NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib

...

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tarixi Vaşinqton Sammitinin birinci ildönümünə təsadüf edən görüş Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub.

Görüş zamanı tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyəti müzakirə edib, maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunması istiqamətində növbəti addımları nəzərdən keçiriblər. Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesə dair fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib.

Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib və əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.

Nəşr edilib : 12.08.2026 00:22