Ombudsman: Ermənistanın hərbi təcavüzü beynəlxalq ...
18:00 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümünü nəzərə alaraq bu ilin ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin böyük rəmzi mənası var. Azərbaycanın milli birliyimizin, həmrəyliyimizin nəticəsi olan qələbələr qazanması, suverenliyini təmin etməsi, Konstitusiyasının ölkənin bütün ərazilərində qüvvəyə minməsi tarixdə qazandığı ən parlaq zəfərdir.
Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təminatçısı kimi Azərbaycan dövlətinin və xalqının pozulmuş konstitusion hüquqlarını tam bərpa edərək bizə bütöv Azərbaycan bəxş edib.
Əsrlərboyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi tarixinin ən xoş çağlarını yaşayır. Çünki ən ali məqsədinə, ən uca amalına, ən böyük arzusuna çatıb. Müstəqil və suveren dövlətə sahibdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında qeyd olunduğu kimi: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”.
Əsas Qanunumuza uyğun olaraq ölkə vətəndaşlarının azad sahibkarlıq, sosial təminat, mülkiyyət, mənzil və digər hüquqlarının təmin olunmasında Azərbaycan Respublikası ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində görülən tədbirlər və bugünkü uğurlu nəticələr təqdirəlayiq olmaqla həyata keçirilən sosial-iqtisadi siyasətin ən vacib sahələrindən biridir. Konstitusiyamızın 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Şəhərsalma, tikinti fəaliyyəti sahəsində həyata keçirilən dövlət siyasətinin əsasını qanunvericilik bazasının formalaşdırılması, şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi təmin edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və müvafiq olaraq digər beynəlxalq normaları özündə ehtiva edən normativ-hüquqi aktların qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi bazasını formalaşdırmışdır. Eyni zamanda ölkə Prezidentinin müvafiq Fərmanı ilə bu sahədə vahid dövlət siyasətini həyata keçirən mərkəzi İcra Hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və qanunvericiliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması şəhərsalma fəaliyyəti sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsinə zəmin yaratmaqla, nəticə etibarilə, torpaqlardan səmərəli istifadə edilməsinə, ərazilərin dayanıqlı inkişafına, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsinə, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunmasına, bu sahədə fəaliyyətin hüquqi və iqtisadi tənzimlənməsinə əlverişli mühit yaratmışdır. Ölkə Prezidenti tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas amalı olan Azərbaycan vətəndaşının sosial-rifah halının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qəbul edilən qərarlar, o cümlədən tikinti icraatında sadələşdirilmiş “Bir pəncərə” prinsipinin təmin olunması, vətəndaşlar tərəfindən sənədsiz tikilmiş qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismara icazənin verilməsi qaydalarının sadələşdirilməsi haqqında qəbul edilmiş qərarlar mühüm əhəmiyyət kəsb etməklə tikinti sektorunda canlanma yaratmışdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən müasir şəhərsalma tədbirləri tarixi-memarlıq abidələrinin qorunması, bərpası ilə yanaşı, aparılmaqdadır. Hələ Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdən irs qoyduğu ənənəyə uyğun olaraq tariximizin canlı nümunəsi olan arxeoloji tapıntıların, tarixi-memarlıq abidələrinin yad təsirlərdən qorunması, mühafızəsi və bərpası işi diqqət mərkəzində saxlanmışdır. Ümummilli Liderimiz demişdir: “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi- memarlıq abidələri var. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onların uçurdulması, dağıdılması halları olubdur. Amma bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənlərini göstərən abidələrdir. Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir?”
Həmin dövrdə Ümummilli Liderimizin diqqət və qayğısı nəticəsində Naxçıvan abidələri ikinci ömrünü yaşamağa başlamışdır. Möminə xatun və Qarabağlar memarlıq kompleksi restavrasiya edilmiş, Əshabi-kəhf, İmamzadə, Buzxana abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan evi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Culfada Xanəgah kompleksi əsaslı bərpa olunmuşdur. Gəmiqaya qayaüstü təsvirlərini öyrənmək məqsədilə elmi ekspedisiyalar yaradılmış, Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsi həyata keçirilmişdir. Bununla yanaşı, müasir memarlıq arnomentlərindən istifadə edilməklə şəhərlərimizin estetik gözəlliyinin qorunması, yeni şəhərsalma planlaşdırma işlərinin aparılmasına da xüsusi önəm verilmişdir.
Bu gün də ölkəmizdə Ulu Öndər ənənələri, insanların rifahına səbəb olan dövlət siyasəti uğurla davam və inkişaf etdirilməkdədir. Xüsusilə ölkə Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bütün sahələrdə, o cümlədən şəhərsalma fəaliyyəti sahəsində qarşıdakı illərdə geniş imkanlar yaradacaqdır. Naxçıvan Muxtar Respublikasının yaxın gələcəkdə 2027-ci ilədək dövrdə inkişafını əhatə edən Dövlət Proqramında əsaslı infrastruktur layihələrinin həyata keçirilməsi, yeni ticarət obyektlərinin, “Bərpa olunan enerji”, günəş və külək elektrik stansiyalarının, xidmət sahələrinin, sağlamlıq, turizm obyektlərinin infrastrukturunun yaradılması nəzərdə tutulmuşdur. Proqramda, eyni zamanda əhalinin, xüsusilə gənclərin, azgəlirli ailələrin mənzil tələbatının təmin edilməsi üçün şəhər və rayonlarda güzəştli, sosial mənzillərin, mərkəzlərin tikilməsi əsas prioritetlərdən biridir.
Bu illər ərzində proqrama uyğun olaraq ərazi planlaşdırılmasının, o cümlədən Naxçıvan iqtisadi rayonunun ümumi planının və Naxçıvan, Ordubad, Şahbuz, Culfa, Babək şəhərlərinin Baş planlarının hazırlanmasının təmin edilməsi insanların sağlam və təhlükəsiz yaşayışı, ətraf mühitin mühafizəsi, şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından planlı təşkili, torpaqlardan səmərəli istifadə olunmasına və ən əsası, bu işlərə investisiyalar cəlb edilməklə məşğulluğun inkişafına, sosial-rifahın daha da yaxşılaşmasına imkan yaradacaqdır.
Dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.
Elçin KAZIMOV
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin əməkdaşı
Digər xəbərlər