Fərqanə Qasımova: Benefisiarların ifalarında musiq...
18:24 05.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanıb. Azərbaycan mediasının inkişafında xidmətlərinə görə təltif olunanlar sırasında Naxçıvan Teleradiosunun əməkdaşları da yer alıblar. Belə ki, Babayeva Təhminə Adil qızı və Allahverdiyeva Lalə Abbas qızı “Tərəqqi” medalı, Quliyeva Arzu Telman qızı isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.
Təltif olunan əməkdaşlardan Ədəbi-bədii verilişlər və müəllif proqramları redaksiyasının redaktoru Lalə Allahverdiyeva bu günü həyatının ən yaddaqalan və sevincli günlərindən biri kimi dəyərləndirir. O, “Şərq qapısı”na müsahibəsində bildirib ki, təltif olunduğu xəbərini böyük sevinc və qürur hissi ilə qarşılayıb. 21 illik əmək fəaliyyətinin belə yüksək qiymətləndirilməsi onun üçün xüsusi əhəmiyyət daşıyır: “Bu yüksək qiymətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan televiziyası və radiosunun, eləcə də doğma Naxçıvanımızın inkişafı naminə çalışmaq hər zaman mənim üçün böyük amal olub. Fəaliyyətim boyu mədəniyyətimizin, tariximizin və milli-mənəvi dəyərlərimizin təbliği və işıqlandırılması istiqamətində səylə çalışmış, hazırladığım verilişlərlə tamaşaçılarımızın maariflənməsinə az da olsa, töhfə verməyə çalışmışam. Bundan sonra da peşə fəaliyyətimi eyni sevgi və məsuliyyətlə davam etdirmək, yeni uğurlara imza atmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
1998-ci ildən televiziya sahəsində çalışan Təhminə Babayeva da əməyinə verilən bu yüksək qiyməti böyük sevinc hissi ilə qarşılayıb. O, əmək fəaliyyəti dövründə televiziyanın müxtəlif redaksiyalarında redaktor və baş redaktor vəzifələrində çalışıb. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. 2015-ci ilin mart ayında mətbuat sahəsindəki xidmətlərinə görə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan müsahibimiz həmin ilin iyul ayında “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2024-cü ildən isə VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Təhminə Babayeva qeyd edir ki, uzun illər çalışdığı sahədə fəaliyyətinin növbəti dəfə yüksək qiymətləndirilməsi onun üçün olduqca əlamətdar hadisədir. Göstərilən diqqət və etimad gələcək fəaliyyətində də məsuliyyətlə çalışmağa, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə əlavə stimul verir.
Artıq 33 ildir, radio sahəsində çalışan Arzu Quliyeva isə bu təltifi uzunillik zəhmətinə verilən yüksək qiymət kimi dəyərləndirir. Naxçıvan Teleradiosunun Radio verilişləri redaksiyasında səs rejissoru vəzifəsində çalışan müsahibimiz sevincini belə ifadə edib: “Çox sevincliyəm, eyni zamanda böyük həyəcan keçirirəm. Artıq 33 ildir ki, radio sahəsində çalışıram. Bu illər ərzində radio mənim üçün doğma bir sahəyə çevrilib. Əməyimin belə yüksək qiymətləndirilməsi məni olduqca qürurlandırır. Başda cənab Prezident olmaqla mənə dəyər verən, fəaliyyətimi qiymətləndirən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat mənim üçün uzun illərin zəhmətinə verilən böyük qiymətdir”.
Naxçıvan Teleradiosunun əməkdaşlarının dövlət təltiflərinə layiq görülməsi təkcə onların fərdi əməyinə verilən yüksək qiymət deyil, eyni zamanda milli televiziya və radio ənənələrinin yaşadılmasına, inkişafına töhfə verən insanların fəaliyyətinə göstərilən diqqətin ifadəsidir. Bu təltiflər həm də sözə, sənətə, efirə və tamaşaçı-dinləyici auditoriyasına sədaqətlə xidmət edən media nümayəndələrinin əməyinə verilən dəyərin təzahürüdür.
Biz də “Şərq qapısı” qəzetinin kollektivi adından təltif olunan həmkarlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq.
Səmayə RƏHİMQIZI
Digər xəbərlər