NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

...

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə səfər edib.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.
Nümayəndə heyəti, həmçinin Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Sonra nümayəndə heyəti Azərbaycan Hərbi Polisinin "Yaxın Qoruma" bölməsi üçün Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin bazasında təşkil olunan qoruma kursunun təlim-tədris prosesi ilə tanış olub.
Daha sonra Ankara Mərkəzi Komandanlığını ziyarət edən qonaqlara mərkəzi komandanlığın gündəlik fəaliyyəti və tətbiq olunan idarəetmə sistemləri haqqında brifinq verilib.
Səfərin yekununda Azərbaycan nümayəndə heyəti "Yaxın Qoruma" kursunun təntənəli bağlanış mərasimində iştirak edib. Mərasimdə hərbi qulluqçular kurs zamanı əldə etdikləri nəzəri və praktiki vərdişləri nümayiş etdiriblər.
Sonda kursu uğurla başa vuran hərbi polis nümayəndələrinə sertifikatlar verilib, hədiyyələr təqdim olunub.

Nəşr edilib : 20.07.2026 20:17