NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Mənim həyatımda “Şərq qapısı”nın da rolu var

...

Bu il doğma qəzetimiz “Şərq qapısı”nın nəşrə başlamasından 105 il ötür. Yüz beş il – bir insan ömründən böyük, bir xalqın tarixi yaddaşında isə çox mənalı zaman kəsiyidir. Bu illər ərzində “Şərq qapısı” Naxçıvan tarixinin canlı salnaməsinə, xalqın düşüncə tərzinin və ictimai fikrinin güzgüsünə çevrilib. “Şərq qapısı” qəzeti Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafında, cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayıb. Eyni zamanda bu mətbuat orqanı peşəkar jurnalist kadrların hazırlanmasında əsas məktəblərdən biri olub. Neçə-neçə qələm sahibi, neçə-neçə söz adamı məhz bu qəzetin səhifələrində püxtələşib, öz sənətkarlıq məktəbini burada keçib. 

XIX əsrin sonu-XX əsrin əvvəllərində Naxçıvanın qabaqcıl ziyalıları dünyanın müxtəlif mətbuat orqanları ilə əlaqələr saxlayırdılar. Qurbanəli Şərifzadə, M.T.Sidqi, Əliməmməd Xəlilov, Eynəli bəy Sultanov, Paşa ağa Sultanov Yaxın Şərq ölkələrində nəşr olunan bir sıra qəzetlərin bölgə təmsilçisi kimi fəaliyyət göstərirdilər. Onlar millətin   maariflənməsi, dünyagörüşünün genişlənməsi üçün mühüm işlər görürdülər. Bu ənənə “Şərqi-rus” qəzeti və “Molla Nəsrəddin” jurnalının nəşri ilə daha da genişləndi, Naxçıvan ziyalıları milli mətbuatın inkişafında özünəməxsus iz qoydular.
Nəhayət, 1921-ci ildə Naxçıvanda “Cavanlar həyatı” və “Füqəra səsi” qəzetləri nəşr olunmağa başladı. Lakin onların ömrü uzun olmadı. Tarix bəzən sınaq-xəta yolu ilə irəliləyir – hər bir təşəbbüs uğurlu olmasa da, sonrakı addımlar üçün zəmin yaradır. Sonunda həmin ilin 21 noyabr tarixində bu gün şanlı tarixi keçmişi olan “Şərq qapısı” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Bu tarix, sadəcə, bir qəzetin doğum günü deyil, Naxçıvanın mənəvi-mədəni həyatında yeni bir mərhələnin başlanğıcı idi.
Qəzetin ilk redaktorları sırasında Rzaqulu Axundov, Vahab Həsənzadə, Həsən Əlizadə, Əlisəttar Qılmanov və Abbas Gülməmməd­ovun adları çəkilir. Onların hər biri öz dövrünün çətinliklərinə baxmayaraq, qəzetin nüfuzunun qorunması və inkişafı üçün böyük əmək sərf edib. “Şərq qapısı” həmin illərdə dövlət siyasətini təbliğ etməklə yanaşı, xalqın mədəni həyatını, ədəbiyyat və incəsənəti, folkloru əks etdirən yazılara da geniş yer verib, muxtar respublikada gedən sosial-mədəni proseslərin güzgüsünə çevrilib.
İkinci dünya müharibəsi illərində qəzet faşizmə qarşı mübarizənin işıqlandırılmasında mühüm rol oynayıb. Cəbhədən gələn xəbərlər, döyüşçülərin qəhrəmanlığı, arxa cəbhədə çalışan insanların fədakarlığı qəzetin səhifələrində öz əksini tapıb. 1990-cı il 20 Yanvar faciəsi günlərində isə “Şərq qapısı” xalqın düşüncələrini ifadə edən mühüm tribunaya çevrilib.
Ulu Öndər Heydər Əliyev “Şərq qapısı” qəzetinin fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. Bu sözlər qəzetin yalnız informasiya vasitəsi deyil, neçə-neçə nəslin formalaşmasında iştirak edən mənəvi məktəb olduğunu göstərir. Ulu Öndərin bu etirafı “Şərq qapısı”nın tarixi missiyasının miqyasını bir daha göz önünə sərir.
Mən özüm də orta məktəbdə oxuduğum illərdən “Şərq qapısı”nın daimi oxucusu olmuşam. Qəzetlə sıx əməkdaşlıq etmişəm. Hər səhər onun yeni nömrəsini gözləmək, səhifələrində dərc olunan yazıları oxumaq o dövrün gəncləri üçün adi vərdişdən daha çox mənəvi ehtiyac idi.
Qəzet işinə və mətbuata böyük marağım olduğuna görə 1963-1966-cı illərdə “Şərq qapısı”nın ştatdankənar müxbiri kimi müxtəlif mövzularda xəbər və məqalələrlə çıxış etmişəm. 
Həmin illər mənim üçün yalnız yazı yazmaq təcrübəsi deyildi. “Şərq qapısı” mənə həyatı və insanları daha dərindən görməyi, cəmiyyətdə baş verən hadisələrə diqqətlə və tənqidi yanaşmağı öyrətdi. Ədəbi-elmi qabiliyyətimin üzə çıxmasında, mətbuatla əlaqələrimin genişlənməsində, imzamın tanınmasında, ümumiyyətlə, bir ziyalı kimi formalaşmağımda bu qəzetin mühüm rolu oldu.
Redaksiyaya hər gəlişim, Hüseyn Razi, Sənubər Kərimova, Əliyar Yusifli kimi təcrübəli jurnalistlərlə hər söhbətim mənə yeni bir zənginlik bəxş edirdi. Məhz bu mühit humanitar sahəyə marağımı daha da artırdı və filoloji sahədə ali təhsil almağı qarşıma məqsəd qoydum. Bu həvəs və qətiyyət nəticəsində 1966-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul oldum.
“Şərq qapısı” bir çox görkəmli Azərbaycan yazıçı və şairinin yaradıcılıq yolunda da mühüm rol oynayıb. Yazıçı Əvəz Sadıq 1926-1927-ci illərdə, Xalq yazıçısı Əli Vəliyev isə 1933-1934-cü illərdə bu qəzetin redaktoru olub. Şair İslam Səfərli, yazıçı Nağı Nağıyevin yaradıcılıq bioqrafiyasında da qəzetin özünəməxsus yeri var. Bu faktlar “Şərq qapısı”nın yalnız xəbər və məlumat mənbəyi deyil, həm də istedadları üzə çıxaran, gənc qələm sahiblərinə yol açan ədəbi-mədəni məktəb olduğunu göstərir.
Qəzet muxtar respublikanın sosial-iqtisadi həyatını da geniş işıqlandırıb. Kənd təsərrüfatından sənayeyə, təhsildən səhiyyəyə qədər həyatın müxtəlif sahələri qəzetin diqqət mərkəzində olub. Ədəbiyyat və folklor səhifələri yeni ədəbi qüvvələrin yetişməsinə, zəngin şifahi ədəbiyyat xəzinəmizin oxuculara çatdırılmasına stimul verib. Qəzetin əlavələri və xüsusi buraxılışları da oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Bu gün geriyə – keçilmiş 105 illik yola nəzər saldıqda görürük ki, “Şərq qapısı” zamanın nəbzini tutmağa, cəmiyyətin güzgüsü olmağa, xalqın səsinə səs verməyə çalışıb. O, nəsillər arasında körpü yaradıb, tarixi hadisələrin şahidi və salnaməçisi olub. Qəzetin səhifələrində Naxçıvanın taleyi, sevinci və kədəri, uğurları və çətinlikləri öz əksini tapıb. Buna görə də “Şərq qapısı” təkcə bir mətbuat orqanı deyil, Naxçıvanın mənəvi kimliyinin ayrılmaz hissəsidir.
Mən bu gün fəxrlə deyə bilərəm ki, şəxsiyyətimin formalaşmasında, həyat yolumun müəyyənləşməsində “Şərq qapısı” qəzetinin danılmaz rolu olub. Gənclik illərimdə bu qəzetlə çiyin-çiyinə çalışmaq, səhifələrində yazılarımı görmək mənə qanad verib, gələcək yolumu müəyyənləşdirməyimə ciddi təsir göstərib. Bu gün, qəzetin 105 illiyi münasibətilə, “Şərq qapısı”na və onun bütün əməkdaşlarına, bu qəzetdə müxtəlif illərdə çalışanlara və bu gün onun ənənələrini yaşadanlara dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, “Şərq qapısı” bundan sonra da xalqımıza doğru sözün, düzgün məlumatın və mənəvi zənginliyin qapısını açmaqda  davam etsin.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

 

Nəşr edilib : 26.09.2026 17:08