Türkiyənin Afyonkarahisar vilayətində silahlı hücu...
20:49 05.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən inklüziv konsert proqramında Əməkdar artist Fərqanə Qasımova da iştirak edib. Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının musiqi ifaları ilə yaddaqalan tədbirdə sənətçi onların səhnə çıxışlarını izləyib, təəssüratlarını bölüşüb.
Fərqanə Qasımova benefisiarların ifaçılıq bacarıqları, musiqiyə olan sevgiləri və konsert proqramı ilə bağlı təəssüratlarını “Şərq qapısı” ilə bölüşüb: “Naxçıvana dəfələrlə gəlmişəm. Hər dəfə gələndə elə bilirəm ki, ilk dəfə gəlirəm. Çünki hər gəlişimdə Naxçıvana yenidən aşiq oluram. Bu dəfə də burada olmaq, belə gözəl və duyğulu bir tədbirdə iştirak etmək mənim üçün çox xoşdur. Dünəndən benefisiarlarla birlikdə məşqlərdə iştirak edirəm. Onların necə böyük həvəslə hazırlaşdıqlarını, hər bir mahnıya necə sevgi və məsuliyyətlə yanaşdıqlarını görürəm. Məşqlər zamanı onların ifalarına, səhnəyə çıxmaq istəyinə, musiqiyə bağlılığına şahid oldum. Hər birinin ifasında çəkdiyi zəhməti, göstərdiyi əzmi hiss etmək mümkündür. Düşünürəm ki, konsertimiz çox gözəl keçdi. Benefisiarların hər biri öz çıxışını böyük həvəslə və peşəkar səviyyədə təqdim etdi. Onların səhnədə özlərini ifadə etmələri, tamaşaçılarla duyğularını bölüşmələri, alqışlarla qarşılanmaları olduqca sevindiricidir. Ən əsası isə onların gözlərindəki sevinc və xoşbəxtliyi görməkdir. Bu gün burada hər bir benefisiarın ifası, səhnədəki varlığı və musiqiyə olan sevgisi bizə çox gözəl duyğular yaşatdı”, – deyə Əməkdar artist bildirib.
Əməkdar artist benefisiarların hər birini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sənətçi onların istedadlarının inkişafı, yaradıcılıq imkanlarının genişlənməsi və yeni səhnələrdə çıxış etmələrinin vacibliyini qeyd edib.
Elnurə CƏFƏROVA
Digər xəbərlər