Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Maliyyəçi və mühasiblərin il sonu hesabatlılığı” adlı tədbir keçirilib.
Maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi üzrə mövcud tələblərin izah olunması, yol verilən nöqsanların aradan qaldırılması, habelə büdcə təşkilatlarında maliyyə intizamı və hesabatlılığının gücləndirilməsi məqsədilə keçirilən tədbirdə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının maliyyə-mühasibatlıq sahəsi üzrə məsul əməkdaşları, habelə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin struktur bölmələrinin müvafiq sahə üzrə əməkdaşları, maliyyə və vergi sahəsi üzrə dəvət olunmuş mütəxəssis və ekspertlər iştirak ediblər.
Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi hissədə çıxış edən Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov büdcə təşkilatlarında maliyyə hesabatlarının qanunvericiliyin tələblərinə uyğun, vaxtında və düzgün təqdim edilməsinin maliyyə intizamının möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi üzrə mövcud normativ-hüquqi tələblərin izah olunması, yol verilən nöqsanların aradan qaldırılması, maliyyəçi və mühasiblərin peşə biliklərinin artırılması olduğunu bildirib.
Tədbir çərçivəsində maliyyə hesabatlarının hazırlanma qaydaları və vergi hesabatlılığı mövzularında ekspert təqdimatları keçirilib, normativ sənədlərin tətbiqi mexanizmləri izah olunub. Arif Ataxanlı “Maliyyə hesabatlarının hazırlanması” mövzusunda, Ayxan Ələkbərov isə Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı çıxışlar edib, praktiki məsələlər üzrə müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda Maliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətində fərqlənən şəxslər müxtəlif nominasiyalar üzrə təltif edilib.
Digər xəbərlər