Yekaterinburqda tələbələr Qarabağın bərpası barədə...
15:06 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndər Heydər Əliyevin ölməz və işıqlı obrazı yaşayır. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizin dövlətçilik tarixində o qədər böyük yeniliklərə, nəhəng işlərə imza atıb ki, deyilən sözlər onun cahanşümul fəaliyyətini əhatə etməkdə acizdir. İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar düşünməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. İstər ölkəmizin tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz izlər qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. İşıqlı əməlləri ilə tarixə adını əbədi olaraq həkk etmiş nadir şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu Azərbaycan xalqının qürur və iftixar mənbəyinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu gənclərimiz üçün əbədi bir məktəbdir.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, müstəqil Azərbaycanın memarı və qurucusu, xalqının sevimli oğlu kimi qalıb. Ulu Öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində zaman-zaman böyük işlər görüb, uğurlu addımlar atıb. Heydər Əliyev işıqlı zəkası, biliyi, bacarığı ilə, uzaqgörən siyasəti ilə millətini bütün bəlalardan qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasına imkan verməyərək milli qurtuluşu, milli tərəqqini təmin edib. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verib.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, praqmatik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun malik olduğu imkanları bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı – zəfər tarixini. Prezident İlham Əliyevin Sərəncamı əsasında Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycanın bayramları sırasına daha bir möhtəşəm, unudulmaz tarix əlavə olundu. Bu tarixi xalqımız 30 ilə yaxın idi ki, səbirsizliklə gözləyirdi.
2020-ci il sentyabrın 27-də isə o tarixi gün yetişdi və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev qəhrəman oğullarımıza Vətən uğrunda “İrəli!” əmrini verdi. Tarixi torpaqlarımıza güclə yiyələnmək istəyən düşməni cəmi 44 gün ərzində “dəmir yumruğ”unun zərbəsi ilə qarşısında diz çökdürən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına zəfər sevinci yaşatdı, doğma yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın torpaq, yurd nisgilinə son qoydu.
Azərbaycan tarixinə qürurlu gün kimi yazılan Şuşa zəfərinin şad xəbərini qalib sərkərdə olaraq Şəhidlər Xiyabanından xalqımıza müjdələyən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də o gün bir oğul olaraq ata vəsiyyətini yerinə yetirməsindən keçirdiyi xoşbəxtlik hissini xalqımızla bölüşdü.
Bəli, Prezident İlham Əliyev əzmi, gücü, iradəsi sayəsində qarşısına qoyduğu milli prioriteti qətiyyətlə gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi, müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızı Qarabağ və Zəngəzurun ən uca zirvələrində dalğalandırdı, Azərbaycanı bütövləşdirdi. İndi isə qurucu lider İlham Əliyev daha bir milli prioriteti Böyük Qayıdışı gerçəkləşdirmək istiqamətində Qarabağ və Şərqi Zəngəzurda misilsiz bərpa quruculuq işləri görür. Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini Onun layiqli davamçısı Prezident İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə gerçəyə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq uğurlara imza atması isə müstəqil Azərbaycanın bünövrəsini qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən böyük töhfədir.
Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.
Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, Onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.
Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
Digər xəbərlər