NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Naxçıvanda keçirilən sertifikasiyada müəllimlərin uğuru: zəhmət və peşəkarlıq nəticə verdi

...

Xəbər verdiyimiz kimi, mayın 2-dən Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına start verilib. İmtahanlar Naxçıvan şəhərində 4 və 11 nömrəli tam orta məktəblərdə, eləcə də Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.

“Şərq qapısı” qəzetinin əməkdaşları imtahanlarda yüksək nəticə göstərən müəllimlərlə görüşərək həmsöhbət olub.

Şəkərabad kənd tam orta məktəbinin ingilis dili müəllimi Xatirə Əhmədova sertifikatlaşdırmanın test mərhələsində maksimum nəticə (60 bal) göstərib. O, bu uğuru  uzunmüddətli zəhmətin, məsuliyyətin və məqsədyönlü hazırlığın nəticəsində görür: “İmtahana hazırlıq dövründə qarşılaşdığım çətinliklərə baxmayaraq, ailəmin dəstəyi, özümə inamım və həmkarlarımın motivasiyası mənə güc verdi”. Xatirə müəllimə üçün əldə etdiyi nəticə hələ son deyil, əksinə, yeni uğurların başlanğıcıdır. Gələcəkdə daha böyük nailiyyətlər qazanmaq və cəmiyyət üçün faydalı şagirdlər yetişdirmək əsas məqsədlərindəndir.

20 illik pedaqoji təcrübəsi olan məktəbin digər müəllimi Əfruz Quliyeva isə bildirib ki,  sertifikatlaşdırma prosesi yüksək təşkilatçılığı, şəffaf və obyektiv yanaşması ilə seçilib. Onun üçün ən böyük uğur isə yetişdirdiyi şagirdlərin qazandığı nailiyyətlərdir: “İmtahan sualları müəllimlərin gündəlik dərs prosesində istifadə etdikləri bilik və bacarıqları ölçməyə yönəlib və bu baxımdan nəticələr müəllimin real peşəkarlıq səviyyəsini əks etdirir. Şagirdlərimin müxtəlif olimpiadalarda uğur qazanması, eləcə də ingilis dili və digər ingilisdilli ixtisaslar üzrə təhsillərini davam etdirməsi mənim üçün xüsusi qürur mənbəyidir. Bu, düzgün qurulan tədris prosesinin uzunmüddətli nəticə verdiyini göstərir”.

Bu uğura imza atan Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İlhamə Fərzəliyeva təəssüratlarını bizimlə bölüşərkən qeyd edib ki, əldə etdiyi nəticə illərlə davam edən zəhmətin və peşəsinə olan sevginin bəhrəsidir. Onun sözlərinə görə, müəllim üçün ən vacib məsələ işini vicdan və sevgi ilə yerinə yetirmək, daim öyrənmək və inkişaf etməkdir. İlhamə müəllimə hesab edir ki, təhsil yalnız dərs keçməkdən ibarət deyil. Əsas məqsəd şagirdə düzgün yanaşmaq, onu anlamaq və potensialını üzə çıxarmağa kömək etməkdir: “Müasir dövrdə təhsilverənlər daim öz üzərində işləməli, yenilikləri izləməli və inkişafı həyat tərzinə çevirməlidirlər”.

Maksimum nəticə əldə edən müəllimlər arasında Aytən Quliyeva da yer alıb. O, Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Artıq bir neçə dəfə sertifikatlaşdırma prosesində iştirak edən Aytən xanım bu imtahanda da yüksək nəticə göstərərək uğurlu nəticə əldə edib: “Sualların məzmunu gündəlik dərs prosesinə uyğun olub və bu da müəllimlərin real bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan yaradıb. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu uğurlar bir daha göstərir ki, müəllimin öz üzərində daim çalışması, yeniliklərə açıq olması və peşəsinə sevgi ilə yanaşması sonda yüksək nəticələrin də əldə etməsinə imkan yaradır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 05.05.2026 17:47