, bu kənd adını “Nis-Nis” sözündən götürüb və “yox-yox” mənasını kəsb edir. Belə ki, o dövrlər zülmdən qaçan şəxslər, qaçaqlar kəndə sığınarmış. Kəndin yuxarı hissəsində isə böyük, bağlı qalan darvaza olub və bu darvazanın girəcəyində hər zaman mühafizəçilər dururmuş. Qaçaqları axtaran şəxslər onları soruşduqda cavabında “nis-nis” (yox) sözünü eşidirmişlər. Fars mənşəli bu sözün sonrakı mərhələlərdə fonetik dəyişikliklər nəticəsində Nüsnüs şəklini alması ehtimal edilir. Bəzi mənbələrdə isə kəndin adı “5 gülşə” kimi də qeyd olunur.
Nüsnüsdə yaşayan insanların simasında dağların sərtliyi ilə yanaşı, qəribə bir hüzur və mərdlik var. Onların alın qırışlarında illərin zəhməti, gözlərində isə dağların dərinliyi oxunur. Burada hamı bir-birini tanıyır, kilidlənməyən qapılarına baxdıqda insan əməyini, təbiətin harmoniyasını görmək olur, hər gələn qonaq “Tanrı qonağı” sayılır. Kəndin ortasından keçən gur Dübəndi çayının yaxınlığında, qoca çinarın kölgəsində əyləşən Kamal Lütfəliyevlə söhbətləşirik. Bizə kəndin tarixindən, dağların bəxş etdiyi kəndin qədim adət-ənənəsindən danışır: “Kəndimizin çörəyi də, suyu da, meyvəsi də, ləhcəsi də fərqlidir. Burada insanlar danışığı ilə seçilirlər, onların ifadələrindən müəyyən etmək olur nüsnüslü olduğunu. Ordubad onsuz da öz meyvələri ilə ölkə və ölkənin hüdudlarından kənarda tanınır. Nüsnüs isə limonu ilə məşhurdur. Üst tərəf dağ, orada yaşıllıq bir ərazi və subtropik təbii şərait: bizim limon min bir dərdə dərmandır. Qabığında acılıq yox, əksinə, meyxoşluq var, həm turş, həm də şirin olur. Ən əsası, burada limonlar parniklərdə yox, dibçəklərdə yetişdirilir”.
Limonlu çayı içə-içə bir məqam düşündürür insanı: kənddə çay içmək şəhərdəki kimi tələsik bir ritual deyil. Burada içdiyin hər stəkan çayın bir çəkisi var. Limon diliminin çayın tündlüyünü yumşaltması kimi, Nüsnüsün də gözəl ab-havası insanın ürəyini sərinlədir. Elə bu anda Oruc kişinin səsini eşidirik, bizi kəndin qədim küçələrinə aparacağını deyir. Addımlarımızı “itiləyib” kəndin daş divarlı dar yollarında bir sükunətə qərq oluruq. Burada zaman qaçmır, dar yollar elə salınıb ki, sanki hər döngə bir sirri özündə gizlədir. İki tərəfi ucalan daş divarların arasında addımladıqca ayaqlarımızın altından qalxan yüngül toz dumanı, divarlardan “süzülən” toz qırıntıları insanı başqa bir aləmə aparır. Sanki bura keçmişlə bu günün kəsişməsidir, bu küçələrdən, yollardan kimlər keçməyib ki?! Divarların üzərində saralmış otlar, daşların arasından boylanan xırda çöl bitkiləri, uşaqların bizə baxaraq əl etmələri təbiətin insana bəxş etdiyi gözəlliklərin ən gözəl sübutudur. Bu daşlı yollarda düzülən köhnə taxta qapılar kəndin daxili dünyasına açılan pəncərələrdir sanki. Onların bəziləri keçmişimizlə gələcəyimiz arasında qurulmuş möhkəm, sarsılmaz körpülərdir. Bəziləri isə həzin əsən küləyin təsirindən astaca açılaraq insanın üzünə xatirələri “sillə” kimi çırpanlardır.
Bir az da irəliləyirik, mənzərə dəyişməyə başlayır. Gözümüzə kəndin, sadəcə, qədimliyi yox, həm də zamanın amansız rüzgarına tab gətirə bilməyən, uçub-dağılan evləri dəyir. Çiy kərpic divarlar, damı çökmüş otaqlar, yerindən oynamış pəncərələr, çökmüş tavanların arasından göyə doğru boylanan yabanı ağaclar və daha nələr-nələr. Evə daxil olmağa çalışırıq, arxadan Oruc kişi səsləyir. Bir vaxtlar xalçaların bəzədiyi otaqların künclərində, döşəmələrində indi yamyaşıl otların kök saldığını görəcəyimizi deyir. Uşaq gülüşləri, qaynar ocaq istisi gələn bu evlər indi tam bir sükunətə qərq olub. Yarıq divarlarda özünə yuva quran quşların səsi diksindirir bizi. Bu evlər kəndin həm vizual mənzərəsini, həm də içimizdəki düşüncələrin axarını dəyişir. Anlayırıq, bu dünyada binaları ayaqda saxlayan daş, kəsək, kərpic yox, bəlkə də, elə insanın nəfəsidir. İnsan nəfəsi olmayan ən möhkəm divarlar belə boynunu bükür...
“Zaman ən amansız memardır”, – deyirlər. O, tikdiyi kimi, dağıtmağı da bacarır. Kəndin qədim məscidlərinin, evlərinin yanından səssizcə ötüb keçirik. Bu dəfə addımlarımızı asta ataraq düşünürük, bəzən zamanın bu dağıdıcı gücündə insan biganəliyinin də önəmli rolu var. Yoxsa yeraltı hamamlar qrupuna aid Nüsnüs hamamının vəziyyəti bu halda olmazdı. Abidənin yanına yaxınlaşanda insanı qəribə bir kədər, aura bürüyür. Zamanında min bir əziyyətlə, müqəddəs hisslərlə inşa edilmiş o əzəmətli hamam divarları indi zamana və insan laqeydliyinə boyun əyir. Damının müəyyən hissəsində çöküntü yaranmış, balıq qulaqlarının ovuntusu un halına salınaraq narın halda axayla yoğrulub çəkilən üzlüyü dağılmış, içərisi dolmuş, sütunları ovulmuş bu abidə sanki vaxtilə qoruduğu kəndin ortasında tənha, çarəsiz bir qoca kimi dayanıb. Onun hər uçan dağ daşı, hər ovulan sütunu keçmişimizdən qopan bərpa olunmaz bir parçadır. Oruc Əliyev deyir ki, uzun illər keçəndən sonra, 2001-ci ildə vicdanım qəbul etmədi, necə deyərlər, gəldim onun bərpasına, təmizlik işlərinə özüm baxdım: “Deməli, külüng, mala, vedrə götürdüm, gəldim. İçəriyə giriş qeyri-mümkün idi. Hamamın içərisi tamamilə söküntü ilə dolmuşdu. Ora daxil olmaq belə mümkün deyildi. Onları bir-bir təmizlədim. Hamama enən 12 pillə olduğunu müəyyən etdim. Ondan sonra bəlli oldu ki, bunun neçə pilləkəni var, hündürlüyü nə qədərdir, giriş-çıxışı necədir”. Deyilənə görə, belə hamamlar Ordubadda bir çox kəndlərdə var və eyni layihəyə məxsus hamamlardır. Bunların memarı bir adam olub və bu, Ordubadda Şah Abbasdan qalma bir adət-ənənədir. Onun təkidi ilə inşa edilib. Bu hamamın ən gözəlliyi, ən özəlliyi ondan ibarətdir ki, bura bişmiş kərpiclərdən yox, dağ daşları ilə tikilib. Dağlardan 9 donlu – cəvənk odunu deyilən odunla hamam həftədə 2 dəfə qızdırılırdı, bir günü kişilərə, bir günü isə qadınlara həsr edilirdi.
Adətən, abidələr kəndlərin yaddaş mərkəzidir. Əgər o yoxdursa, kənd, sadəcə, köhnə evlərin yığınından ibarət bir məkana çevrilir.
...Kənddən ayrılırıq aldığımız iki limonla. Bu limonlar şəhərdəki işimizin ritmini dəyişməyəcək, sadəcə, çayımıza dad verəcək. Kəndin daşlaşmış tarixi isə unudulmaz olaraq yaddaşımızda qalacaq. Yaddaşımıza laqeyd olmayaq...
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər