NAXÇIVAN :

29 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq səhnədə yeni uğuru

...

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyənin Van şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edib. Kollektiv festivalda iki tamaşa ilə çıxış edib və iki mükafata layiq görülüb. Səfərin təəssüratlarını “Şərq qapısı” ilə bölüşən teatrın direktoru Səyyad Məmmədov, aktrisa Əfqanə Ələsgərova və aktyor Sadiq Əliyev festivalın əhəmiyyətindən, təqdim etdikləri tamaşalardan və qazandıqları uğurdan danışıblar.

Teatrın direktoru Səyyad Məmmədov Naxçıvan Dövlət Kukla Teatrının festivalda ilk dəfə iştirak etdiyini və burada Naxçıvanla yanaşı, Azərbaycan mədəniyyətini də təmsil etdiklərini bildirib. Kollektiv festivalda Pərviz Seyidlinin “Killerdən teleqram” və Əfqanə Ələsgərovanın müəllifi olduğu “Səssiz fəryad” monotamaşalarını təqdim edib. “Killerdən teleqram” tamaşasında Killer obrazını canlandıran Səyyad Məmmədov festivalın yekununda “Ən yaxşı kişi aktyor” nominasiyasına layiq görülüb.

Direktor bu uğurun teatrın beynəlxalq səviyyədə tanınması və yeni yaradıcılıq əlaqələrinin qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, Van Şəhər Teatrı ilə Naxçıvan Dövlət Kukla Teatrı arasında beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb: “Bu əməkdaşlıq gələcəkdə qarşılıqlı səfərlərə və tamaşaların təqdimatına imkan yaradacaq. Artıq yeni beynəlxalq layihələr üzərində də çalışmağa başlamışıq”.

Səyyad Məmmədov qeyd edib ki, bu teatrın cari ildə Türkiyəyə ikinci səfərləridir. Bundan əvvəl kollektiv Ərzurumda olub, burada uşaqlar və böyüklər üçün tamaşalar nümayiş etdirib. Teatrın gələcək fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsi digər ölkələrin teatr mühitinin öyrənilməsi və əldə olunan təcrübənin yaradıcılıq prosesinə tətbiqi əsas istiqamətlərdən olacaq. Azərbaycan teatrının və milli dəyərlərin xarici ölkələrdə layiqincə təqdim edilməsinin də diqqətdə saxlanacağını bildirən direktor ilin sonunadək Türkiyədə uşaq və gənclərə həsr olunacaq daha bir böyük festivalda iştirak etməyi planlaşdırdıqlarını deyib.

Festivalda müəllifi olduğu “Səssiz fəryad” monotamaşası ilə çıxış edən aktrisa Əfqanə Ələsgərova “Ən yaxşı qadın aktrisa” nominasiyasına layiq görülməsini həm özü, həm də Naxçıvan Dövlət Kukla Teatrı üçün böyük uğur hesab edir. İlk dəfə Van şəhərində festival səhnəsinə çıxan aktrisa yüksək nəticə ilə geri qayıtmağın sevincini yaşadığını bildirib.

“Səssiz fəryad”ın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan Əfqanə Ələsgərova tamaşanın real həyatda yaşanmış hadisəyə əsaslandığını və oynadığı əsərlər arasında xüsusi yer tutduğunu bildirib.

Festivalda “Yeni Era” Uşaq və Gənclər Teatrının nümayəndəsi kimi iştirak edən aktyor Sadiq Əliyev isə “Yarım qalmış gənclik” tamaşasını təqdim edib. O, festivalın yaradıcılıq və peşəkar inkişaf baxımından faydalı təcrübə qazandırdığını qeyd edib: “Belə bir tədbirdə üçüncü dəfə iştirak edirəm. Festival həm yaradıcılıq inkişafını, həm də karyera baxımından əhəmiyyətli təcrübə oldu”.

Sadiq Əliyev tamaşanın festival iştirakçıları tərəfindən maraqla qarşılandığını bildirərək  gələcəkdə beynəlxalq festivallarda iştirakın və uğurlu tamaşaların sayının artırılmasının vacibliyini vurğulayıb.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 29.09.2026 17:19