NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Milli birliyimiz sarsılmazdır

...

Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun müstəqillik arzularını gerçəkləşdirən və bu müstəqilliyi milli həmrəylik və ideologiya üzərində inşa edən Ümummilli Lider Heydər Əliyev kimi dühası olub. Ulu Öndərin bu siyasi irsi 1991-ci il dekabrın 16-da onun rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması ilə bir daha təsdiq edilib. Həmin qərara əsasən 1991-ci ilin 31 dekabr tarixi ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edilib. Dünyada yaşayan bütün azərbaycanlıların birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyev həmin sessiyadakı çıxışında qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim Türk diyarında irəli sürülmüşdür”.

Bu addım növbəti illərdə dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Azərbaycanın yenidən bərpa olunmuş müstəqilliyinin ilk kövrək illərində dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi Ulu Öndərin müstəqil Azərbaycanın gələcək inkişafı üçün həyata keçirdiyi ən mühüm tədbirlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev milli həmrəyliyimizin yaradılmasının Ulu Öndərin adı ilə bağlı olduğunu bildirərək demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.

Dünya azərbaycanlılarının milli həmrəyliyi istiqamətində görülən işlər Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da genişləndi, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparıldı. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı.  Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır. Tarixi zəfər nəticəsində daha da möhkəmlənən milli həmrəyliyimiz bu gün ictimai-siyasi həyatın bütün sahələrində özünü göstərir. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər milli dövlətçilik salnaməmizdə həm də ona görə müstəsna əhəmiyyətə malikdir ki, bu Böyük Qələbə yeni-yeni möhtəşəm tarixi günlərimizə vəsilə olur, qürurun ardınca qürur gətirir. Mədəniyyət paytaxtımız Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi isə dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin milli yaddaşına fəxarət hissi kimi əks olundu. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Dünya Azərbaycan xalqının birliyinə bir daha şahid oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 29.12.2025 16:50