Professor Edgar Biemer: Belə bir tədbirdə iştirak ...
14:04 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Vətən deyəndə əvvəlcə torpaq yox, şəhidlər, qazilər gəlir ağlıma. Çünki torpaq üçün candan keçən oğulları, onları böyüdən mərd anaları olmasaydı, Vətən də olmazdı. Torpaq qanla yoğurulanda Vətən olur. Bu torpaq Vətən olsun deyə neçə-neçə igid qəhrəmanın qanı tökülüb. Elə bu düşüncələrlə çatıram Şərur elinin Qarahəsənli kəndinə. Bu kənd qəhrəman oğulları ilə tanınır. Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimov, Vətən müharibəsində şəhadətə yüksələn Həsən Cəlilov, Həsən Quliyev, Vətən müharibəsi qaziləri Amil Məmmədov və Turan Kərimov bu torpağın yetirdiyi igidlərdəndir. Turan Kərimov 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutunu bitirərək Vətən savaşında iştirak edib. Sentyabrın 27-də başlayan haqq savaşımızda Talış kəndi istiqamətində döyüşüb. Sentyabrın 30-da düşmən hücumu zamanı hərbi texnikanın yanması nəticəsində yaralanıb. Mingəçevir şəhərində yerləşən xəstəxanada cəmi on gün müalicə olunduqdan sonra həkimlərin etirazına baxmayaraq, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşə qayıdıb. Vətən savaşının son günlərində qəlpə yarası alsa da, ordudan tərxis olunmayıb, müalicə olunaraq yenidən ordu sıralarına qayıdıb. Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşən Turan Kərimov 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən ağır travma almasına baxmayaraq, döyüş meydanını tərk etməyib. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatında da iştirak edib. Müsahibim həmin döyüşü belə xatırlayır: “Müharibədə qazandığımız qələbəni həzm edə bilməyən ermənilər yenə də təxribatdan əl çəkmir, dövlət sərhədində və gizləndikləri yerlərdə çaxnaşmalar yaradırdılar. Müzəffər Sərkərdəmizin göstərişi ilə başlanan əməliyyatda bizim taborun qarşısına qoyulan tapşırıq Ağdam rayonunun Canyataq kəndi ərazisində yerləşən terror qruplaşmasını məhv etmək idi. Vətən müharibəsində və sonrakı əməliyyatlarda olduğu kimi, bu tapşırığı da uğurla yerinə yetirdik. Cəmi 23 saat davam edən döyüşdə erməni silahlı qüvvələrinin bölmələri müqaviməti dayandıraraq ağ bayraq qaldırıb təslim oldu. Əyninə hərbi forma geyinib Vətənə sədaqət andı içən hərbçinin ən böyük arzusu Vətənini layiqincə qorumaqdır. Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgərinin illərdir, bir arzusu var idi – torpaqlarımız azad olsun. Biz xoşbəxt insanlarıq ki, dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən müqəddəs savaşda iştirak etdik və qalib ordu adını qazandıq”.
Antiterror əməliyyatında sağlamlığını itirən baş leytenant bu gün bədənindəki qəlpə izlərinin ona ağrıdan çox qürur hissi yaşatdığını deyir. Vətən müharibəsindəki qələbədən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları, antiterror əməliyyatından sonra isə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Bu gün azad Vətənin səmasında dalğalanan şanlı bayrağımıza baxanda Xocalıdan eşidilən uşaq gülüşlərini, Kəlbəcərin keçilməz yüksəklərində keşik çəkən Azərbaycan əsgərini görəndə bu torpaqlar uğrunda can verən, sağlamlığını itirən oğulları xatırlayırıq. Onlar heç vaxt unudulmayacaq. Hər səhər azad Vətənin başı üstündə doğulan Günəş, hər il Cıdır düzündə açan xarıbülbül bizə onları xatırladacaq. Necə ki bir qarış torpaq üçün can verən oğullar var, bu Vətən də var olacaq deyirik.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər