NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Milli poeziyamızın dəyərli irsinə yeni baxış Hüseyn Razinin “Seçilmiş əsərləri”

...

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair-dramaturq Hüseyn Razinin müxtəlif yaradıcılıq nümunələrinin toplandığı “Seçilmiş əsərləri” adlı yeni nəşr işıq üzü görüb. 335 səhifədən ibarət kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı seçmə şeirlər, “Odlu diyar” pyesi, xatirələri və onun haqqında tanınmış ziyalıların fikirləri bir araya gətirilib.

Şairin oğlu, filoloq-jurnalist Əli Rzayevin redaktorluğu ilə nəşr olunan bu toplu təkcə Hüseyn Razinin əsərlərini bir araya gətirmir, həm də XX əsr Azərbaycan poeziyasının mühüm bir mərhələsini əks etdirən qiymətli mənbə kimi diqqəti cəlb edir. Kitabın üz qabığında şairin doğulduğu Ordubad rayonunun Dəstə kəndindən görünən Kəmki dağının mənzərəsi təsvir olunub. İlk səhifələrdən etibarən oxucu Hüseyn Razinin həyat və yaradıcılığına aparan mənəvi bir yolçuluğa çıxır.

Müəllifin “Xatirə dəftərindən” bölməsində uşaqlıq illəri, Dəstə kəndi, Araz sahilləri, müharibə dövrü və həyat yolunun müxtəlif mərhələləri səmimi dillə qələmə alınıb. Bu xatirələr şairin yaradıcılıq dünyasının formalaşmasını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Topludan aydın görünür ki, Hüseyn Razi ömrünün mühüm hissəsini doğma Naxçıvana bağlamış, yaradıcılığında bu qədim diyarın təbiətini, tarixini, insanlarını və milli-mənəvi dəyərlərini böyük sevgi ilə tərənnüm etmişdir. Onun poeziyasında Əlincə qalası, Batabat yaylaqları və bütövlükdə, Azərbaycan torpağı canlı poetik obrazlara çevrilir. Məhz bu xüsusiyyət Hüseyn Razi yaradıcılığını regional çərçivədən çıxararaq ümummilli ədəbi dəyər səviyyəsinə yüksəldir.

Kitabda müəllifin müxtəlif mövzuları əhatə edən çoxsaylı şeirləri yer alıb. “Vətən eşqi”, “Torpaq”, “Bu yerlər”, “Əlincə qayaları”, “Sevgi”, “Bahar” kimi nümunələrdə vətənpərvərlik, torpağa bağlılıq, zəhmətə ehtiram, insan sevgisi və milli kimlik yüksək poetik dillə ifadə olunur. “Qarabağdadır”, “Qardaş”, “Kül olmaz” kimi şeirlər isə xalqımızın taleyi, azadlıq arzusu və milli həmrəylik duyğularını güclü emosional təsirlə əks etdirir. Bu nümunələr Hüseyn Razinin yalnız lirik şair deyil, həm də dövrünün ictimai-siyasi hadisələrinə həssas münasibət bəsləyən, milli mövqeyi ilə seçilən sənətkar olduğunu göstərir.

Şair 1966-cı ildə qələmə aldığı “Ömür” şeirində yazırdı:

                                        Nimdaş paltar kimi sökülür ömür,

                                              Astarı bir yana, üzü bir yana.

                                        Əməllər xəlbirdən keçib ölçülür,

                                         Əyrisi bir yana, düzü bir yana.

Nəşrin diqqətçəkən bölmələrindən biri də “Müasirləri Hüseyn Razi haqqında” başlığı altında təqdim olunan yazılardır. Burada Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Mirzə İbrahimov, İsa Həbibbəyli, Nəriman Həsənzadə, Yavuz Axundlu, Rüstəm Behrudi və digər tanınmış ədəbiyyat xadimlərinin şair haqqında yüksək dəyər verdikləri fikirlərə yer verilib. Bu rəylər Hüseyn Razinin Azərbaycan ədəbiyyatındakı mövqeyini və yaradıcılığının ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini aydın şəkildə nümayiş etdirir.

Kitabın maraq doğuran bölmələrindən biri də şairin övladlarının qələmə aldıqları xatirələrdir. Bu yazılarda Hüseyn Razinin yalnız sənətkar kimi deyil, həm də prinsipial, bütöv şəxsiyyət, zəngin mütaliəyə malik ziyalı və qayğıkeş ailə başçısı kimi obrazı yaradılır. Müəlliflər onun həqiqətə sadiqliyindən, poeziyaya sonsuz bağlılığından, gənc nəslə münasibətindən və milli düşüncəsindən bəhs etməklə oxucuda şair haqqında dolğun təsəvvür formalaşdırırlar.

“Seçilmiş əsərləri” yalnız poeziya həvəskarları üçün deyil, həm də Azərbaycan ədəbiyyatını, XX əsr Naxçıvan ədəbi mühitini və milli-mənəvi dəyərlərimizi araşdıran tədqiqatçılar üçün dəyərli mənbədir. Topluda müxtəlif yaradıcılıq mərhələlərinə aid nümunələrin sistemli şəkildə təqdim olunması Hüseyn Razinin poetik inkişaf yolunu izləməyə imkan yaradır. Bu nəşr şairin zəngin irsinin daha geniş oxucu auditoriyasına çatdırılması və gələcək elmi araşdırmalar üçün etibarlı mənbə kimi xüsusi əhəmiyyət daşıyır.

  Əli CABBAROV

Nəşr edilib : 04.08.2026 16:40