Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir...
17:48 14.09.2026
0
0
0
NAXÇIVAN :
14 Sentyabr 2026, Bazar ertəsi
Rafiq Babayevin yaddaşımda qalan portreti
Bəzi insanlar həyatdan köçəndən sonra yox olmurlar. Əksinə, onların yoxluğu ilə varlıqları daha aydın görünməyə başlayır. Sözləri, baxışları, öyüdləri, bir vaxtlar adi görünən davranışları yaddaşımızda başqa bir məna qazanır. Rafiq Babayev də mənim üçün belə insanlardan biridir.
Bu yazını onun haqqında bioqrafik məlumat vermək, elmi fəaliyyətini sadalamaq, yaxud yaradıcılığını təhlil etmək məqsədilə yazmıram. Bu barədə kifayət qədər sanballı yazılar yazılıb. Mənim məqsədim bir tələbənin müəllimi ilə, sonralar yazı adamının ilk oxucusu, dostu və sirdaşı ilə bağlı xatirələrini bölüşməkdir. Bəlkə də, bu, illərdir, içimdə daşıdığım bir mənəvi borcun qaytarılmasıdır.
Rafiq müəllim universitet illərində mənə Azərbaycan ədəbiyyatını öyrədən müəllimlərimdən biri idi. Amma onu yalnız auditoriyada dərs deyən müəllim kimi xatırlamıram. Çünki bəzi müəllimlər dərsi bitirib auditoriyadan çıxırlar, bəziləri isə tələbələrinin həyatına daxil olurlar...
O, ədəbiyyatı kitab səhifələrindən danışmırdı. Ədəbiyyatın insanı necə dəyişdirdiyindən, sözün məsuliyyətindən, yazının arxasında dayanmağın vacibliyindən danışırdı. Sonralar özüm də yazmağa başlayanda bunun nə demək olduğunu daha yaxşı anladım.
Mənim yazılarımın ilk oxucularından biri, bəzən isə ilk oxucusu Rafiq müəllim idi. Yazdığım bir yazını ona təqdim edəndə təkcə “yaxşıdır” deməsini gözləmirdim. Çünki bilirdim ki, yaxşı deyilsə, bunu da deyəcək. Hansı cümlənin artıq olduğunu, hansı fikrin açılmadığını, harada müəllifin özünü göstərməyə çalışdığını, harada isə, sadəcə, söz yığınının yarandığını çox dəqiq görürdü. Onun bir xüsusiyyəti vardı: adamı yazmağa həvəsləndirirdi, amma yazdıqlarına arxayınlaşmağa imkan vermirdi. Bəlkə də, mənim üçün onun ən böyük müəllimliyi elə bu idi. Rafiq Babayevin yaradıcılığına nəzər salanda onun söz dünyasının iki böyük dayağını görmək mümkündür: ədəbiyyat və xalq yaddaşı.
Yazıçı kimi onun “Uzun yuxu”, “Arxadan gələn adam”, “O kinodakı mahnı”, “Yolçu daşı”, “Axırıncı axşam”, “İlğım”, “Təkbətək”, “Zühür” kimi əsərləri özünəməxsus bədii nəfəsi ilə seçilir. Onun nəsrində hadisədən çox insanın iç dünyası, zahiri görünüşdən çox mənəvi vəziyyəti, adi məqamın arxasında gizlənən böyük həqiqət diqqət çəkir.
“İlğım”dakı Arazın o tayında ağappaq çiçək açan badam ağacları mənim üçün Rafiq müəllimin yaradıcılığının yaddaqalan obrazlarından biridir. O ağ çiçəklər yalnız təbiət mənzərəsi deyil. Orada ayrılıq var, həsrət var, bölünmüş yaddaş var, bir tərəfdə qalıb o biri tərəfə baxan insanın ürək ağrısı var. Rafiq Babayev sözlə çox şeyi deməyi bacarırdı. Bəzən bir detal onun üçün bütöv bir taleyin ifadəsinə çevrilirdi.
“Yolçu daşı”nda isə torpağa münasibət, Vətən duyğusu, insanın öz yurduna bağlılığı başqa bir bədii müstəviyə yüksəlir. Əsərdəki “Torpağı qurban verməzlər, canı torpağa qurban eləyərlər” fikri onun yaradıcılığında milli düşüncənin necə təbii və pafossuz ifadə olunduğunu göstərir. Bu əsərləri illər sonra yenidən oxuyanda adam anlayır ki, Rafiq müəllim yalnız hekayə və povest yazmırmış. O öz dövrünün insanını, onun düşüncəsini, ağrısını, yaddaşını və ümidini yazırmış.
Folklorşünas Rafiq Babayev isə yazıçı Rafiq Babayevdən heç də ayrı deyildi. Bəlkə də, onun xalq yaradıcılığına bu qədər bağlı olmasının səbəbi elə yazıçı təbiətində idi. O, folkloru yalnız elmi araşdırma predmeti kimi görmürdü. Folklor onun üçün xalqın yaddaşı idi. Ağsaqqalın söylədiyi bir əfsanə, ağbirçəyin xatırladığı bir inancla, kənddə qorunub saxlanılan bir adət onun üçün, sadəcə, mətn deyildi. Orada xalqın yaşadığı tarix, dünyagörüşü və mənəvi kodları vardı.
“Naxçıvan folkloru: bəşərilik, türklük, regionallıq” monoqrafiyası onun bu sahədəki elmi baxışlarının mühüm ifadələrindən biridir. “Janrın iddiası və imkanları”, “İnancların poetikası” kimi əsərləri isə Naxçıvan folklorunun ayrı-ayrı qatlarına daha dərindən nüfuz edən tədqiqatlardır.
“Naxçıvan folkloru”nun çoxcildliyinin hazırlanmasında göstərdiyi əmək də xüsusi qeyd olunmalıdır. O, folkloru kabinetdə oturub öyrənən alim deyildi. Kənd-kənd gəzirdi, insanlarla görüşürdü, onların yaddaşında yaşayan sözləri, inancları, əfsanələri, adətləri toplayırdı. Bəzən düşünürəm ki, Rafiq müəllim özü də topladığı folklor nümunələri kimi bir yaddaş daşıyıcısı idi.
Onunla söhbət etmək ayrıca bir məktəb idi. Ədəbiyyatdan danışardıq, mətbuatdan danışardıq, insanlardan, həyatdan, bəzən də heç bir mövzuya sığmayan uzun söhbətlər edərdik. Rafiq müəllimin söhbətlərində həm alim vardı, həm yazıçı, həm müəllim, həm də sadə, səmimi insan. Ən çox da insan tərəfi yadda qalır.
O, yaxşılıq etməyi bacaran adamlardan idi. Həm də bunu göstərmədən edənlərdən. Kiməsə kömək edirdisə, bunu özünün xidməti hesab etmirdi. Əksinə, elə davranırdı ki, sanki ortada heç nə baş verməyib. Bəlkə də, onun sevilməsinin əsas səbəblərindən biri bu idi.
İndi Rafiq müəllimin kitablarını əlimə alanda onların adları mənə təkcə əsərləri xatırlatmır. “İlğım” onun nəsrini, “Yolçu daşı” torpağa bağlılığını, “Naxçıvan folkloru: bəşərilik, türklük, regionallıq” alimliyini, “Janrın iddiası və imkanları” elmi cəsarətini, “İnancların poetikası” xalq yaddaşına münasibətini xatırladır. Amma mənim üçün bütün bu kitabların arasında görünməyən başqa bir kitab da var; Rafiq müəllimlə bağlı xatirələr kitabı. Onun səhifələri mənim yaddaşımda yazılıb. Orada auditoriya var, müəllim var, tələbə var. İlk yazılarım var. Onun iradları, məsləhətləri var. Və ən başlıcası, insanın həyatında bəzən bir müəllimin nə qədər böyük iz buraxa bildiyini göstərən bir həqiqət var.
O, payızı çox sevirdi. Bəlkə də, elə buna görə payızın ilk günlərində baş verən amansız ayrılıq onun xatirəsinə daha bir qəribə məna qatır. Sentyabrın 27-si isə ürək sızladan, təsəllisiz bir sonluq gəldi. Amansız əcəl fürsəti fövtə vermədi. Biz onu tez itirdik. Nurlu, pak, təmiz qəlbli bir insan əbədiyyətə qovuşdu. Bəlkə də, ən qəribəsi budur ki, Rafiq müəllim ölüm haqqında yazarkən sanki öz taleyinin uzaq bir kölgəsini də sözə gətirmişdi. Son zamanlarda qələmə aldığı “Ölüm mələyi” romanında qəhrəmanının dili ilə yazırdı: “…ölməyinə bir az qalmış huş apardı, nə gözəl karvandı, – dedi, – dəvələri nə gözəl bəzəyiblər. Bilirdim ki, dalımca beləsini göndərəcəklər…” Bu sətirləri indi oxuyanda insanın içindən qəribə bir sükut keçir. Sanki yazıçı ölümün özünə deyil, onun qarşısında insanın taleyinə baxırmış. Və o həmin əcəl karvanına bir gün səssiz-sədasız qoşulub getdi…
Rafiq müəllimin dünyasını dəyişməsi xəbərini eşitdiyim gün onun haqqında keçmiş zamanda düşünmək çox ağır idi. Çünki bəzi insanları itirdikdən sonra da onlarla danışmağa davam edirsən. Bir yazı yazanda içindən keçir ki, kaş oxuyardı. Bir cümləyə tərəddüd edəndə düşünürsən ki, görəsən, Rafiq müəllim buna nə deyərdi? Və onda anlayırsan ki, müəllimlik yalnız dərs demək deyilmiş. Əsl müəllim insanın düşüncə tərzində, yazısında, dünyaya baxışında yaşayırmış.
Rafiq müəllim mənim yazılarımın ilk oxucusu idi. Bu gün onun haqqında yazdığım bu yazını oxuya bilməyəcək. Bəlkə də, bu mənim üçün ən ağır hissdir. Amma düşünürəm ki, əgər oxusaydı, yəqin yenə hansısa cümlənin üstündən xətt çəkər, haradasa “Bunu bir az da sadələşdir”, – deyər, başqa bir yerdə isə gülümsəyib “Burada özün olmusan”, – söyləyərdi. Mən də bu yazını yazarkən bir anlıq elə hiss etdim ki, yenə qarşımdadır. Yenə ilk oxucumdur. İnsan ömrünün əsl davamı yaşadığı illərlə yox, başqalarının yaddaşında qoyduğu izlərlə ölçülür.
Rafiq Babayev qısa ömrünə sığmayan böyük bir yaradıcılıq və mənəviyyat yolu keçdi. Yazdığı əsərlər, topladığı folklor nümunələri, apardığı elmi araşdırmalar, yetişdirdiyi tələbələr və ən başlıcası, həyatlarına toxunduğu insanların yaddaşında buraxdığı iz onun ömrünün davamıdır. Mən isə bu yazı ilə ona olan borcumun heç olmasa kiçik bir hissəsini qaytarmaq istədim. Çünki müəllimlərə təşəkkür etmək üçün həmişə gecikmişik. Bəzən onların qədrini tələbəlik illərində bilmirik. Bəzən illər keçir, özümüz yazırıq, özümüz müəllim oluruq, özümüz başa düşürük ki, vaxtilə bir müəllimin dediyi adi görünən bir cümlə həyatımızın hansısa yerində bizə yol göstərib.
Rafiq Babayev mənə təkcə ədəbiyyat öyrətmədi. Sözə məsuliyyətlə yanaşmağı, yazının arxasında dayanmağı, insanı dinləməyi və yaxşı insan olmağın ən böyük yaradıcılıq olduğunu öyrətdi.
Buna görə onun adını yalnız bir yazıçı-publisistin, folklorşünas alimin adı kimi deyil, öz həyatımın yaddaşında xüsusi yeri olan ilk müəllimlərimdən və ilk oxucumdan biri kimi yaşadıram. Ruhunuz şad olsun, Rafiq müəllim. Sizin oxuduğunuz son yazı deyil bu. Sizin haqqınızda yazılanlar, sizin yazdıqlarınız kimi davam edəcək. Çünki bəzi ömürlərin son nöqtəsi qoyulmur. Onlar xatirələrdə davam edir…
Rəmzi TAHİRLİ
Digər xəbərlər