NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Kəskin respirator virus infeksiyalarından necə qorunaq?

...

 Elə ki soyuq havalar ölkəmizə qədəm qoydu özü ilə bərabər müxtəlif xəstəlikləri də həyatımıza gətirir. Bu baxımdan, payız-qış fəsli belə xəstəliklərin, əsasən də, virus infeksiyalarının yarandığı, aktivləşdiyi və yayıldığı xüsusi dövrdür. Sadə bir soyuqdəymə kimi başlayan bu xəstəliklər ötəri yanaşıldıqda daha da kəskinləşir, bəzən isə nəticələri çox ağır ola bilir. Bəs belə xəstəliklərdən özümüzü necə qoruyaq? Suallarımızı Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərova yönəltdik. Müsahibim bildirdi ki, kəskin respirator virus infeksiyaları viruslar tərəfindən törədilir və tənəffüs yollarını zədələyən xəstəliklərdir. Əhali arasında soyuqdəymə və qrip xəstəliyi kimi də tanınır.

Onun sözlərinə görə, xəstəliyə bütün yaşdan olan əhali arasında, xüsusilə körpələrdə daha çox təsadüf edilir və 3-cü yaşdan başlayaraq aşağı enməyə meyil göstərir. Hər il dünyada 2 milyona yaxın uşaq bu xəstəliyin ağırlaşmalarından ölür ki, bunun da 75 faizi pnevmoniyaların (ağciyərin iltihabı, sətəlcəm) payına düşür. Qeyd edək ki, bu xəstəliyə şəhər yerlərində kənd yerlərinə nisbətən çox rast gəlinir.

Xəstəliyin əsas mənbəyinin elə xəstə insanlar olduğunu söyləyən həkim deyir ki, infeksiyanın yayılması hava damcı yolu ilədir. Xəstə adam asqırdıqda və ya öskürdükdə selik damcılar vasitəsilə bu viruslar ətrafa yayılır və sağlam adamın yuxarı tənəffüs yollarına düşüb onu xəstələndirə bilir. Virus, həmçinin məişət əşyaları (qab, dəsmal, qapı dəstəyi) vasitəsilə də yayıla bilər. Ancaq onu qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Otaq temperaturunda bir neçə saat ərzində və günəş şüalarının təsirindən tez məhv olur.

“Bəs xəstəliyin əsas əlamətləri hansılardır?” sualımızın cavabında müsahibim bildirdi ki, bunlara zökəm, quru öskürək və tənəffüsün çətinləşməsi ümumi zəiflik, əzələlərdə və oynaqlarda ağrılar, burun və udlaq nahiyəsində qıcıqlanma, quruluq, baş ağrıları, hərarətin yüksəlməsi və sair daxildir. Bu zaman hərarət 37,2 dərəcədən 39, hətta 40 dərəcəyədək qalxa bilər. Hərarət orqanizmin müdafiə reaksiyası olub, qanda virusu neytrallaşdıran xüsusi maddələrin yaranmasına imkan verir. Ona görə də xəstədə 38,5 dərəcəyə qədər hərarəti aşağı salmaq məsləhət görülmür. Ancaq hərarət 38,5 dərəcədən yuxarı olduqda onu endirmək üçün təcili tədbirlər görmək lazımdır, əks halda, xüsusilə uşaqlarda qıcolmalar ola bilər.

Uşaqlarda hərarəti salmaq üçün fiziki müalicə metodlarından (uşağın artıq paltardan azad edilməsi, bədənin ilıq su ilə silinməsi, ayağa isti vannaların edilməsi) istifadə etmək olar. Dərman preparatlarından isə ən çox parasetamoldan istifadə olunur. 12 yaşa qədər uşaqlara aspirin vermək məsləhət görülmür. Yadda saxlamaq lazımdır ki, kəskin respirator virus infeksiyaları ağırlaşma verməyibsə, antibiotiklərdən istifadə etmək məsləhət görülmür, çünki antibiotiklər virusa təsir etmir.

Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən asılıdır. Yüngül hərarətsiz soyuqdəymənin dərman müalicəsinə ehtiyacı yoxdur və yaxşı qulluq ediləndə dərmansız da sağalır.

Bu zaman xəstə izoliyasiya olunmalı, yəni ayrıca otaqda yerləşdirilməlidir. Xəstəyə qulluq edənlər maskadan istifadə etməlidirlər. Çoxlu isti içkilər, ümumiyyətlə, çoxlu maye qəbul etmək və xəstəni isti saxlamaq lazımdır. Lakin həddən artıq bükmək olmaz. C vitamini ilə zəngin ərzaqlardan istifadə etmək məsləhət görülür, çünki C vitamini insanın müqavimətini artırır. Körpə südəmər uşaqlarda bu xəstəlik olduqda onları tez-tez əmizdirmək lazımdır.

Bunlardan başqa xalq arasında istifadə olunan müalicə üsullarından: döş qəfəsinə xardal yaxması qoyulması, ayaqlara isti vanna edilməsi və sair üsullardan istifadə etmək olar.

Bəs xəstəliyin profilaktikası yəni qarşısını almaq üçün nə etmək lazımdır?

Məmmədəli həkim məsləhət görür ki, hava şəraitinə uyğun geyinmək lazımdır. Ona görə ki, bədənin soyuması virus infeksiyasına müqaviməti zəiflədir. Vitamin C ilə zəngin qidalardan istifadə etmək, ilin soyuq vaxtlarında hər gün bir diş sarımsaq yemək, yaşadığınız otağın havasını tez-tez dəyişmək. Hamı, xüsusilə yaşlı şəxslər, yenidoğulmuşlar, ağır xroniki xəstəliyi olan şəxslər infeksiya mənbəyindən tədric olunmalıdırlar.

Bəzi hallarda kəskin respirator virus infeksiyalar ağır keçib, ağırlaşmalar baş verə bilər. Bunlardan otitləri, (orta qulağın iltihabı) sinusitləri, (alın və burun ciblərinin iltihabı), pnemoniyaları (sətəlcəm), meningitləri (beyin qişalarının iltihabı) və sair göstərmək olar. Ona görə də yaxşı olar ki, kəskin respirator virus infeksiyalar zamanı xəstələr həkimə müraciət etsinlər.

Unutmayaq ki, sağlamlığımız özümüzə verdiyimiz ən dəyərli hədiyyədir.             

Türkanə ƏSƏDOVA

 

Nəşr edilib : 18.12.2025 11:26