Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
Müasir Azərbaycanın, sözün əsl mənasında, müstəqilliyinin tarixi məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsindən sonra başlayır. Ulu Öndər dövlətçiliyimizin etibarlı təməllərini yaradan, hüquqi dövlət quruculuğunu həyata keçirən, Azərbaycanı inkişaf yoluna çıxaran böyük lider Heydər Əliyev öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.
Xalqımızın taleyinin, dövlətçiliyinin müqəddəratının həll olunduğu ən ağır günlərdə Ulu Öndər Heydər Əliyevin idarəçilik sükanının arxasına keçməsi, əslində, onun ölkəmizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Aradan illər ötdükcə, zaman kəsiyi uzandıqca, Azərbaycanımız daha da gücləndikcə, inkişaf etdikcə Heydər Əliyevin o ağır dövrdə gördüyü işlərin mahiyyətini, məzmununu, Ulu Öndərin həmin mürəkkəb şəraitdə hansı çətinliklərə qalib gəldiyini daha dərindən anlayırıq. Ona görə iyunun 15-nin Milli Qurtuluş Günü kimi əbədiləşdirilməsi Heydər Əliyevin tarixi missiyasına verilən layiqli ümumxalq qiymətdir.
1993-cü ilin ağır, gərgin və keşməkeşli günlərində respublikamızda baş verən siyasi-hərbi proseslər orta və yaşlı nəslin xatirindədir. Hakimiyyətdə olan qüvvələrin idarəçilikdəki kobud səhvlərinin nəticəsi olaraq artıq 1992-ci ilin əvvəllərindən başlayaraq, bir tərəfdən torpaqlarımız mənfur qonşumuz Ermənistan tərəfindən işğal olunur, bir tərəfdən də sapı özümüzdən olan baltaların dəstəyi ilə respublikamızda separatçılıq get-gedə güclənirdi. Bununla yanaşı, ölkəmizdə xaosun və anarxiyanın baş alıb getməsi, iqtisadi tənəzzül və vətəndaşların sosial vəziyyətinin həddən artıq aşağı düşməsi ölkənin gələcəyi baxımından yaxşı heç nə vəd etmirdi.
Böyük Heydər Əliyevin tarixi qurtuluş missiyası, əslində, tariximizin sovet illərindən başlayır. Hansı ki həmin mərhələdə Ulu Öndər xalqımızı qorudu, milli-mənəvi dəyərlərimizin itib batmasına imkan vermədi və özü qədər inandığı gələcək müstəqilliyimizin əsaslarını formalaşdırdı.
Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin öz xalqına layiqli xidmətinin daha bir nümunəsini ötən əsrin 90-cı illərinin əvvəllərində gördü. Bu həmin dövr idi ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa vermişdi. Lakin buna baxmayaraq, Heydər Əliyev yenə də doğma xalqının yanında idi və özünün parlaq siyasi dühası ilə yenicə baş qaldırmış milli azadlıq mübarizəsinin vüsət almasına silinməz töhfələr verirdi. Dahi şəxsiyyətin hələ 1990-cı ildə 20 Yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və böyük cəsarətlə xalqımızın haqq səsini ucaltması milli müstəqilliyə gedən yolumuzun ən önəmli hadisələrindən biridir.
Ulu Öndərin 1990-cı ilin iyul ayında Azərbaycana qayıdışı və daha sonra doğulub boya-başa çatdığı Naxçıvana gəlməsi isə xalqımızın müstəqillik mübarizəsinin tamamilə yeni mərhələyə yüksəlməsinə və daha mütəşəkkil forma almasına yeni yol açdı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin böyük müdrikliklə həyata keçirdiyi tədbirlər , ilk növbədə, muxtar respublikanı işğaldan xilas etdi. O illərdə Naxçıvan sakinləri Ulu Öndərin liderliyi ilə silaha sarılaraq qəhrəmancasına şəhidlər verərək doğma diyarın müdafiəsində dayandı.
Yalnız Heydər Əliyevin Bakıya gəlişindən sonra ağır sarsıntılar içərisində olan xalq rahat nəfəs aldı, hər kəsin çiynindən sanki ağır yük götürüldü. Bütün xalq tam əmin idi ki, xalqımızın sevilən oğlu Heydər Əliyevin proseslərə müdaxiləsi ilə respublikamızın başının üstünü almış təhlükələr aradan qalxacaq. Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi müstəqillik və dövlətçilik tariximizin dönüş məqamına çevrildi. Bu siyasi qərar bütün xalqımızın dahi şəxsiyyət Heydər Əliyevə olan dərin inamının təntənəsi idi. Heydər Əliyev hər siyasətçinin öhdəsindən gələ bilməyəcəyi missiyanı qətiyyətlə yerinə yetirdi, dövlətçiliyimizi və müstəqilliyimizi labüd məhvolmadan xilas etdi. Bu özünün dediyi kimi, ömrünün qalan hissəsini də xalqına həsr edən böyük Heydər Əliyevin xalq və dövlət qarşısındakı əvəzolunmaz fədakarlığı oldu.
Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı: “2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.
Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir.Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın suverenliyi tam bərpa edilib.
İllər sonra qazandığımız Böyük qələbənin siyasi və beynəlxalq hüquqi əsaslarının formalaşması üçün sanballı zəmini də məhz Ulu Öndər yaratmışdır. Ulu Öndərin inamını və xalqın böyük etimadını hər zaman öz fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başladı.Möhtəşəm Qarabağ Zəfəri isə Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin vəsiyyətinə əməl edərək və xalqımızın 30 illik torpaq nisgilinə son qoymaqla Azərbaycan dövləti və xalqı üçün yazdığı milli dövlətçilik tariximizin ən şərəfli qürur səhifəsidir. Artıq ölkəmiz üçün yeni reallıqlar, yeni quruculuq, azad edilmiş ərazilərimizin bərpası və inkişaf dövrüdür.
Şuşada keçirilmiş tarixi Zəfər qurultayındakı çıxışı zamanı dövlət başçısı bundan sonra alnıaçıq, üzüağ və qürurlu xalq kimi gələcəyə doğru addımlayacağımıza inamını ifadə edərək demişdir: “...Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər