Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd etdiyimiz əlamətdar tarixin ideya müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, 1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etmişdi.
Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, Azərbaycançılıq məfkurəsini bütün dünyada təbliğ edirdi. Dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”. Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış Azərbaycançılıq adlı kamil bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi.
Azərbaycan diasporu bu gün öz inkişafında birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Bu, ilk növbədə, diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış Sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının təşkili diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edirdi.
Dövlətimizin başçısı bütün çıxışlarında bildirir ki, Vətən hər birimizin güvənc yeri, qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək bu gün dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır.
Qələbəmizin simvolu olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün dünyanın müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin yaddaşına qürur hissi kimi əks olundu. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Bu qurultayın məhz Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edirdi. Əvvəla, Azərbaycanın tarixi zəfəri bütün dünya azərbaycanlılarının qələbəsi idi. 44 günlük müharibə zamanı hər bir soydaşımızın ürəyi qəlbən, ruhən doğma torpağı ilə döyünürdü. Tarixi Vətən qarşısındakı mənəvi məsuliyyətini duyan yurddaşlarımız qələbəyə töhfə verməyə çalışırdı. “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır”, – deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bundan sonra xalqımız müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi yaşayacaq.
Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış liderə – dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi:“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.
Ülkər BAYRAMOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər