NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Müasir Azərbaycanda dövlət gənclər siyasəti: nailiyyətlər və regional inkişaf modeli

...

Azərbaycan Respublikasında dövlət siyasətinin əsas prioritetlərindən biri gənclərin hərtərəfli inkişafının təmin edilməsi, onların cəmiyyətin fəal üzvü kimi formalaşdırılması və dövlət quruculuğunda iştirakının genişləndirilməsidir. Müasir dövrdə insan kapitalı ölkələrin inkişafını müəyyən edən başlıca amillərdən biri olduğundan, gənclərin təhsili, məşğulluğu, sosial rifahı, vətənpərvərlik ruhunda yetişdirilməsi və innovativ düşüncə tərzinin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Son onilliklərdə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti bu prinsiplərə əsaslanaraq özünü uğurlu model kimi təsdiqləmişdir.

Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirilmişdir. Nəticədə, Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi, mədəni və idman həyatında aparıcı qüvvəyə çevrilərək dövlətin inkişaf strategiyasının əsas iştirakçılarından biri kimi çıxış edir.

Ulu Öndər Heydər Əliyev gəncləri ölkənin gələcəyinin deyil, həm də bu gününün qurucuları hesab edir, onların intellektual potensialını dövlətin inkişafının əsas təminatlarından biri kimi dəyərləndirirdi. “Təhsil millətin gələcəyidir” fikri onun insan kapitalına verdiyi yüksək önəmin ifadəsi idi. 1969-cu ildən etibarən ali təhsil və elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar, həmin dövrdə 15 mindən artıq azərbaycanlı gəncin keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəblərində təhsil almasına yaradılan şərait sonradan müstəqil Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynadı.

Müstəqillik dövründə isə dövlət gənclər siyasəti institusional əsaslar üzərində inkişaf etdirildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin forumlarının təşkili, qanunvericilik bazasının formalaşdırılması, istedadlı gənclərin dəstəklənməsi və vətənpərvərlik tərbiyəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Heydər Əliyevin gənclərə strateji baxışının mühüm göstəricilərinə çevrildi.

Ümummilli Lider hesab edirdi ki, Azərbaycan gənci milli-mənəvi dəyərlərinə bağlı olmaqla yanaşı, müasir dünyagörüşünə, yüksək biliyə və peşəkar bacarıqlara da malik olmalıdır. Bu yanaşma sonrakı dövrdə həyata keçirilən bütün dövlət proqramlarının ideoloji əsasını təşkil etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələnin əsas xüsusiyyəti gənclərin yalnız sosial dəstəklə əhatə olunması deyil, onların ölkənin inkişaf prosesinin fəal iştirakçısına çevrilməsidir. Qəbul olunan Dövlət proqramları və həyata keçirilən institusional islahatlar nəticəsində gənclərin təhsil, məşğulluq, sahibkarlıq, innovasiya, könüllülük və beynəlxalq əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir.

2007-ci ilin “Gənclər ili” elan edilməsi, ölkənin müxtəlif bölgələrində Gənclər evlərinin yaradılması, Azərbaycan Respublikasının Gənclər Fondunun təsis edilməsi, “Gənclər üçün Prezident Mükafatı”, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də “Yüksəliş” müsabiqəsi dövlətin gənclərə göstərdiyi etimadın konkret ifadəsidir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da minlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına imkan yaradaraq ölkənin peşəkar kadr potensialının güclənməsinə mühüm töhfə vermişdir.

Müasir dövrdə innovasiya və rəqəmsal transformasiya dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Startap ekosisteminin inkişafı, rəqəmsal bacarıqların artırılması, süni intellekt və informasiya texnologiyaları sahəsində layihələrin dəstəklənməsi Azərbaycan gənclərinin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Könüllülük hərəkatının genişlənməsi də son illərin mühüm nailiyyətlərindəndir. Beynəlxalq tədbirlərdə, humanitar aksiyalarda və sosial layihələrdə minlərlə gəncin könüllü kimi iştirakı onların liderlik keyfiyyətlərinin, sosial məsuliyyət hissinin və vətəndaş mövqeyinin formalaşmasına mühüm təsir göstərmişdir.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri də vətənpərvərlik tərbiyəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsi kimi tarixə düşmüşdür. Gənclər döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində də fəallıq nümayiş etdirərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə vermişlər.

Bu gün Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da fəallığı ilə seçilir. Elm, təhsil, idman, mədəniyyət, innovasiya, sahibkarlıq və diplomatiya sahələrində əldə olunan nailiyyətlər dövlət gənclər siyasətinin səmərəliliyini bir daha təsdiqləyir.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin mühüm nəticələri Naxçıvan Muxtar Respublikasında da aydın şəkildə özünü göstərir. Son illərdə muxtar respublikada gənclərin hərtərəfli inkişafı, ictimai fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi, intellektual potensialının gücləndirilməsi və məşğulluğunun dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında yaşayan 472 min 429 nəfər əhalinin 109 min 107 nəfərini gənclər təşkil edir. Bu isə ümumi əhalinin 23,1 faizinin gənclərdən ibarət olduğunu göstərir və regionun zəngin insan kapitalına malikliyini təsdiqləyir.

Gənclərin sosial-iqtisadi fəallığının artırılması istiqamətində də mühüm nəticələr əldə olunub. Hazırda 29 yaşadək minlərlə gənc müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğuldur. Peşə hazırlığı kursları, özünüməşğulluq layihələri, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və məşğulluq proqramları gənclərin əmək bazarına inteqrasiyasını, peşəkar bacarıqlarının və iqtisadi fəallığının artmasını stimullaşdırır.

Gənclərin asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Müasir idman qurğuları, Gənclər evləri və digər sosial infrastruktur obyektləri onların fiziki və intellektual inkişafı üçün geniş imkanlar yaradır. İntellektual oyunlar, forumlar, təlimlər, düşərgələr və maarifləndirici layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına, liderlik keyfiyyətlərinin formalaşmasına mühüm töhfə verir.

Naxçıvanda könüllülük hərəkatı da uğurla inkişaf edir. Hazırda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllülük proqramı üzrə 361 aktiv könüllü fəaliyyət göstərir. Eyni zamanda digər dövlət qurumlarının könüllülük proqramlarında da çoxsaylı gənclər iştirak edir. Bu fəaliyyət gənclərdə sosial məsuliyyət, təşəbbüskarlıq, komanda işi və liderlik bacarıqlarının inkişafına şərait yaradır.

Beynəlxalq əməkdaşlıq istiqamətində də ardıcıl iş aparılır. Təkcə cari il ərzində 26 gəncin ölkə əhəmiyyətli tədbirlərdə və müxtəlif mübadilə proqramlarında iştirakı təmin olunub. Bu proqramlar onların beynəlxalq təcrübə qazanmasına, yeni bilik və bacarıqlara yiyələnməsinə, müxtəlif ölkələrin gəncləri ilə əməkdaşlıq əlaqələri qurmasına imkan yaradır.

Muxtar respublikada yaradılan müasir idman infrastrukturu gənclərin sağlam həyat tərzinə cəlb olunmasına geniş şərait yaradıb. Olimpiya İdman Kompleksləri, ixtisaslaşmış idman məktəbləri və digər idman qurğularında yetişən gənc idmançılar respublika və beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycanın idman nailiyyətlərinə töhfə verirlər.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi də həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir. Vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlər, şəhid ailələri və qazilərlə görüşlər, tarixi-mədəni irsin təbliği gənclərdə dövlətçilik şüurunun və milli kimlik hissinin möhkəmlənməsinə xidmət edir. 44 günlük Vətən müharibəsi zamanı Naxçıvan gənclərinin göstərdikləri fədakarlıq, bu gün isə ölkənin inkişafı və quruculuq prosesində fəal iştirakı həyata keçirilən siyasətin real nəticələrini nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihələr gənclərin milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli, sağlam həyat tərzinə malik, təşəbbüskar və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti uzunmüddətli strateji baxışa əsaslanan uğurlu idarəçilik modelidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun inkişaf etdirdiyi bu siyasət nəticəsində Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi, mədəni və idman həyatında aparıcı qüvvəyə çevrilmiş, dövlət idarəçiliyində və beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlər qazanmışdır.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü fəaliyyət isə dövlət gənclər siyasətinin regionlarda uğurla tətbiqinin bariz nümunəsidir. Gənclərin təhsil, məşğulluq, könüllülük, idman, innovasiya və ictimai fəallıq istiqamətlərində əldə etdikləri nəticələr onların cəmiyyətin inkişafındakı rolunun getdikcə artdığını göstərir. Əhalisinin, təxminən, dörddə birini gənclərin təşkil etdiyi Naxçıvanda formalaşan savadlı, sağlam, vətənpərvər və təşəbbüskar gənc nəsil regionun, eləcə də bütövlükdə, Azərbaycanın gələcək inkişafının əsas təminatlarından biridir.

Dövlətin gənclərə göstərdiyi davamlı diqqət və qayğı, yaradılan geniş imkanlar və həyata keçirilən məqsədyönlü proqramlar təsdiq edir ki, insan kapitalına qoyulan investisiya Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Milli dəyərlərə sadiq, yüksək intellektli, innovativ düşüncəli və qlobal çağırışlara cavab verən Azərbaycan gəncliyi bu gün də ölkənin tərəqqisinə və dövlətçiliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

 

Mirməcid SEYİDOV

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

Nəşr edilib : 28.07.2026 11:33