“Gələcəkdə daha böyük miqyaslı elmi-tədqiqat layih...
21:30 21.05.2025
0
0
2
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrinin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmir, cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb gedirdi. Respublikanın ərazisi 1988-ci ildən başlayaraq erməni diasporu və lobbisi tərəfindən müdafiə olunan və silahlandırılan, Moskvanın himayədarlığından hər vasitə ilə istifadə edən erməni silahlı quldur dəstələrinin basqınlarına məruz qalmışdı. Torpaqlarımız “böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edilir, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilidi. Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq vəziyyətinə gəlib çıxmışdı. Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev məhz belə bir mürəkkəb dövrdə 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra Naxçıvana gələrək müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi, ölkəmiz öz inkişaf yolunu tutdu. Beləliklə də Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyi məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirildi.
Müstəqil Azərbaycanın Prezidenti kimi böyük xilaskarlıq və quruculuq missiyasını hərtərəfli şəkildə reallaşdıranda Ulu Öndərimiz Naxçıvanın rifahı üçün çoxşaxəli tədbirlər həyata keçirdi.
Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda əhali ilə görüşdə dahi rəhbərin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.
1990-cı il sentyabr 30-da keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə Ulu Öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunmuşdur. Belə ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində muxtar respublikanın dövlət rəmzləri bərpa edilmiş, milliləşdirmə siyasətinin əsası qoyulmuş, ilk dəfə olaraq üçrəngli bayrağımız həmin sessiyada qaldırılmışdır. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edilmişdir. Bununla yanaşı, Naxçıvan MSSR adından “sovet” və “sosialist” sözləri çıxarılmışdır. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi. Eyni zamanda Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırılmışdır və sovet ordusu, əsgəri birlikləri muxtar respublika ərazisindən çıxarılmışdır.
16 dekabr 1991-ci ildə görkəmli dövlət xadiminin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 31 dekabrın “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” kimi qeyd olunması haqqında qərar qəbul edilmişdir. Keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv olunaraq milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, nizami ordu hissələrinin təşkili, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, “Hakimiyyət xalq üçündür!” prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağır yüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması... Sadalamadığımız yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, həmin illərdə respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlişin baş verməsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sistemliliyi və kompleksliyi ilə səciyyələnir.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratmışdır. Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Beləliklə, Milli Məclisin 1995-ci il 2 may tarixli Qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq olunmuşdur. Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirilmişdir. Həmin iclasda çıxış edən Ulu Öndər Heydər Əliyev demişdir: “Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.
Konstitusiya komissiyasının 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Ümummilli Lider Heydər Əliyev Əsas Qanunda əks olunmasını vacib hesab etdiyi bəzi məqamları xüsusi olaraq vurğulamışdır: “Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır...
Konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin”.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə qəbul edilmiş, həmin ilin noyabr ayının 27-dən isə qüvvəyə minmişdir.
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti də insan hüquqlarının qorunmasına həsr edilib.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi təsis olunması insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də ölkəmizdə bu sahədə atılan növbəti addımların davamıdır.
Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı və indi də bu fəaliyyət uğurla davam etməkdədir. Ona görə də Konstitusiyamızın 30 illiyində 2025-ci ilin belə bir mövzuya həsr edilməsi dövlətçilik baxımından son dərəcə əhəmiyyətlidir. Ən mühüm məqamlardan biri isə ilin təkcə Konstitusiya deyil, “Konstitusiya və Suverenlik İli” adlandırılmasıdır ki, bunun da xüsusi mənasını Sərəncamdan oxuya bilərik: “Azərbaycan Respublikası Konstitusiyasının preambulasında ölkəmizin dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resusları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir”. Uzun illərin hazırlıqlarından, ardıcıl fəaliyyətindən sonra 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatlarına qarşı başlanmış 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi, daha sonra isə 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan bu strateji hədəfə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən 20 sentyabr gününün Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilməsi bu əlamətdar günü milli dövlətçilik tariximizdə əbədiləşdirən qürur dolu rəmzə çevirdi.
Bu il Vətən müharibəsindəki tarixi qələbəmizdən 5 il ötür. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının Qələbənin 5-ci il dönümünə təsadüf etməsi bu tarixi addımın əhəmiyyətini daha da artırır.
Aygün HƏMZƏYEVA
Naxçıvan Muxtar Respublikası Dövlət
Arxiv İdarəsinin aparıcı arxeoqrafı
Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir
Digər xəbərlər