Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
London İqlim Həftəsi çərçivəsində keçirilən İqlim və Təmiz Hava Koalisiyasının İdarə Heyətinin iclasında çıxış edən COP29 Sədri Muxtar Babayev ilk Qlobal Yekun Qiymətləndirmənin nəticələrinə toxunaraq, metan və digər qeyri-karbon qazlarının emissiyalarının azaldılmasının vacibliyini vurğulayıb.
COP29 Sədrliyindən “Şərq qapısı” na bildirilib ki, Muxtar Babayev COP29 zamanı təqdim edilən “Təbii mənşəli tullantılardan metan emissiyalarının azaldılması üzrə Bakı Bəyannaməsi”nin artıq 65 ölkə tərəfindən dəstəkləndiyini və bu ölkələrin qlobal metan tullantılarının 50 faizindən çoxuna cavabdeh olduqlarını diqqətə çatdırıb.
Muxtar Babayev qeyd edib ki, növbəti milli iqlim planları – NDC-lər iqlim fəaliyyətində prioritetlərin və siyasi öhdəliklərin müəyyənləşdirilməsi baxımından həlledici rol oynayacaq.
COP29-un Sədri Bakıda razılaşdırılmış “Bakı Maliyyə Hədəfi”nə diqqət çəkərək, inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər olunmasının vacibliyini qeyd edib və bu istiqamətdə inkişaf etmiş ölkələri liderliyə çağırıb.
“NDC-lər beynəlxalq donorlar və özəl sektor üçün yaşıl investisiyalar istiqamətində yaşıl işıq ola bilər”, – deyə M.Babayev bildirib.
Muxtar Babayev Koalisiyanın COP29 Sədrliyinə və metanla bağlı bəyannaməyə verdiyi dəstəyə görə təşəkkür edib, gələcəkdə bu tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Günün ikinci yarısında London İqlim Həftəsi çərçivəsində keçirilən Dünya İqlim İnvestisiya Sammitində çıxış edən COP29 Sədri Muxtar Babayev iqlim fəaliyyəti sahəsində danışıqlar dövrünün başa çatdığını və icra mərhələsinin başladığını xüsusi vurğulayıb.
Qeyd edib ki, COP29 zamanı Bakı Maliyyə Hədəfi qəbul olunub. Eyni zamanda, yüksək etibarlı karbon bazarları üçün qaydalar razılaşdırılıb və 1 trilyon dollarlıq illik iqlim maliyyəsi hədəfi müəyyən edilib.
Muxtar Babayev vurğulayıb ki, bu yeni dövrdə ölkələr sözlərinə görə deyil, əməllərinə görə dəyərləndiriləcək və özəl sektorun iqlim maliyyəsinə cəlb olunması həlledici rol oynayacaq.
COP29 və COP30 sədrlikləri arasında “Bakıdan Belemə Yol Xəritəsi” hazırlanır. Bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik 1,3 trilyon dollar iqlim maliyyəsinin səfərbər olunması üçün konkret yollar təqdim edəcək.
Muxtar Babayev maraqlı tərəfləri bu prosesə qoşulmağa və töhfə verməyə çağırıb.
Digər xəbərlər