NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Kəngərli rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

...

İyunun 12-də Kəngərli rayonunda Kəngərli Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi ziyarət edilib, abidə önünə qərənfillər düzülüb. 

Kəngərli Rayon İcra Hakimiyyətindən "Şərq qapısı"na bildirilib ki, Mədəniyyət Sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyi və xalqımızın taleyində xüsusi əhəmiyyətə malik tarixi gündür. Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının başlanğıcı kimi qiymətləndirilir. Məhz həmin dövrdən etibarən ölkədə ictimai-siyasi sabitlik təmin olunub.

Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf konsepsiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə mühüm uğurlar əldə edib, beynəlxalq nüfuzunu artırıb, iqtisadi potensialını gücləndirib və tarixi ədaləti təmin edərək öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib.

Sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxışı zamanı qeyd edib ki, Milli Qurtuluşdan sonra Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyulub, ölkəmizdə güclü dövlət quruculuğu prosesi başlanıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrilib. 

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.

Nəşr edilib : 12.06.2026 17:25