Milli Məclis komitələrinin birgə iclasında 2027-ci...
19:40 05.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
Noyabrın 5-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan inklüziv konsert proqramı təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri, blogerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub.
Konsert proqramında mərkəzin musiqi terapiyası bölməsinin benefisiarlarının ifasında “Sən qalibsən”, “Azərbaycan”, “Vətənimə qurbanam”, “Zəfər mahnısı” və digər musiqi nömrələri təqdim edilib. İfaçıları Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarından ibarət və bədii rəhbəri Gülafər Məhərrəmova olan Mahnı və Rəqs Ansamblı müşayiət edib.
Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova “Ürəklərə bağlıyam” mahnısını ifa edib. İlk dəfə tamaşaçılar qarşısında ifa edilən bu mahnı hərarətli alqışlarla qarşılanıb. Daha sonra tanınmış ifaçı mərkəzin benefisiarları ilə birlikdə “Qarabağ” mahnısını səsləndirib.
Sosial həssas qruplardan olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına və istedadlarının geniş ictimaiyyətə tanıdılmasına xidmət edən konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanaraq alqışlarla müşayiət olunub.
Digər xəbərlər