NAXÇIVAN :

31 Avqust 2026, Bazar ertəsi

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

...

Keniyanın Nayrobi şəhərində yerləşən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin (International Peace Support Training Centre – IPSTC) direktoru Çarlz Lenjo Mvaziqenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Təlim Mərkəzində və işğaldan azad edilmiş Ağdam rayonunda olub.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, regional və beynəlxalq əməkdaşlığa geniş yer verən IPSTC dövlətlərarası tərəfdaşlıqlar çərçivəsində yeni təlim proqramlarının yaradılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə önəm verir.

Səfərin əsas məqsədi Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübə, təlim imkanları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanış olmaq, həmçinin qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək olub.

Nümayəndə heyəti ilk olaraq ANAMA-nın Göygöl Təlim Mərkəzini ziyarət edib. Burada qonaqlara minatəmizləmə üzrə kadr hazırlığı, təlim proqramları, təlim infrastrukturu və mütəxəssislərin peşəkar hazırlığının təşkili barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Ağdam rayonunda aparılan minatəmizləmə fəaliyyəti ilə də tanış olub. Qonaqlara ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və digər partlayıcı sursatların törətdiyi fəsadlar, eləcə də bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim olunub.

IPSTC-nin sahə üzrə çoxşaxəli fəaliyyət istiqamətlərini, təlim imkanlarını, innovativ və müasir yanaşmalarını nəzərə alaraq, ANAMA və IPSTC arasında qarşılıqlı faydalı təcrübə mübadiləsi hər iki qurumun fəaliyyətinə müsbət töhfə verəcək.

Nəşr edilib : 31.08.2026 16:24