NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Mən Cavidlər ocağının sönməyən məşəliyəm

...

Naxçıvanın qədim Əlixan məhəlləsində sakitcə dayanıb əsrlərin axışını izləyirəm... Mən daşdan, kərpicdən hörülmüş bir bina deyiləm, böyük bir zəkanın, fırtınalı taleyin və bədii təfəkkürün ilk qığılcımlarını bağrında yaşadan canlı şahidəm. Divarlarıma hopan hər kölgə, pəncərələrimdən süzülən hər işıq zərrəsi Şərqin böyük filosof-şairi Hüseyn Cavidin nəfəsini yaşadır. Onun gənclik illərinə, misra-misra doğulan böyük poeziyasına, ilk arzularına və sənət eşqinə 1918-ci ilədək burada qucaq açmışam. O günlərdə divarlarım onun fəlsəfi düşüncələrinin əks-sədası ilə yaşayır, hər guşəmdə romantizmin ecazkar ruhu dolaşırdı. Cavid bu ocaqdan ayrılandan sonra uzun illər onun dönüşünü, isti nəfəsini və doğma addım səslərini böyük həsrətlə gözlədim.

Zaman keçdikcə fırtınalı illərin tozu üstümə qonsa, unutqanlığın soyuq nəfəsi divarlarımı sarısatsa da, daxilimdəki müqəddəs işıq heç vaxt sönmədi. Unudulmaq qorxusu qəlbimi bürüdüyü anlarda belə inanırdım ki, bu böyük ruh bir gün yenidən öz doğma yuvasına qayıdacaq. Nəhayət, böyük şəxsiyyətə və milli irsə göstərilən misilsiz ehtiram sayəsində yenidən dirçəldim. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən təşəbbüsü və xüsusi diqqəti ilə bağrımdakı əziz xatirələr yenidən işığa çıxdı, tarixin tozlu səhifələrindən qoparaq gələcəyə yol aldı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 21 iyul 1981-ci il tarixli “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” Qərarı ilə adi yaşayış evi olmaqdan çıxıb, şairin xatirəsini əbədiləşdirən müqəddəs bir ocağa – muzeyə çevrilmək hüququ qazandım. O gün sanki divarlarım yenidən nəfəs aldı, illərin nisgili yerini qürura və ümidə verdi.

İllər sürətlə ötüb keçdi və 1984-cü il iyunun 9-u Naxçıvanın mənəvi həyatına qızıl hərflərlə yazıldı. Həmin gün Cavidsevərlərinin, ədəbiyyat aşiqlərinin üzünə qapılarımı rəsmən açdım. Açılan təkcə mənim taxta qapılarım deyildi, illərlə həsrətə, sürgünə məhkum edilmiş Hüseyn Cavid də həmin gün incidilmiş doğma ocağına, öz doğma yuvasına, öz xalqının qəlbinə qayıtdı. Mən artıq, sadəcə, eksponatların nümayiş edildiyi bir bina deyildim. Cavidşünaslığın, milli təfəkkürün və romantizm işığının yaşadıldığı mənəvi mərkəzə çevrilmişdim. İçimdə qorunan hər əşya, hər əlyazma, hər bir saralmış şəkil ziyarətçilərə şairin acılı-şirinli taleyindən, sarsılmaz iradəsindən öz dili ilə danışmağa başladı. Buraya gələn hər kəs şairin mənəvi aləminə daxil olur, onunla üz-üzə qalırdı.

Tarix irəlilədikcə mənəvi yüküm daha da artdı, əhatəm genişləndi, bağrımda yaşatdığım ehtiram daha da dərinləşdi. 2015-ci ildən etibarən tərkibimə Hüseyn Cavidin əbədi istirahətgahı – möhtəşəm məqbərəsi də daxil edildi və adım “Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksi” oldu. İndi buraya qədəm qoyan hər kəs şairin gənclik illərinin nəfəsini duyur, pəncərələrimdən boylanaraq onun əbədiyyət məqbərəsinə ehtiramla nəzər salır. Mən Cavidlər ocağının sönməyən məşəliyəm. Bir xalqın öz dahi şairinə olan əbədi sevgisinin, bitməz ehtiramını və zamana qalib gələn sənətinin daşıyıcısıyam. Mən təkcə həmin dahinin keçmişinin şahidi deyiləm. Mən Cavid ruhunu bu gündən gələcəyə daşıyan əbədi körpüyəm…

         Elnurə CƏFƏROVA

Nəşr edilib : 04.08.2026 11:26