NAXÇIVAN :

07 Noyabr 2026, Şənbə

Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

...

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Pürcüvar Dövlət Meşəsi ərazisində ağacəkmə aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aksiyada Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, dövlət və hökumət nümayəndələri, eləcə də Nazirliyin və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində 1 hektar sahədə 825 ədəd tut tingi əkilib.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Baş nazirə 2026-cı ilin yaz mövsümündə həyata keçirilən yaşıllaşdırma tədbirləri, eləcə də cari ilin payız əkin mövsümündə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, muxtar respublika ərazisində yaz mövsümündə 231,23 hektarda meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, payız mövsümündə isə 254,27 hektar sahədə həyata keçirilməsi planlaşdırılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacların nömrələnməsi layihəsi çərçivəsində əkilən tinglər uçota alınaraq inventarlaşdırılıb və hər bir ağacın üzərinə fərdi identifikasiyasını təmin edən inventar lövhələr vurulub.
Qeyd edək ki, ağaclar haqqında məlumatların ictimaiyyətə açıq və əlçatan formada təqdim olunması məqsədilə www.agac.az portalından istifadə olunur. Portal Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi kimi yaradılıb.

Nəşr edilib : 07.11.2026 16:08