NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan şəhərində “Ailə, məktəb və cəmiyyət” mövzusunda tədbir keçirilib

...

7 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən çətin tərbiyə olunan uşaqların aşkar edilməsi və onlarla korreksiya işinin aparılması məqsədilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib. “Şərq qapısı” xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli çıxış edərək bildirib ki, ailə, məktəb və cəmiyyət modeli uşaqların sağlam inkişafı üçün vacib olan birgə məsuliyyət sistemidir. Bu üç institutun qarşılıqlı və əlaqəli fəaliyyəti sağlam və uğurlu gələcəyin əsasını təşkil edir.
Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd valideyn, məktəb və şagird münasibətlərinin möhkəmləndirilməsi, ailə mühitinin uşağın psixoloji durumuna təsirinin öyrənilməsi, eləcə də məktəb psixoloqlarının fəaliyyətinin gücləndirilməsi və daha səmərəli təşkilinə nail olmaqdır.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Rahimə İbrahimova mövzunun aktuallığından bəhs edərək bildirib ki, məktəb yalnız bilik verən müəssisə deyil, həm də şəxsiyyət formalaşdıran mühüm sosial institutdur. Uşağın şəxsiyyət kimi formalaşması ailədə başlayır, məktəbdə inkişaf edir və cəmiyyətdə möhkəmlənir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Gülnur Məmmədzadə çıxışında qeyd edib ki, gələcəyimiz olan uşaqların hərtərəfli inkişafı üçün valideynlərin məktəblə sıx əməkdaşlığı vacibdir və bu əməkdaşlıq sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı broşürlər paylanılıb.

Nəşr edilib : 07.04.2026 15:44