NAXÇIVAN :

04 May 2025, Bazar

Kollegiya iclası keçirilib

...

May ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2025-ci ilin birinci rübü ərzində görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan komitənin sədri Ramilə Seyidova kollegiya iştirakçılarını salamlayaraq, komitənin fəaliyyət istiqamətləri üzrə cari ilin ilk üç ayında həyata keçirilmiş tədbirlər, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O çıxışında, həmçinin 21 aprel 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Baş naziri yanında keçirilmiş müşavirənin protokoluna əsasən komitənin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
Ramilə Seyidova təhsildən yayınma hallarının mövcud vəziyyəti və səbəbləri, uşaq hüquqlarının müdafiəsi, erkən nikahların qarşısının alınması, uşaq əməyinin istismarı ilə mübarizə sahəsində görülən tədbirlər, eləcə də komitə tərəfindən həyata keçirilən layihə və maarifləndirici fəaliyyətlər haqqında geniş təqdimatla çıxış edib. Komitə sədri bu istiqamətdə aparılan monitorinqlər və təhlillər, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verərək növbəti dövr üçün nəzərdə tutulan prioritet fəaliyyətləri də diqqətə çatdırıb.
Kollegiya iclasında daha sonra komitənin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək komitənin 2025-ci ilin I rübü üzrə satınalma planının icra vəziyyəti barədə ətraflı məlumat verib. Satınalmaların şəffaf və qanunvericiliyə uyğun şəkildə icrası, maliyyə vəsaitlərinin səmərəli istifadəsi ilə bağlı görülən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunub. Komitə sədri tərəfindən fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıb.

Nəşr edilib : 03.05.2025 11:51