NAXÇIVAN :

08 Mart 2026, Bazar

Müasir çağırışlarla birgə addımlayan milli ruhlu Azərbaycan gəncliyi

...

Azərbaycanda milli maraqlara xidmət edən, ölkəmizi inamlı, etibarlı sabahlara daşıya biləcək geniş dünyagörüşünə, intellektual təfəkkürə malik təhsilli, vətənpərvər XXI əsr gəncliyi modeli formalaşıb. O gənclik ki təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji düşüncəyə, mütərəqqi ideyaya əsaslanan dərin konseptual xarakterli praqmatik dövlət gənclər siyasəti nəticəsində inkişaf edib, yetişib. Ulu Öndərin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü,gələcəyi haqqında düşünməlidir” ideyası ötən dövrdə gənclərimizin həyat tərzinə, fəaliyyət prinsipinə çevrilərək, ümumilikdə, ölkəmizi böyük qələbələrə aparıb. Dahi şəxsiyyətin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib ki, bu tarixi qərar yetişən və yetişməkdə olan nəslin gələcəyə baxışında hərəkətverici stimula çevrilib.

Təhsillidir, biliklidir, intellektualdır Azərbaycan gənci

Azərbaycanda gəncliyin inkişaf konsepsiyası Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyasından güc alır. Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bəri uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu ideyanın tam şəkildə reallaşdırılmasına, gənclərin yeni dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına güclü təkan verib. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, gənclər üçün Prezident mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenalarda təmsilçiliyinin yüksəldilməsi, respublikanın əksər rayon və şəhərlərində gənclər mərkəzlərinin, gənclər evlərinin tikilməsi, dövlət idarəçiliyində gənc kadr potensialının gücləndirilməsi məqsədilə “Yüksəliş” proqramının icrası gənclər siyasətinin səmərəliliyini daha da artıran olduqca mütərəqqi addımlardır. Bu gün xaricdə diaspor təşkilatlarında, konsulluqlarda, səfirliklərdə, dövlət idarəçiliyində, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, bütün sahələrdə gənclik həvəsi, gənclərin səsi duyulur. Bu baxımdan, 2005-ci ildən etibarən 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət proqramlarının icrasına diqqəti çəkmək olar. Proqramlardan irəli gələn vəzifələrə uyğun dövlətin gənclərlə bağlı siyasətində əsas xətt məhz təhsil üzərindən inkişaf etdirilir, yəni məqsəd dünyada gedən qlobal yeniliklərlə, dövri proseslərlə ayaqlaşmağı bacaran, startaplar yaradan, süni intellekt texnologiyalarından düzgün istifadə edə bilən savadlı, intellektual nəsil yetişdirməkdir. Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə artıq savadlı, intellektual gəncliyin formalaşdığını vurğuladı, gənclərin dövlət idarəçiliyində qabağa çəkilməsinin vacibliyini diqqətə çatdırdı: “Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir”.
Ölkəmizin bütün bölgələrində mərkəzdən tutmuş ta ki dağ kəndlərinədək müasir təhsil infrastrukturunun qurulması, məktəblərin ən yeni tədris avadanlıqları ilə təchizi, yeni təlim metodlarının tətbiqi də məhz savadlı gəncliyin yetişməsinə xidmət edir. Hər il ölkəmizin ali təhsil ocaqları üzrə yüksələn qəbul göstəriciləri də aparılan uğurlu siyasətin bəhrəsidir. Son illərin statistik nəticələri də gənclərin təhsilinə diqqətin artdığını göstərir. Belə ki, 2025-2026-cı tədris ilində bakalavriat səviyyəsinə 60 min 860, magistratura səviyyəsinə 14 min 335 nəfər qəbul olunub. Müqayisə üçün bildirək ki, 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsinə 59 min 26 nəfər, magistratura səviyyəsinə 14 min 104 nəfər, 2023-2024-cü tədris ilində isə bakalavriat pilləsinə 54 min 275, magistratura pilləsinə 13 min 567 nəfər qəbul edilmişdi. Cəmi iki-üç tədris ilində müşahidə olunan bu artım görülən işlərin hədər getmədiyini təsdiqləyir. Digər prioritet hədəf isə xarici ölkələrin tanınmış ali təhsil ocaqlarında təhsilin təşviqidir ki, bu istiqamətdə də ötən illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət proqramları uğurla icra edilib. Prezident İlham Əliyevin 2024-cü il 12 avqust tarixli Sərəncamı ilə həmin proqramın müddəti 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat pilləsini və 20   faizindən çox olmayan hissəsi doktorantura pilləsini əhatə edir. 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə, 500 nəfər təhsil almaq hüququ qazanıb. Proqram iştirakçısı seçilən 500 nəfərdən 160-ı “Universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bunlar sırasında Stanford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Sinqapur Milli Universiteti, Oksford Universiteti, Berkli Kaliforniya Universiteti, ETH Sürix, Harvard Universiteti, Yel Universiteti kimi nüfuzlu ali təhsil müəssisələri vardır.
Bu gün ölkə siyasətində başlıca prioritetlərdən biri də məhz işğaldan azad olunmuş ərazilərdə müasir təhsil infrastrukturunun qurulması və Qarabağda savadlı, intellektual gənclik bazasının formalaşdırılmasıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası nəticəsində 2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 14 ümumi, 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Ümumilikdə, ötən müddətdə 21 ümumi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib. Fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 təhsilverən, 131 texniki işçi çalışır. İşğaldan azad edilmiş bölgələrə təhsilin qayıdışı istiqamətində atılan ən önəmli addım isə, heç şübhəsiz, Qarabağ universitetinin yaradılmasıdır. Hazırda Universitetdə 1024 tələbə birinci, 1068 tələbə ikinci, 60 SABAH qrupu tələbəsi isə üçüncü tədris ilində olmaqla, ümumilikdə, 7 fakültə üzrə 2152 tələbə təhsil alır. Ötən il Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı oldu ki, bu da bölgədə tibbi kadrların hazırlanmasına mühüm töhfə kimi qiymətləndirilir. Cari tədris ilindən artıq Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Bütün bu proseslər bölgədə mövcud tarixi təhsil ənənələrinin bərpasına xidmət edir.

Fiziki cəhətdən güclüdür, əzmlidir gəncliyimiz

Dövlət gənclər siyasətində ikinci prioritet istiqamət isə həm mənəvi, həm də fiziki cəhətdən sağlam nəslin yetişdirilməsi, formalaşdırılmasıdır. Bu xüsusda həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda ölkəmizin ayrı-ayrı bölgələrində, ümumilikdə, 46 Olimpiya İdman Kompleksi, o cümlədən müxtəlif bölgələrdə, Bakıda, Qarabağda, Naxçıvanda, Gəncədə ən müasir idman infrastrukturu qurularaq gənclərin istifadəsinə verilib. Azərbaycanın Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, ötən il III MDB Oyunlarını yüksək səviyyədə təşkil etməsi gənclər idman siyasətinin uğur göstəriciləridir. Təqdirəlayiq haldır ki, idmançılarımız yaradılan şəraitdən düzgün istifadə edərək beynəlxalq arenalarda ölkə idmanının şərəfini layiqincə qoruyur, üçrəngli bayrağımızı zirvələrə qaldırır, Dövlət Himnimizi səsləndirirlər. Bu baxımdan, 2025-ci il də Azərbaycan idmanı üçün uğurlu olub, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib, 2000-dən çox medal, o cümlədən, təqribən, 600-dən çox qızıl medal qazanılıb. Vurğulamaq yerinə düşər ki, ötən il qazanılan medal sayı rekorddur.
Azərbaycanda gənclərlə bağlı bütün işlərin, o cümlədən də idman sahəsində həyata keçirilən tədbirlərin təməlində bir prinsip dayanır ki, gəncliyimiz milli maraqlara uyğun mənəvi cəhətdən güclü, vətənpərvər ruhlu böyüsün. Çünki fiziki cəhətdən gümrah, mənən sağlam, əqidə cəhətdən düzgün formalaşan gənclər ölkənin inamlı, etibarlı sabahlarıdır. Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı da bu məsələyə xüsusi diqqəti çəkdi, gənclərin Vətən sevgisi ilə böyümələrinin, vətənpərvərlik ruhunda tərbiyə almalarının dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğunu vurğuladı: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənc­lər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var”.

Vətəni bütövləşdirən qalib əsgərdir Azərbaycan gənci

Fiziki, intellektual cəhətdən sağlam yetişən gəncliyin, təbii ki, vətənpərvərlik tərbiyəsi, milli ruhu da yüksək olur. Bu baxımdan, ölkəmizdə illərdir, həyata keçirilən dövlət gənclər siyasətinin ən böyük bəhrəsini, nümunəsini, milli ruhun təntənəsini 2020-ci ilin 44 günündə gördük, yaşadıq. Vətən sevdalı Azərbaycan gəncləri sen­tyabrın 27-dən noyabrın 10-dək bircə gün də geriyə addım atmadan yalnız irəli addımladılar. Füzulidə istehkamları yarıb, sədləri keçərək müqəddəs şəhərimiz Şuşada missiyalarını şərəflə tamamladılar, müasir hərb tariximizin zəfər salnaməsini yazdılar. Ölkə başçısı da çıxışlarında aparılan dövlət gənclər siyasətinin, təlim-tərbiyə prosesinin müharibənin taleyində böyük rol oynadığını vurğuladı: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc  nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. 
Bəli, Ulu Öndər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan, düzgün təlim-tərbiyə alan gənclər heç zaman unudulmayacaq tarix yazdılar. Xalqımızın yaddaşına əbədi həkk olunan qızıl tarix... Müasir Azərbaycan gəncliyi 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmrinə müntəzir doğma ata-baba torpaqlarını qaytarmaq üçün irəli atılan oğulların nərəsində, keçilməz sədləri keçən, yarılmaz cəbhələri yaran iradədə, düşməni lərzəyə salan “dəmir yumruq”dadır. Təkbaşına onlarla ermənini məhv edən Mübarizin cəsarətində, dumanlı dağların başında dayanan Xudayarın döyüş yoldaşlarını irəli səsləyən Vətən həsrətli səsində, tək əliylə düşmənin canını boğazından çıxaran Cəbrayılın intiqamlı baxışlarında, yüzlərlə igidimizin 44 gündə al qanları ilə yazdıqları qəhrəmanlıq dastanındadır. 23 saata qondarma rejimin belini qıran qətiyyətdə, şücaətdə, mülki şəxs canından olmasın deyə göstərilən nəzakətdə, insanlıqda, vicdanda, ləyaqətdədir Azərbaycan gəncliyi. Beynəlxalq yarışlarda ölkəmizin bayrağını dalğalandıran, himnimizi səsləndirən Hidayət, Zelim kimi, eləcə də bütün haqsızlıqlara rəğmən ən titullu komandaları məğlubiyyətə düçar edən “Qarabağ” futbol klubunun şərəfini qoruyan gənclərin mübarizə əzmində, əyilməz qəddində, kimsəsizə kimsə olmağı, mənəvi dəyərləri qorumağı, təbiətə qayğı ilə yanaşmağı aşılayan könüllülük hərəkatında, olimpiada qalibi olmaq, ali məktəb tələbəsi adını qazanmaq həvəsində, köklü təhsil ənənələrini yaşadan, dirçəldən Xankəndidəki Qarabağ Universitetindədir. Səndədir, məndədir, hər birimizdədir gənclik istəyi, gənclik ruhu, gənclik duyğusu. Hər zaman irəlidə olmaq diləyi ilə gününüz mübarək, qalib Azərbaycanın qalib gəncləri...

Nail ƏSGƏROV
 

Nəşr edilib : 02.02.2026 00:05