Naxçıvanda “Konstitusiya: hüquqi və demokratik isl...
22:56 27.05.2025
0
0
0
NAXÇIVAN :
27 May 2025, Çərşənbə axşamı
Müstəqillik və suverenlik hər bir xalqın və millətin ən müqəddəs arzusudur. Çünki milli dövlətçilik milli özümüdərkin və milli kimliyin ifadəsidir. Ulu Öndər Heydər Əliyev həmişə tövsiyə edirdi ki, dilinizi itirməyin, milliyyətinizi qoruyun. Əgər bunlar varsa, deməli, Vətən də var. Vətən isə millətin yer üzərindəki ünvanıdır.
Xalqın ən ali hüququ isə suverenlik hüquqdur. Bu hüquq xalqa verilmir, xalq özü onu mübarizələrin və bu yolda verdiyi qurbanların sayəsində əldə edir. Xalq öz suveren hüququndan istifadə edərək öz taleyinə sahib çıxır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Ulu Öndər deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Xalqımız bu gün öz müstəqil dövlətinə sahibdir, rəşadətli əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz isə xalqımızın milli və əvəzsiz sərvətidir.
Hüquq ədəbiyyatlarında qeyd olunur ki, suverenlik, fransız dilindən tərcümədə “ali hakimiyyət” deməkdir. Dövlətin öz daxili və xarici siyasətində müstəqilliyidir. Hüquqi mənada suverenlik termini ilk dəfə XVI yüzillikdə mütəfəkkir Jan Boden tərəfindən işlədilmişdir. Suverenlik bilavasitə dövlətin hüquqları, o cümlədən suveren hüquqları sistemində təzahür edir. Dövlətin tam ixtiyarlı olması həqiqi dövlət hakimiyyətinin həyata keçirilməsini və beləliklə, dövlətin suverenliyini təmin edir. Dövlətlərarası əlaqələr suveren dövlətlər arasındakı ünsiyyətdir. Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir.
Dövlət mürəkkəb və çoxfunksiyalı bir orqanizm olmaqla ölkəni xaricdə təmsil edir, eyni zamanda milli maraqların və milli təhlükəsizliyin təminatçısı rolunu oynayır. Dövlətin əsas əlaməti onun suverenliyi ilə bağlıdır. Suverenliyin əsasını isə ölkə ərazisinin vahidliyi, sərhədlərinin toxunulmazlığı və dövlətin daxili işlərinə müdaxilənin yolverilməzliyi təşkil edir. Dövlət daxili və xarici suverenliyə malikdir. Dövlət suverenliyi də müəyyən hüquqlara malikdir ki, bu, vətəndaşların hüquq və azadlıqlarının qorunması öhdəliyi ilə müəyyən olunur.
Ümummilli Liderimiz deyirdi: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etmiş, oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı həmin bəyannamənin hüquqi cəhətdən möhkəmləndirilməsi, daha doğrusu, müstəqilliyin hüquqi bazasının yaradılması istiqamətində mühüm konstitusion-hüquqi sənəd olmuşdur.
1991-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına ünvanladığı teleqramında dövlət müstəqilliyini böyük milli sərvət kimi dəyərləndirərək bildirirdi: “Mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir”.
Bəli, xalqımız XX əsrin son onilliyində ikinci dəfə öz müstəqilliyini “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı ilə bərpa etməyə nail oldu. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməsinə baxmayaraq, Konstitusiya Aktında Azərbaycan Respublikası vətəndaşlarının real hüquq və vəzifələri, dövlətimizin məram və məqsədləri özünü tam əks etdirmirdi. Belə bir vəziyyətdə ölkədə Konstitusiya boşluğu açıq-aydın görünürdü. Bu tarixi zərurət nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli Qərarı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı. Görkəmli dövlət xadimi Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.
Azərbaycan xalqı qanunyaradıcı prosesin bilavasitə subyekti qismində iştirak edərək 1995-ci il 12 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiyasını qəbul etməklə respublika idarəetmə formasını seçdi. Qeyd olunan prinsiplərin konstitusion norma kimi təsbit edilməsi Konstitusiya çərçivəsində Azərbaycan Respublikasının demokratik quruluşuna verilən ən mühüm təminatlardan biridir.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan xalqı kənardan heç bir təsir olmadan, azad şəkildə öz müqəddaratını həll etmişdir. Xalqın suverenliyi ümumxalq səsverməsi (referendum) və seçkilər yolu ilə həyata keçirilir. Çünki referendum və seçkilər xalq hakimiyyətinin birbaşa təzahürüdür. Demokratiyanın ən mühüm forması xalqın yaradıcı fəallığına geniş perspektivlər açan ümumxalq səsverməsidir. Bəli, “Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən eyni mənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə öz ifadəsini tapçalıdır”. Bu müddəalar isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarından biridir.
Azərbaycan Respublikası Konstitutsiyasının preambulasında qeyd olunuan “Azərbaycan xalqı... suveren hüququndan istifadə edərək təntənəli surətdə... niyyətlərini bəyan edir” müddəasına gəlincə, Azərbaycan xalqının sərbəst və müstəqil öz müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək hüququnu həyata keçirərək böyük ifixarla gələcək üçün yaxın və uzaq perspektivlərdə Azərbaycan naminə reallaşdırmaq istədiyi konkret niyyətləri əks etdirir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq. Bu müddəa isə ölkəmizin beynəlxalq hüququn müstəqil subyekti kimi dünya dövlətləri birliyində daimi olaraq öz yerini saxlaması və daha da möhkəmləndirilməsi, eləcə də Azərbaycan xaqının öz ərazisinin müstəsna hüquqlu sahibi olmasının ifadəsidir.
Məlumdur ki, mənfur qonşumuz olan Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirmiş və arxasına aldığı hərbi gücdən istifadə edərək respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Qərbi Azərbaycanda və işğal olunmuş torpaqlarımızda soydaşlarımıza qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə törədilmiş cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, təbii resurslarımiz talan olunmuş və XX yüzilliyin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Düşmənin yeni işğalçılıq siyasəti və növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan Respublikası öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuş, 2023-cü il sentyabrın 19-da işğal atlındakı ərazilərimizdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmış və 23 saat davam edən bu əməliyyat uğurla başa çatmış və rəşadətli Ordumuz qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü" kimi təsis edilmişdir. Bundan əlavə, Konstitusiyamızın bəyan etdiyi müddəalardan biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
“Konstitusiya və Suverenlik İli” ölkəmizin tərəqqisi naminə daha geniş üfüqlər açacaqdır.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri Prokurorluğun fəxri işçisi
Digər xəbərlər