Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması...
21:17 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikasında əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsallaşma prosesi sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub.
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin strukturuna daxil olan altsistemlər Naxçıvan Muxtar Respublikasında tam tətbiq olunur. Elektron xidmətlərin tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşların DOST mərkəzlərinin bütün xidmətlərinə əlçatanlığı, habelə “142” çağrı mərkəzinə müraciət imkanları təmin edilib. Elektron xidmətlər vasitəsilə vətəndaşlar sosial təminat, məşğulluq, əmək münasibətləri və reabilitasiya ilə bağlı müraciətlərini daha sürətli və şəffaf formada reallaşdıra bilirlər.
İşəgötürənlər tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilən vakansiyalar üzrə işsiz və işaxtaran şəxslərə elektron göndərişlərin verilməsi davam etdirilib. Cari ilin 9 ayında altsistem üzərindən verilən göndərişlər əsasında 1 929 nəfər işlə təmin olunub. Eyni zamanda Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına 817 nəfər cəlb olunub. Ümumi təhsil müəssisələrində əmək bazarının tələbləri, peşə seçimi və ixtisas istiqamətləri barədə 1 684 şagirdə peşəyönümlü məsləhət xidmətləri göstərilib.
Əmək münasibətlərinin elektron sənəd formasına keçidi çərçivəsində mühüm nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında dövlət orqanları, dövlət müəssisələri və publik hüquqi şəxslər üzrə əmək müqavilələrinin elektron formaya keçirilməsi 100 faiz təmin edilib. Ümumilikdə, 51 934 aktiv əmək müqaviləsindən 51 602-si (99,4 faiz) elektron qaydada imzalanıb.
Cari ilin 9 ayında imtiyazlı şəxslərə sanatoriya və istirahət evlərinə 217 yollayış təqdim olunub, əlilliyi olan şəxslərə isə 18 511 unikal reabilitasiya xidməti göstərilib.
Ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində 2 605 aztəminatlı ailə (11 598 nəfər ailə üzvü) sosial dəstəklə əhatə olunub. Bu məqsədlə, ümumilikdə, 10 milyon 441 min 189 manat vəsait ödənilib.
Nazirlik tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin vəziyyətinin öyrənilməsi məqsədilə 2023-cü ilin dekabr ayından vətəndaşların ünvanlarında maddi-məişət şəraitinin monitorinqinə başlanılıb. Ötən müddət ərzində 4 321 ailənin 16 447 ailə üzvünün mənzil-məişət şəraiti yoxlanılıb və aparılan təhlillər nəticəsində ehtiyacı müəyyən edilmiş 3 882 nəfər sosial müdafiə tədbirlərinə cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında şəffaflığın artırılması, rəqəmsal idarəetmənin inkişafı və sosial rifahın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Digər xəbərlər