Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin...
20:08 30.06.2025
0
0
0
NAXÇIVAN :
30 Iyun 2025, Bazar ertəsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb.
Bu gün keçirilən iclasda monitorinq və əlaqələndirmə qrupunun 2025-ci ilin II rübü ərzində gördüyü işlərin müzakirəsi aparılıb.
İclası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, monitorinq və əlaqələndirmə qrupunun sədri Aytən Məmmədova açaraq bildirib ki, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ-hüquqi aktlardan ibarətdir. Monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydasına uyğun olaraq komitə və aidiyyəti qurumların üzərinə mühüm tapşırıqlar qoyulub. Komitə normativ-hüquqi aktlara əsaslanaraq məişət zorakılığının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. A.Məmmədova vurğulayıb ki, qanuna əsasən məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən birgə və ya əvvəlki birgə yaşamaqdan sui-istifadə etməklə bir şəxsin digərinə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Bu yalnız fiziki zorakılıqla deyil, həm də psixoloji, iqtisadi və cinsi zorakılıq formalarında özünü göstərə bilər.
Ailədə baş verən zorakılıq tək bir ailənin deyil, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə təsir edir. Bu səbəbdən milli-mənəvi dəyərlərin cəmiyyət, xüsusilə də gənclər arasında təbliği vacib hesab olunur. Çıxışında komitə sədrinin müavini qeyd etmişdir ki, bu gün ən ciddi problemlərdən biri də erkən nikahlardır. Erkən nikahlar gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına salmaqla yanaşı, sosial problemlərə, boşanmalara və əlillik riskinin artmasına səbəb olur. Qeyd olunub ki, hazırda bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ölkədə güclü hüquqi baza mövcuddur və komitə tərəfindən bu sahədə kompleks tədbirlər davam etdirilir.
İclasda monitorinq və əlaqələndirmə qrupunun üzvlərindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Ruslan Hüseynov çıxış edərək bildirib ki, məişət zorakılığı təkcə bir ailənin deyil, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş ciddi təhdiddir. Bu problemin həlli üçün kompleks tədbirlər və xüsusi yanaşmalar tələb olunur. Hüquqi mexanizmlərlə yanaşı, cəmiyyətin maarifləndirilməsi də vacibdir. Məişət zorakılığı ilə mübarizə yalnız cinayət qanunvericiliyi çərçivəsində deyil, həm də sosial və psixoloji tədbirlərlə dəstəklənməlidir.
Sonra “Autizmli uşaqlara dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru, dosent doktor Ayaz Seyidli çıxış edərək məişət zorakılığı və onun yaratdığı psixoloji təsirlər barədə ətraflı məlumat verib. Bildirib ki, zorakılığa məruz qalan şəxslərdə uzunmüddətli emosional pozuntular müşahidə olunur. A.Seyidli vurğulayıb ki, belə hallarda zərərçəkənin vəziyyətinin düzgün qiymətləndirilməsi və psixoloji dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır. O həmçinin qeyd edib ki, hər bir zorakılıq hadisəsində ilkin mərhələ düzgün dəyərləndirmə olmalıdır.
İclas diskussiya şəklində davam edib, üzvlər tərəfindən fikir və təkliflər səsləndirilib.
Diskussiya zamanı yerli monitorinq və əlaqələndirmə qrupunun sədrləri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova məişət zorakılığı ilə bağlı öz fikirlərini bildiriblər. Onlar ailə dəyərlərinin qorunmasının və zorakılığın qarşısının alınmasında ictimai maarifləndirmənin vacibliyini vurğulayıblar. Çıxışlarda yerli icra qurumlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən də bəhs olunub.
İclasın sonunda Aytən Məmmədova komissiya üzvlərinə təşəkkürünü bildirib, hər bir üzvün üzərinə düşən vəzifələri məsuliyyətli şəkildə yerinə yetirəcəyinə inamını ifadə edib.
Digər xəbərlər