NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvan yaş barama istehsalının artım tempinə və səmərəliliyinə görə ölkədə birinci olub

...

"Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə ənənəvi sahələrin daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlığın əldə olunması mühüm hədəflərdən biri kimi müəyyən edilib. Dövlət Proqramında nəzərdə tutulan prioritetlər son illərdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamı kimi çıxış edir. Belə tədbirlərdən biri olan baramaçılıq fəaliyyətinə muxtar respublikada üç il əvvəl pilot layihə kimi başlanılıb. Həyata keçirilən sistemli tədbirlər nəticəsində isə bu sahəyə maraq və məhsuldarlıq ildən-ilə artır. Görülən tədbirlərin nəticəsidir ki, 2024-cü ildə ilk dəfə muxtar respublikaya 30 qutu ipəkqurdu toxumu gətirilib və ilkin mərhələdə 1119 kiloqram məhsul əldə edilib. 2025-ci ildə isə gətirilən toxumun həcmi 40 qutuya çatdırılıb və məhsuldarlıq artaraq 1757 kiloqrama yüksəlib ki, bu da 17 faiz artım deməkdir".

Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə deyib.

O qeyd edib ki, dinamik artım tempinin davamı olaraq, 2026-cı il mövsümündə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib, barama istehsalı uğurlu göstəricilərlə başa çatdırılıb və ümumilikdə, 2880 kiloqram yaş barama istehsal edilib. Cari ilin bu uğurlu nəticəsi 2025-ci ilin istehsal göstəriciləri ilə müqayisədə 31,1 faiz artım deməkdir. Barama istehsalında bir qutudan orta hesabla 110 kiloqram məhsul əldə edən Şahbuz rayonunun Ayrınc kəndi muxtar respublika üzrə birinci, 103 kiloqram göstərici ilə Babək rayonunun Şıxmahmud kəndi isə ikinci yeri tutub.

Rübabə Hüseynzadənin sözlərinə görə qazanılan bu yüksək məhsuldarlıq sayəsində Naxçıvan Muxtar Respublikası yaş barama istehsalının artım tempinə və səmərəliliyinə görə bir qutu üçün ortalama hesabla 57,6 kiloqram olmaqla ölkə üzrə birinci yerdə qərarlaşıb: "2026-cı ilin istehsal göstəricilərinin rayonlar üzrə təhlili göstərir ki, muxtar respublikanın bütün bölgələrində kümçülər mövsümü yüksək uğurla başa vurub. Belə ki, hesabat dövründə Şərur rayonu üzrə 577,88 kq, Ordubad rayonu üzrə 565,1 kq, Babək rayonu üzrə 555,72 kq, Kəngərli rayonu üzrə 395,3 kq, Culfa rayonu üzrə 276,1 kq, Şahbuz rayonu üzrə 229 kq, Sədərək rayonu üzrə 195,4 kq və Naxçıvan şəhəri üzrə 85,5 kq yaş barama istehsal edilərək emal olunması üçün Azərbaycan Respublikasının Şəki şəhərində yerləşən “Azəripək” ASC-yə göndərilib".

"Baramaçılıqla məşğul olan istehsalçıların fəaliyyətini stimullaşdırmaq məqsədilə dövlət tərəfindən dəstək mexanizmi formalaşdırılıb. Müəyyən olunmuş qaydalara əsasən hər kiloqram yaş baramaya görə dövlət tərəfindən kümçülərə 6 manat subsidiya ödənilir. Bununla yanaşı, məhsulu satınalan şirkət tərəfindən hər kiloqram üçün 5 manat məbləğində ödəniş həyata keçirilir.  Baramaçılıq qısa müddət ərzində ailə təsərrüfatlarına ən sürətli və yüksək gəlir qazandıran, yerli məşğulluğu təmin edən və muxtar respublika üçün yüksək rentabelli olan strateji bir aqrar sahə kimi öz səmərəliliyini növbəti dəfə sübut edib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təsdiqlədiyi aqrar sahənin inkişafı ilə bağlı 2026-2030-cu iləri əhatə edən Dövlət Proqramı növbəti illərdə bu sahənin daha genişləndirilməsinə təkan verəcək", – deyə nazirliyin rəsmisi əlavə edib.

Nəşr edilib : 02.07.2026 14:12