Bakıda dəyişən idarəetmə mühitində yeni institusio...
14:56 05.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
İşğaldan azad olunmuş ərazilərdə ümumi makroaqrar siyasətə uyğun olaraq torpaqlar iki əsas istiqamət üzrə 50/50 nisbətində bölüşdürülür. Belə ki, torpaqların 50 faizinin əhaliyə, öz kəndləri ətrafında 1-2 kilometr radiusda, bütün infrastruktur imkanları yaradılmaqla təqdim olunması nəzərdə tutulur. Lakin bu ərazilərdə minimum torpaq sahəsi tələbi 5 hektar müəyyən edilib. Bu qərar Azərbaycanın digər regionlarında son illərdə aparılan araşdırmalar və əldə olunan təcrübə əsasında qəbul olunub.
"Şərq qapısı" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, torpaqların digər 50 faizi investisiya məqsədilə nəzərdə tutulub. Bu, kəndlərdən daha uzaq ərazilərin investorlara icarəyə verilməsini təmin edir və həmin investisiyalar müsabiqə yolu ilə reallaşdırılır. Artıq 4 müsabiqə yekunlaşıb. Müsabiqələrdə 500-dən artıq müraciət qeydə alınıb və müraciətlərin təqribən 48-50 faizinin qalibləri müəyyənləşdirilib. Müxtəlif sahələr üzrə minimum 20 hektar və daha böyük ərazidə investisiya qoyuluşu tələbi müəyyən edilib.
O vurğulayıb ki, investisiyayönümlü heyvandarlıq, balıqçılıq, bağçılıq və əkinçilik sahələri üzrə müraciətlər daxil olub və qaliblər müəyyənləşdirilib. Yekun hədəf investisiyaların cəlb edilməsi və sonradan kəndlərə təqdim olunacaq torpaqların 50 faizinin səmərəli istifadəsinin təmin edilməsidir.
“Əsas məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin. Hazırda ölkə üzrə hər bir təsərrüfata orta hesabla düşən 1,7 hektar torpaq sahəsindən fermerlərimiz kifayət qədər gəlir əldə edə bilmirlər. Bəzi kəndlərdə ayrılan torpaq sahələrinin həcmi oradakı yaşayış evlərinin sayına uyğun deyil və ya tələbatdan azdır. Bu halda bizim təklifimiz birləşmək, ailə kəndli təsərrüfatları və ya kooperativlər yaratmaqdır”, – deyə M.Məmmədov bildirib.
Digər xəbərlər