NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

MM Dövlət Qulluğu Məcəlləsinin yeni hazırlanmış layihəsini ilk oxunuşda qəbul edib

...

Milli Məclis (MM) yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsini ilk oxunuşda qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, layihə parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, hazırda dövlət qulluğu sahəsində münasibətlər "Dövlət qulluğu haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsi istiqamətində islahatların aparılması nəzərdə tutulub.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında dövlət idarəçiliyinin və qulluğunun təkmilləşdirilməsi istiqamətində Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulub.

Vurğulanıb ki, Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.

Təqdim edilən layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarının vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur.

Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.

Beləliklə, Məcəllə layihəsində dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.

Qeyd edilib ki, Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" Qanunla yanaşı, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların qüvvədən düşməsi nəzərdə tutulur.

Digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün isə keçid mexanizmi müəyyən edilir. Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq.

Bununla yeni Məcəllənin hüquqi üstünlüyü təmin edilir və mövcud normativ bazanın mərhələli şəkildə ona uyğunlaşdırılması nəzərdə tutulur.

Vurğulanıb ki, eyni zamanda, hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"nın hüquqi qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər.

Bununla əvvəlki qaydalar əsasında əldə edilmiş hüquqların yeni sistemə keçid zamanı itirilməməsi təmin olunur.

Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı tətbiq ediləcək sənədlərin nümunəvi formaları da müəyyən edilir. Vəzifə təlimatının forması, stajorluq və sınaq müddəti ilə, eləcə də daimi əsaslarla dövlət qulluğuna təyin edilmiş şəxslərlə bağlanılan əmək müqavilələrinin nümunəvi formaları, müsahibədə iştirak üçün müraciət forması və dövlət qulluqçusunun andının mətni təsbit olunur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

Nəşr edilib : 30.09.2026 16:16