NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Milli Həmrəylik: konstitusion hüquqlara malik suveren Azərbaycan naminə vahid ideologiya

...

Azərbaycançılıq ideologiyasının banisi, böyük azərbaycanlı Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan, fəaliyyət göstərən həmvətənlərimizin Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə əks etdirən milli həmrəyliyinə, milli birliyinə nail olmaqla xalqımız qarşısında misilsiz tarixi xidmətlər göstərib. “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyən dahi şəxsiyyət Azərbaycançılıq ideologiyasını, milli həmrəyliyi inamlı sabahlar, işıqlı gələcək naminə hər bir azərbaycanlının həyat qayəsinə, hədəfinə, məqsədinə çevirib. 
Ümummilli Liderimiz Heydər Əliyevin Sədrliyi ilə 1991-ci il dekabrın 16-da keçirilən Ali Məclisin sessiyasında qəbul edilən tarixi qərarla 31 dekabr günü muxtar respublikada ilk dəfə olaraq “Həmrəylik bayramı” kimi qeyd edildi. Bu qətiyyətli addım dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında mühüm rol oynadı. Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi istiqamətində Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət həm də müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biridir.
Azərbaycançılıq ideologiyasının banisi, böyük azərbaycanlı Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan, fəaliyyət göstərən həmvətənlərimizin Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə əks etdirən milli həmrəyliyinə, milli birliyinə nail olmaqla xalqımız qarşısında misilsiz tarixi xidmətlər göstərib. “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyən dahi şəxsiyyət Azərbaycançılıq ideologiyasını, milli həmrəyliyi inamlı sabahlar, işıqlı gələcək naminə hər bir azərbaycanlının həyat qayəsinə, hədəfinə, məqsədinə çevirib. 
Ümummilli Liderimiz Heydər Əliyevin Sədrliyi ilə 1991-ci il dekabrın 16-da keçirilən Ali Məclisin sessiyasında qəbul edilən tarixi qərarla 31 dekabr günü muxtar respublikada ilk dəfə olaraq “Həmrəylik bayramı” kimi qeyd edildi. Bu qətiyyətli addım dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında mühüm rol oynadı. Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi istiqamətində Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət həm də müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biridir.

Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın qurtuluş, özünə qayıdış dövrü kimi xarakterikdir. Bunun birinci səbəbi, sözsüz ki, həmin dövrdə muxtar respublikada görülən işlərdə prinsip etibarilə milli birlik və həmrəyliyin ön sırada dayanmasıdır. Bəli, işğal təhlükəsi ilə üz-üzə, dünyadan, demək olar ki, təcrid vəziyyətdə qalmış Naxçıvanın etibarlı sabahlara gedən yolu, məhz muxtar respublika sakinlərinin Ümummilli Liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi sayəsində mümkün idi və belə də oldu. Bu mənada, təsadüfi deyildir ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də məhz milli birlik və həmrəylik, Azərbaycançılıq ideologiyası üzərində bərqərar edildi. 

Naxçıvanda atılan tarixi addımlar uçurumun kənarında dayanan ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatında dönüş nöqtəsinə çevrilməklə xalqımızı əbədi nicat yoluna çıxardı. 1993-cü ilin 15 iyununda milli həmrəylik Milli Qurtuluşa yol açdı, intibaha rəvac verdi, xalqın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldi və bundan sonra Azərbaycan diasporunun, lobbisinin formalaşdırılması istiqamətində ardıcıl, məqsədyönlü işlər aparıldı. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olan Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc rolunu oynamaqla onların milli maraqlar naminə fəaliyyətinə stimul verdi. Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən mühüm tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin o dövr üçün ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi. Ümummilli Lider həmin qurultayda çıxışı zamanı dünya azərbaycanlılarının həmrəyliyini vacib vəzifə kimi önə çəkərək bunun üçün zəruri istiqamətləri diqqətə çatdırdı. Məhz bu mühüm tədbirdən sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, dünya azərbaycanlılarını birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başladılar. 

    Tarixi zəfər, tarixi qurultay

1993-cü ildə xalqımızı Milli Qurtuluşa, ölkəmizi müstəqillik yoluna çıxaran Azərbaycançılıq ideologiyası, milli həmrəylik ideyası 2003-cü ildən sonra respublikamızın beynəlxalq əlaqələr, siyasi, iqtisadi münasibətlər sistemində daha böyük hədəflər uğrunda mübarizəsinə mayak oldu. Dövlət başçısı İlham Əliyevin bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr verdi. 

Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi ilə diaspor quruculuğu işi yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirildi. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, sahibkarlar iştirak etdilər. Qurultaylar düşmən manipuliyasiyalarının, siyasi, ictimai təxribatlarının qarşısının alınması üçün mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirməklə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrildi. 
Sözsüz ki, ölkəmiz Azərbaycançılıq və milli həmrəylik ideologiyasının ən böyük təntənəsini məhz 2020-ci ildə yaşadı. Həmin il sentyabrın 27-dən etibarən dünyanın müxtəlif yerlərində yaşayan böyükdən-kiçiyə hər bir azərbaycanlının ürəyi anbaan Vətənimizlə, haqq-ədalət savaşı aparan mərd oğullarla döyündü. 44 gün davam edən Zəfər yürüşümüz xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının dəstəyindən də güc alaraq xalq-ordu-lider həmrəyliyi sayəsində böyük qələbə, tarixi zəfərlə yekunlaşdı. II Qarabağ müharibəsində qazandığımız zəfər milli dövlətçilik salnaməmizdə ona görə müstəsna əhəmiyyətə malikdir ki, bu böyük qələbə yeni möhtəşəm tarixi günlərimizə, yeni qələbələrə vəsilə olur, qürurun ardınca qürur gətirir. Bu baxımdan, 2022-ci il aprelin 22-də zəfərimizin simvolu sayılan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi də dünyanın müxtəlif məkanlarında yaşayan həmvətənlərimizə fəxarət hissi yaşatmaqla illərlə aparılan təbliğat işlərinin, təşviqat kampaniyalarının hədər getmədiyini göstərdi. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının zəfər qurultayı kimi yazıldı. Qurultay həm də Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə dünya azərbaycanlılarına xitabən dediyi sözlərin yerinə yetirilməsinin göstəricisinə çevrildi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında çıxışı zamanı da məhz bu məqama xüsusi toxundu: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərinməzmunlu çıxışında, eyni zamanda təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz –  Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir”.
Milli həmrəyliyimizin ən mühüm nailiyyətlərindən biri də böyük qələbəni mükəmməl şəkildə tamamlayan, 2023-cü il sentyabrın 19-20-də reallaşdırılan lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam bərpa olunmasıdır. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla müzəffər Ordumuzun qızıl hərflərlə yazdığı həmin şanlı tarix əbədiləşdirildi, sentyabrın 20-si Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi təsis edildi. 2024-cü il dekabrın 28-də isə Prezident İlham Əliyevin imzaladığı növbəti Sərəncama əsasən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Milli həmrəyliyimizin hüquq göstəricisi kimi bir-birinin məntiqi davamı olan bu iki mühüm dövlət sənədinin müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətli və xüsusi yeri var. 2025-ci il həm “Konstitusiya və Suverenlik İli”, həm də zəfərimizin 5 illiyinin qeyd olunması ilə tarixə düşdü. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Bu bir daha Azərbaycanın bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.   
Milli həmrəyliyin gücündən irəli gəlir ki, düşməni müharibə meydanında məğlub edən Azərbaycan bu gün sülh masasında da qalibdir. Bu il avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi razılaşmalarla respublikamız regionda davamlı sülh və əməkdaşlıq mühiti formalaşdırmaqdadır. Başqa sözlə, Azərbaycan həm qələbənin müəllifi, həm də sülhün memarıdır. Cari il dekabrın 24-də Prezident İlham Əliyevin Ağdam şəhərinə köçən sakinlərlə görüşündə də dediyi kimi: “İndi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik”.

Milli Həmrəylikdən qlobal həmrəyliyə

Bu gün dünya miqyasında nümunəvi milli həmrəylik modeli ortaya qoyan Azərbaycan həm də xalqlar, dinlər, ölkələrarası sülhə, dialoqa körpü salmaqla qlobal həmrəyliyə layiqli töhfələr verir. Ölkəmiz Qoşulmama Hərəkatına dördillik uğurlu sədrliyi dövründə buna bariz şəkildə nail oldu. Xüsusilə də 2019-2020-ci illərdə dünyada tüğyan edən koronavirusla mübarizəyə dair birgə fəaliyyətlə bağlı Azərbaycanın təşkilatın sədri kimi, atdığı qətiyyətli addımlar beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Ümumiyyətlə,  Azərbaycan istənilən beynəlxalq təşkilatın tribunasından, siyasi, iqtisadi platformadan dünya ölkələrini sağlam, etibarlı gələcək naminə həmrəy olmağa səsləyir, birgə fəaliyyətə çağırış edir. Həm 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi mühüm təşəbbüslər irəli sürərək, həm də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum keçirməklə, eyni zamanda ölkəmizdə yaşayan xalqlara məxsus bayramların geniş qeyd edilməsinə şərait yaratmaqla, tarixi günlərdə birgəlik nümayiş etdirməklə, tolerantlıq mühiti formalaşdırmaqla milli həmrəylik prinsiplərini ən gözəl formada ortaya qoyur. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə keçirməklə, xüsusilə kiçik ada dövlətlərinin mənafeyinə uyğun mühüm tarixi qərarların qəbuluna nail olmaqla Azərbaycan həm də iqlim diplomatiyası sahəsində əsl dönüş, əsl həmrəylik nümunəsi yaradıb.
Həmrəyliyimizin ən bariz göstəricisi işğaldan azad olunmuş ərazilərimizdə, Şuşada, Laçında keçirilən “Xarıbülbül” musiqi festivallarında, qlobal media forumunda, beynəlxalq konfranslarda, əzəli torpaqlarımızda ucalan Qarabağ şikəstəsində, Xankəndidəki Zəfər parkında, Qarabağ Universitetində, tarixi-mədəni irsin, mili mənəvi dəyərlərin, elm, təhsil ənənələrinin bərpasındadır. Bu ümumbəşəri ideya Böyük Qayıdış missiyasında, Xocalıda eşidilən toy sədalarında, Zəngilandan gələn körpə səsində, Laçının qoynundan süzülən Həkərinin zümzüməsində, yenidən təşkil olunan Vaqif Poeziya Günlərində, məclislərdə səslənən Xurşidbanu Natəvanın incə ruhlu misralarında, Üzeyirin ölməz sənətində, Bülbülün təkrarsız nəğməsindədir. Birliyimizin rəmzidir daim başımız üzərində dalğalanan üçrəngli bayrağımız, həmrəylik ölkəmizin əldə etdiyi siyasi, iqtisadi qələbələrdə, idmanda, elmdə, təhsildə qazanılan nailiyyətlərdə işıq saçaraq aydınladır gələcəyimizi. Milli həmrəylik bayramımızın sədalarını çox tezliklə Zəngəzur dəhlizindən keçməklə Naxçıvandan-Zəngilana gedən qatarda, avtomobildə eşitmək diləyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümüz mübarək olsun!
 

 

Nəşr edilib : 31.12.2025 01:40